Elçin Mirzəbəyli: “Ermənistanda söz və fikir azadlığı ilə bağlı son dövrdə ciddi problemlərin yaranması, təbii ki, diasporun da Paşinyana münasibətini dəyişdi”
Xaricdəki erməni diasporu Nikol Paşinyan hakimiyyətinə növbəti dəfə inamsızlığını açıq şəkildə ortaya qoyub. Bir vaxtlar Ermənistanda mövcud olan hakimiyyətlərə ciddi maliyyə dəstəyi göstərən ABŞ-ın erməni icması öz münasibətilə Paşinyanı məyus edib.
Məlum olduğu kimi, Ermənistanın baş naziri N.Paşinyanın həyat yoldaşı Anna Akopyan ABŞ-a səfəri çərçivəsində Bostonun erməni icması ilə görüşüb. Bostonun erməni icması A.Akopyanın başçılıq etdiyi “Gülüşlər şəhəri” fonduna 150 min dollar ianə verib. Akopyanın növbəti dilənçilik fəaliyyətinin bu cür nəticələnməsi Ermənistan cəmiyyətinin özündə də birmənalı qarşılanmayıb.
Bostondakı erməni icmasının Akopyana 150 min dollar ianə verməsi onların Paşinyan hakimiyyətinə inamsızlığının, etimadsızlığının nəticəsi ola bilərmi?
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli mövzunu “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, hazırda xaricdəki erməni diasporu, ümumiyyətlə, Paşinyana inanmır və inamsızlığının növbəti nümunəsi Bostondakı olaydır. “Bu təkcə Paşinyana deyil, bütövlükdə, Ermənistanın siyasi sisteminə etimadsızlığın göstəricisidir. Əslində, bu çatlar çoxdan yaranıb. Sarkisyan dövründə də müəyyən çatlar baş vermişdi. Ancaq Paşinyanla bağlı məsələdə bu çat daha da dərinləşdi. Çünki Paşinyanın məqsədlərindən biri də diasporu ölkə siyasətindən uzaqlaşdırmaq idi. O hesab edirdi ki, köhnə komanda ilə daha yaxın olan diaspor qurumları onun fəaliyyətinə ciddi maneə yaradacaqlar. Baxmayaraq ki, diaspor müəyyən qədər Paşinyanın hakimiyyətə gəlməsinə dəstək verməyə cəhd göstərib. Lakin bu proses ərzində verdiyi bəyanatların heç birini yerinə yetirməməsi, vədlərin icra olunmaması, Ermənistanda söz və fikir azadlığı ilə bağlı son dövrdə ciddi problemlərin yaranması, təbii ki, disaporun da Paşinyana münasibətini dəyişdi”.
E.Mirzəbəyli bir məqamı da vurğuladı ki, Ermənistanda, faktiki olaraq, Paşinyanın son qərarları ilə mətbuata və sosial şəbəkələrə nəzarət funksiyası milli təhlükəsizlik strukturlarına verilib. Bu isə total şəkildə söz və fikir azadlığı üzərində nəzarətin həyata keçirildiyinin sübutudur. E.Mirzəbəylinin sözlərinə görə, bütün bunlar Paşinyanın diktaror mahiyyətini ortaya qoyan bir amildir: “Bu baxımdan, şübhəsiz ki, diaspor öz münasibətini göstərdi. Baxmayaraq ki, Bostonda keçirilən görüşdə Akopyan tərəfindən kifayət qədər “göz yaşı” töküldü, “timsah göz yaşları”. Burada Azərbaycan torpaqlarında ölən ermənilər haqqında danışıldı, onların mənasız yerə öldüyü bildirildi, lakin göründüyü kimi, burada heç bir nəticə hasil olmadı. Bu isə artıq Bostondakı erməni icmasının, diasporunun Paşinyan hakimiyyətinə tamamilə inamının azaldığını nümayiş etdirir”.
İradə SARIYEVA