Ermənistan müdafiə naziri David Tonoyan son müsahibəsində yenidən Azərbaycanı hədələyib. Onun sözlərinə görə, Azərbaycana elə gəlir ki, qələbələr və ya ərazilər barədə məsələdə üstünlüyə malikdir: “Belə bir üstünlüyə malik deyillər və olmayacaqlar".
Əvvəlki təxribatçı açıqlamalarına sadiq qalan Tonoyan hər hansı bir fəaliyyət fonunda ordumuzla bizim ərazimizdə qarşılaşacaqlarını iddia edib. Tonoyan burada rəqibin ərazisi dedikdə bunun işğal altında olan ərazilərdən kənar ərazilər olduğunu nəzərdə tutur. Yəni Tonoyan "yeni ərazilər üçün yeni müharibə" utopiyasından imtina etmək fikrində deyil. Erməni jurnalistin "niyə sülh deyərkən mənfi şeyləri qəbul edirik" sualına Tonoyan belə cavab verib: "Cəmiyyətdə bəzi insanlar 1994-cü ilə qədər atəşkəs təsdiq edilənədək nə baş verdiyini bilmirlər. İnsanlar tez-tez bizim harada olduğumuzu, hansı problemləri həll etdiyimizi, hansı missiyamızın olduğunu bilmirlər... İnsanlar bəzən qonşu ölkələr tərəfindən həyata keçirilən informasiya siyasətinin təsirinə məruz qalırlar. Azərbaycan çox güclü və qüdrətli olduğunu iddia edir. Azərbaycana elə gəlir ki, qələbələr və ya ərazilər barədə məsələdə üstünlüyə malikdir. Belə bir üstünlüyə malik deyillər və olmayacaqlar".
Hücum bölmələrinin sayının artırılması haqqında danışarkən Tonoyan qeyd edib ki, rəqib ərazisində döyüş əməliyyatları həyata keçirə bilərlər. O daha detallı izah edərək bildirib ki, bunlar rəqiblə onun ərazisində üz-üzə gələ biləcək, xüsusi əməliyyatlar həyata keçirən bölmələrdir: “Növbəti dəfə bu kimi addımlar atmaması üçün rəqibi susduracağıq. Söhbət qeyri-standart addımlardan gedir. Zərurət olduğu halda bizim hücum döyüş qruplarımız düşmən arxasında çaxnaşma yarada bilərlər”.
Qeyd edək ki, D.Tonoyanın bu müsahibəsinə Bakıdan Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı cavab verib: “Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir. Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi Yerevanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir. İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları Nikol Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və D.Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir. Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”.
Ermənistan müdafiə nazirinin son bəyanatı təsdiq edir ki, Paşinyan hökuməti Qarabağ məsələsində yeni kusr götürüb. Azərbaycanın səsləndirdiyi bəyanatlara dərhal avantüra ilə cavab verib, bizi söz atışmasına cəlb etmək niyyətini güdür. Ancaq, əslində, məsələnin kökündə onların qorxu içində olmaları durur. Bu günlərdə ölkə başçısı İlham Əliyevin xüsusi təyinatlı hərbçilərlə görüşdə səsləndirdiyi “müharibə hələ qurtarmayıb, onun yalnız birinci mərhələsi bitib” fikrinə də Ermənistandan kəskin reaksiyalar oldu. Tonoyanın bu açıqlamasını da Azərbaycanın lazım gəlsə müharibəyə əl ata biləcəyi ilə bağlı verilən açıqlamaya cavab xarakterli saymaq olar. Tonoyanın açıqlamasına rəsmi cavab verilib. Ancaq maraqlıdır, bu barədə müstəqil ekspertlər nə düşünürlər? Tonoyanın dediyi kimi, düşmənin bizim ərazilərimizdə çaxnaşa yaratmaq kimi imkanları varmı, yoxsa bu, növbəti blefdir?
Hərbi ekspert Azad İsazadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə isterik bəyanatların Ermənistanda səslənməsinin bizim Prezidentin xüsusi təyinatlı qüvvələrlə görüşdən sonraya təsadüf etməsi maraqlıdır: “Bilirsiniz ki, bizim xüsusi təyinatlıların başlıca funksiyası düşmənın arxasına keçib orada müəyyən tapşırıqları yerinə yetirməkdən ibarətdir. Tonoyan isə bizə ərazimizdə terror, diversiya törədə biləcəkləri ilə hədə gəlir. Bir növ, demək istəyir ki, bizdə də belə qüvvələr var. Bunun bir tərəfi informasiya müharibəsinə aiddir. Ancaq bizim ataların yaxşı bir misalı da var: şər deməsən, xeyir gəlməz. Bir anlıq təsəvvür edək ki, ermənilərin də belə qüvvələri var. Ancaq məsələyə iki aspektdən yanaşmalıyıq. Bir var dinc əhalinin içinə gizli yolla keçib terror törətmək, bir də var təmas xəttində kəşfiyyatçı dəstələrin qoşunlarımızın arxasına keçib hansısa təxribatı törətməsi. Bunların hər ikisini hərbi kəşfiyyat təşkil edə bilər. Ermənilərin mülki əhali arasında terror törətmək vərdişləri var. Onlar terrora meylli millətdirlər. Hətta onların müstəqil ordusu formalaşmamışdı, ancaq bir neçə terror hadisəsi törədə biliblər. 20-ci əsr ərzində onlar dünyada bir çox terror aktı həyata keçiriblər. Qarabağ problemi başlayanda Azərbaycanda da belə aktlar olub. Avtobusda, metroda partlayış ediblər. Təbii ki, bu istiqamətdə zəif yerimizi tapmağa çalışırlar. Amma Azərbaycanın xüsusi xidmət orqanlarının sayıqlığı buna imkan vermir və verməyəcək də”.
Ekspertin sözlərinə görə, təmas xətində də bu işlə bizim əks-kəşfiyat orqanları məşğul olurlar: “Bizim hərbi hissələrin hər birində əks-kəşfiyyat qurumlarının təmsilçiləri var. Onlar hətta Müdafiə Nazirliyinə belə tabe deyillər. Yadınıza gəlirsə, aprel döyüşlərindən sonra böyük bir casus şəbəkəsi ifşa edildi. Bax bu, həmin qurumların ayıq-sayıqlığı nəticəsində oldu. Düşmən kəşfiyyatı belə satqınlardan istifadə edib uğur qazana bilər. Görülən tədbirlər göstərir ki, bizim hərbi hissələrdə bu istiqamətdə ciddi iş aparılır. Bununla bağlı cəbhə zonasındakı mülki əhali arasında da ciddi işlər aparılmalıdır. Əminəm ki, bu istiqamətdə bizim hazırlıqlarımız lazımi səviyyədədir və ermənilər Tonoyanın dediklərini həyata keçirə bilməzlər. İstəkləri, niyyətləri ola bilər, ancaq ordumuz və xüsusi xidmət orqanlarımız buna imkan verməz”.
Məhəmmədəli QƏRİBLİ