Birmənalı həqiqətdir ki, aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb, ölkəmiz yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən bir çox hadisələrə də artıq təsir göstərmək imkanı qazanıb. Məhz bu vəziyyətdə dünyanın siyasi, iqtisadi güc mərkəzlərinin Azərbaycanla əməkdaşlığa daha çox meyllənməsi, ölkəmizin mövqeləri ilə hesablaşdıqları da aydın müşahidə olunur. Proseslərin bu səpkidə inkişafından xüsusi narahatlıq duyan tərəflərdən biri isə işğalçı Ermənistandır.
İrəvanda çox açıq şəkildə müşahidə edilir ki, Bakının getdikcə güclənən beynəlxalq mövqeyinə nəinki Ermənistan, heç indiyə qədər onun əsas dayaq nöqtəsi olan erməni lobbisi də davam gətirə bilmir. Əksinə, ermənilərin dünya miqyasında mövqeyi Azərbaycanın apardığı xarici siyasət nəticəsində daha sürətlə məhv olur. Məhz bu durumda Dağlıq Qarabağ münaqişəsi ilə də ilgili Azərbaycan Ermənistan üzərində diplomatik qalibiyyətlərinin sayını artırır. Hazırda qeyd olunan xüsusda Ermənistanda böyük narahatlıq predmetinə çevrilən məqamlardan biri də Avropa İttifaqının prosesə münasibətidir. Qurumun mövqeyini Ermənistanda böyük əksəriyyət İrəvanın Bakıya məğlubiyyətinin real təzahürü qismində qəbul edir.
Xatırladaq ki, Avropa İttifaqı Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük önəm verir. Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclası da bunun növbəti təsdiqi oldu. İclasdan bir daha bəlli oldu ki, enerji və nəqliyyat məsələlərilə yanaşı, Avropa İttifaqı təhlükəsizlik, terrorizmə və ekstremizmə qarşı mübarizədə ölkəmizlə əməkdaşlıqda maraqlı tərəf kimi çıxış edir. Eyni zamanda, Azərbaycan üçün kifayət qədər həssas olan Dağlıq Qarabağ məsələsində də qurum ölkəmizin mövqeyini tam şəkildə dəstəkləyir. Brüssel bildirir ki, münaqişə ilə bağlı status-kvonun saxlanması uzun çəkə bilməz və beynəlxalq hüquqa uyğun siyasi həll tapmaq vacibdir. Eyni zamanda, bundan öncə Avropa İttifaqı bir məqamı da qeyd edib ki, Qarabağ məsələsi üzrə sülh danışıqları indiki formatda davam etdirilməlidir. Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Brüsseldə bu xüsusda tam açıq mətnlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair aparılan danışıqların formatı dəyişməməlidir: “Yeni format yaratmaq yox, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlərin müzakirə edildiyi mövcud danışıqlar formatının qorunub saxlanması vacibdir. Münaqişənin həllində Avropa İttifaqının dəstəyinə gəlincə, biz etimadın qurulması tədbirlərini və bütövlükdə regionda, xalqlar arasında əməkdaşlığı dəstəkləyə bilərik. Bunun üçün müəyyən imkanlar var. Təbii ki, bu, vaxt aparan prosesdir”. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini münaqişənin nizama salınması prosesində ərazi bütövlüyünün mühüm amil olduğunu bildirib. Avropa İttifaqı Şurasının sədri Donald Tusk isə münaqişə ilə bağlı qeyd edib ki, status-kvo uzun müddət qala bilməz və münaqişə beynəlxalq hüquq prinsipləri çərçivəsində öz siyasi həllini tapmalıdır, danışıqların formatının dəyişdirilməsi isə mümkün deyil. Məhz belə vəziyyət Ermənistanda getdikcə daha böyük şok effekti yaratmaqdadır. Məsələyə yenidən nəzər salan Ermənistanın sabiq hakim partiyası olan Respublika Partiyasının sədr müavini Armen Aşotyan Brüsseldə Moqerini-Məmmədyarov həmsədrliyi ilə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasının keçirilməsinə diqqət çəkərək, bu iclasın nəticələrinin Ermənistanda diqqət mərkəzində olmasının vacibliyini vurğulayıb.
Yuxarıda qeyd olunduğu kimi, ötən həftə Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclası baş tutub. İclasda Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Avropa İttifaqı tərəfindən isə xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini, eləcə də Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissar Yohannes Han iştirak edib. İclasda Dağlıq Qarabağ münaqişəsinin həlli, Avropa İttifaqı-Azərbaycan tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər, yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar, Tərəfdaşlıq Prioritetləri, Şərq Tərəfdaşlığı və digər məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələrdən bir daha bəlli olub ki, Avropa İttifaqı Qarabağ məsələsində Azərbaycana tam dəstək verir. Elə bu da Ermənistanda ciddi təşviş doğurur. Armen Aşotyan da bunu nəzərə alaraq qeyd edir ki, mövcud templərlə və aşağı səviyyəli iş keyfiyyəti ilə bağlı olaraq Ermənistan 2017-ci ilin noyabr ayında olan üstünlüyünü itirə bilər. O, öz “Facebook” səhifəsində narahatlıqlarını sıralayıb və Ermənistanın XİN rəhbərinə, baş nazirinə suallar ünvanlayıb: “1. Bir neçə dəfə qeyd etdiyim kimi, Armen Aşotyan-Azərbaycan arasında məhz fəaliyyətdə olan Avropa komissiyası dönəmində imzalanacaq yeni müqaviləyə hazırlıq aparılır. Qeyd edim ki, bizim üçün Qarabağ münaqişəsinin nizamlanması məsələsinin necə formalaşdırılması və Ermənistanla imzalanmış razılaşmaya uyğun olub-olmaması maraqlıdır. XİN-dən bugünədək cavab gözləyirik. 2. Ehtimal etdiyim kimi, Aİ Azərbaycanda insan haqlarına münasibətini yumşaldır. Qlobal maraqlar daha önəmli olmağa başlayır, buna görə də bizim baş nazirə deyin ki, demokratik çevrilişə çox da ümid eləməsin. 3. Aİ Əliyevlə Paşinyan arasında son görüşə müsbət yanaşıb, humanitar və əhalinin sülhə hazırlanması sahəsində əldə edilmiş razılaşmaları qısa vaxtda həyata keçirməyə çağırıb. Razılaşın ki, bizim burda baş nazirə dəqiq suallarımız var: konkret olaraq Vyanada hansı razılığı əldə ediblər? 4. Azərbaycan qazının Aİ-yə tədarükü məsələsi daimi diqqət mərkəzindədir. Xatırladım ki, bu tədarükün 2020-ci ildən həyata keçirilməsi nəzərdə tutulur. Öz növbəsində bu, Ermənistan üçün, xüsusilə də Avropanın cənubunda və Balkanlarda problemlər yaradacaq”. Aşotyan əlavə edib ki, mövcud templərlə və aşağı səviyyəli iş keyfiyyəti ilə bağlı olaraq Ermənistan 2017-ci ilin noyabr ayında olan üstünlüyünü itirə bilər. Bundan yayınmaq üçün o, real islahatlara keçməyi, diplomatik, o cümlədən parlament fəaliyyətini fəallaşdırmağı tövsiyə edib. Lakin bunun qısa zaman kəsiyində baş tutmasına inanmadığını da vurğulayıb. Qeyd edib ki, belə vəziyyətdə Avropa İttifaqının da dəstəyini alan Azərbaycan Qarabağ məsələsində mövqelərini daha da gücləndirir. Erməni siyasətçi qeyd edib ki, Azərbaycandan fərqli olaraq, Ermənistanın xarici siyasətinin Avropa istiqaməti başdan-ayağa problemlərdən ibarətdir. “Hökumət Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi çərçivəsində öhdəsinə götürdüyü vəzifələrin heç birini icra etməyib. Rəsmən bəyan edirəm: 2018-ci il iyunun 1-dən bugünədək sazişdə nəzərdə tutulan islahatlardan heç biri həyata keçirilməyib. Hökumətin hesabatında görülən konkret tədbirlərin əvəzinə keçirilən iclaslar, ezamiyyətlər və digər nəticəsiz və tamamilə boş məsələlərdən bəhs olunur”. Əvvəllər Ermənistan parlamentində Avropa İttifaqı ilə danışıqlar üzrə komissiyanın sədri olmuş siyasətçinin sözlərinə görə, Aİ Ermənistana ayrılan 100 milyon avro vəsaiti dondurub: “Yəni xarici sərmayə axınının zəruriliyindən hər zaman ağız dolusu danışan hökumət, hətta cəlb olunmuş investisiyadan da istifadə etmək qabiliyyətinə malik deyil. Belə vəziyyətdə Qarabağ məsələsində Avropa İttifaqında mövqeyimizin sarsılması da təəccüblü olmamalıdır”.
Burada onu da xatırladaq ki, ümumiyyətlə, Qarabağ məsələsində Avropa İttifaqının mövqeyi Azərbaycanın maraqlarına tam cavab verir. Avropa İttifaqının Brüsseldə keçirilən sonuncu Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən Birgə Bəyannamədə də qurum bu xüsusda konkret mövqe sərgiləyib. Həmin vaxt Ermənistanın çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Bunun ardınca Avropa İttifaqının Qarabağ danışıqlarında mövcud formatın saxlanmasının vaciblyini birbaşa Paşinyanın diqqətinə çatdırması isə İrəvan üçün növbəti diplomatik zərbə sayılır. Elə Ermənistanın “Past” qəzeti də yazır ki, Avropa İttifaqının Azərbaycan və Ermənistana yanaşması fərqlidir. Qəzet yazır ki, məhz bu səbəbdən Ermənistandan fərqli olaraq, Azərbaycan rəsmilərinin Brüssel səfərləri daha çox yaddaqalan nəticələrlə müşayiət olunur: ”Digər tərəfdən, Avropa İttifaqı Qarabağ münaqişəsinin həllinin uzanmasından da narazıdır. Halbuki, Ermənistanda hakimiyyət dəyişən zaman gözləntilər başqa idi”.
Belə vəziyyət bir daha Avropa İttifaqı çərçivəsində də Azərbaycanın Ermənistan üzərində mühüm üstünlüklər əldə etməsinin real təzahürü sayılır. Eyni zamanda, belə vəziyyət Ermənistanın populist siyasətinin uğursuzluğunun növbəti nümunəsidir. Avropa İttifaqı da daxil olmaqla, beynəlxalq qurumların mövqeyi çox aydın göstərir ki, Qarabağ münaqişəsinin əsasını işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Dünyada bu fikir qəbul olunur ki, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması və sülhün əldə edilməsi üçün Ermənistana təzyiqlərin artırılması zəruri şərtdir. Eyni zamanda, işğalçılıq siyasətinə son qoyulması üçün qəti praktik addımlar atmalı və təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Məhz Avropa İttifaqı və digər beynəlxalq qurumların prosesə belə yanaşması indi Ermənistanda ciddi narahatlıq predmetidir. İşğalçı ölkədə hesab edilir ki, hadisələrin bu səpkidə inkişafı Ermənistanın mövqelərini daha sürətlə sarsıdır. Bu halda İrəvan Bakıya müqavimət göstərməsinin mümkünsüzlüyünü də getdikcə daha aydın görür.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.