Bəzi KİV-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keşmiş sədri, məşhur ilahiyyatçı-alim Rafiq Əliyevlə bağlı maraqlı məlumat yayılıb. Həmin məlumatda iddia edilir ki, Dubayda yaşayan iş adamı İsa Məhəmməd Salihin oğlu ilə sabiq komitə rəhbəri arasında biznes qalmaqalı mövcuddur.
Bildirilir ki, İsa da ilahiyyatçı alimdir və 1996-cı ildə namizədlik dissertasiyasını müdafiə edib. Elmi rəhbəri isə Rafiq Əliyev olub. Elə həmin vaxt tərəflər Bakı İslam Universitetinin (hazırda İlahiyyat İnstitutu) tələbələri üçün yataqxana tikintisi barədə razılığa gəliblər. Yeni layihədə paylar haqqında danışılıb və bu işdən gəlir götürmək də nəzərdə tutulub. Tərəflərin öhdəlikləri 14 iyun 1997-ci ildə imzalanmış müqavilədə öz əksini tapıb: “İşin bitdiyini hesab edən İsa vətəninə yollanıb və əmin olub ki, “POWELLINDASTRIES Gmbh” şirkətinin timsalında Azərbaycan tərəfi obyekti müqaviləyə uyğun tikib istifadəyə verəcək. Ərəb tərəfi yalnız vaxtlı-vaxtında maliyyə dəstəyi göstərməli idi. Şirkətə rəsmi olaraq Rafiq Əliyevin qızı başçılıq etsə də, bütün məsələləri Dövlət Komitəsinin keçmiş sədri özü həll edirdi.
Dubaylı iş adamının 1,6 milyon dollarlıq obyektin yerində yataqxana əvəzinə otelin tikildiyini bilib-bilməməsini söyləmək çətindir. Lakin müqavilədə “İrşad” islamşünaslıq tədqiqatları mərkəzi kimi göstərilir. Əslində isə elə ilk günlərindən o, otel kimi fəaliyyət göstərməyə başlayıb.
Düzdür, iki il ərzində ərəb iş adamı mütəmadi olaraq gəlirdən öz payını alıb. Bu müddət ərzində onun hesabına 190 min dollar köçürülüb. Lakin 2002-ci ildən bu ödənişlər dayanıb, o vaxtdan Əliyevin telefonu da dubaylı iş adamının üzünə bağlanıb.
İsa Məhəmməd Salih Bakıya gələrək məsələləri burada həll etmək istəyib, lakin onu başa salıblar ki, bu cür yüksək vəzifəli adamla münaqişəyə girməyə dəyməz.
Sonradan iş adamının oğlu Rafiq Əliyevlə görüşmək fikrinə düşüb. Lakin Əliyev qonağın dalınca maşın göndərəcəyinə söz versə də, sonradan zənglərə cavab verməyib. Bir qədər sonra DİN-ə verilmiş ərizənin nəticəsi olaraq iş adamını oğlu ilə birlikdə qəbul etmiş müstəntiq Fikrət Məmmədov da telefon zənglərinə cavab verməyib. İlk zəngdən sonra şikayətçiyə bildirilib ki, Rafiq müəllimlə danışıblar və tezliklə bütün anlaşılmazlıqlar həll ediləcək. Lakin sonradan əlaqə kəsilib”.
Çox maraqlıdır ki, qeyd edilən məlumatda qarşı tərəf kimi Rafiq Əliyevin mövqeyi yoxdur. Biz müxtəlif vasitələrlə Rafiq Əliyevlə əlaqə saxlamağa çalışdıq. İstər sosial şəbəkədəki hesabı üzərindən ona olunan müraciətimiz , istərsə də etdiyimiz telefon zəngləri cavabsız qaldı. Məcbur qalıb adı bu qalmaqalda hallanan “İrşad” otelin özü ilə əlaqə saxladıq. Zəngimizə özünü otelin baş meneceri kimi təqdim edən Tural adlı şəxs cavab verdi. Menecer bildirdi ki, mediada səslənən bu tip ittihamlara onların cavab vermək səlahiyyəti yoxdur: “Belə bir səlahiyyətə yalnız otelin sahibi malikdir. Biz yalnız oteldəki xidmətlərlə bağlı olan hər hansı məsələni cavablandıra bilərik”.
Otelin müdirinin kim olduğunu soruşduq. Menecer R.Əliyevin adını çəkdi. Belə olan təqdirdə onunla əlaqə yaratmaqda bizə köməklik göstərməsini xahiş etdik. Menecer bizdən təmsil olunduğumuz KİV-in adını və əlaqə nömrəmizi götürdü və lazım olsa R.Əliyevin özünün bizimlə əlaqə saxlayacağını bildirdi. İş gününün sonuna qədər gözləsək də, hörmətli R.Əliyevdən bir səs çıxmadı. Əslində, bəzi KİV tərəfindən tirajlanan bu cür sərt ittihamla bağlı R.Əliyevin özü münasibətini bildirməkdə maraqlı olmalıdır. Ancaq onun nümayiş etdirdiyi susqun və mediadan yayınma mövqeyi bizi təəccübləndirdi. Çünki bəzən susmağı başqa əlamət kimi də qəbul edə bilərlər…
Güman edirik ki, yaxın günlərdə əlaqədar şəxslər məsələyə aydınlıq gətirməklə, ən azı, Azərbaycan dövlətinin adına, imicinə uyğun olmayan söz-söhbətlərin qarşısını alacaqlar.
Məhəmmədəli QƏRİBLİ