Beynəlxalq Mətbuat Mərkəzində Fransanın “Opinion Way” şirkətinin rəhbəri Brüno Janbar Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində keçirilən rəy sorğusunun nəticələrini elan edib.
“Bakı-Xəbər”in məlumatına görə, sorğu Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə keçirilib.
Konfransda çıxış edən B.Janbar bildirib ki, 11 aprel 2018-ci il tarixində Azərbaycanda prezident seçkiləri keçirilib: “Seçkilərdə cənab İlham Əliyev seçici səslərinin 86,03 faizini qazanaraq ölkə rəhbəri seçildi. Şirkət olaraq Prezident İlham Əliyevin 1 illik prezidentlik müddətini qiymətləndirmək məqsədilə 2019-cu ilin fevral-mart aylarında Azərbaycan ərazisində 2000 respondent arasında ictimai rəy sorğusu həyata keçirdik. Sorğuda iştirak edəcək respondentlərin müəyyənləşdirilməsi çoxmərhələli seçmə metodologiyası əsasında aparılıb. “Ölkədə baş verən müsbət dəyişikliklərdən hansılarını Prezident İlham Əliyevin fəaliyyətinin uğuru kimi dəyərləndirirsiniz” sualına cavab verən respondentlər əsas 5 dəyişiklik kimi ölkədəki sabitliyi (80,1%), idmanın inkişafını (61,4%), ölkənin müdafiə qabiliyyətini, ordunun güclənməsini (58,4%), əhalinin güzəranının yaxşılaşmasını, əməkhaqları, təqaüdlər, müavinətlərin atmasını (57,8%), təhsil və səhiyyənin əlçatanlığını (52,0%) qeyd ediblər. Prezident İlham Əliyevin seçkiqabağı verdiyi vədlərin yerinə yetirilməsini qiymətləndirən respondentlərdən 26,2 faizi hamısının yerinə yetirildiyini, 49,4 faizi çox hissəsinin, 14,4 faizi vədlərin ancaq bir hissəsinin yerinə yetirildiyini, 5,8 faizi vədlərin yerinə yetirilmədiyini, 4,2 faizi isə cavab verməyə çətinlik çəkdiklərini qeyd ediblər. Sorğuya cəlb olunan respondentlərin 85,1 faizi Prezident İlham Əliyevin fəaliyyətini “müsbət”, 6,8 faizi “mənfi” kimi qiymətləndirib, 8,1 faizi isə suala cavab verməyib. Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi korrupsiya əleyhinə mübarizə tədbirləri də cəmiyyət tərəfindən təqdir olunub. Bu suala respondentlərin 45,3 faizi “razıyam”, 30,3 faizi “qismən razıyam”, 20,3 faizi “razı deyiləm”, 4,1 faizi isə “dəqiq bilmirəm” cavablarını verib”.
Şirkət rəhbəri əlavə edib ki, sorğuda iştirak edən respondentlərin 51 faizini qadınlar, 48 faizdən çoxunu isə kişilər təşkil edib.
Sorğunu keçirən qurumun rəhbəri, həmçinin, bildirib ki, Prezidentin xarici siyasətinə respondentlərin 73,9 faizi "əla", 16 faizi "kafi", 2,4 faizi "pis" münasibət bəslədiklərini qeyd ediblər. Respondentlərin 7,7 faizi dəqiq bilmədiklərini söyləyib.
Respondentlərin 72,3 faizi düşünür ki, Prezident İlham Əliyevin qəbul etdiyi "Regionların inkişaf proqramı" və onun bölgələrə diqqəti nəticəsində regionlarımız inkişaf edib. 20,8 faizi "qismən inkişaf edib", 4,7 faizi "inkişaf etməyib", 2.2 faizi isə "dəqiq bilmirəm" cavabını verib.
Göründüyü kimi, “Opinion Way”ın sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir.
Məhəmmədəli QƏRİBLİ