Hatəm Cabbarlı: “Ortada konkret nəticə olmadığından, digər həmsədr ölkələri ümumi məzmunda verilən açıqlamalar qane edir”
Məlum olduğu kimi, mart ayının 29-da ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş oldu. Görüşdən sonra hər iki tərəf mediaya açıqlama verdi.
ATƏT-in Minsk Qrupu həmsədrləri isə görüşün yekunu ilə bağlı qısa bəyanat yaymaqla kifayətləndilər. Ən maraqlısı isə budur ki, ATƏT-in digər həmsədr ölkələrindən fərqli olaraq, Rusiya Prezidenti Vladimir Putin hər iki tərəflə Vyana görüşü ilə bağlı telefonla müzakirə apardı. Düzdür, tərəflər arasında baş tutan telefon zənglərinə təşəbbüslərdə fərqlər nəzərə çarpdı. Paşinyanın özü Putinə zəng vurub hesabat vermişdi. Azərbaycan tərəfi ilə danışmaq təşəbbüsü isə Moskvadan gəlmişdi. Əsas budur ki, rəsmi Moskva hər iki tərəflə Vyana görüşü ətrafında müzakirələr aparmaqda maraqlı olub. Bəs digər həmsədr ölkələrin rəhbərlərindən niyə biz analoji təşəbbüsü görmədik? Tərəflərin verdikləri görüş sonu açıqlaması bəlkə onları tam qane edib, yoxsa…
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tərəflərin Vyana görüşündən sonra KİV-ə açıqlaması oldu: “Ancaq tərəflərin bəyanatlarında bir-birilə ziddiyyət təşkil edən məqamlar meydana çıxdı. Bundan başqa, Nikol Paşinyan Ermənistana dönər-dönməz, Rusiya Prezidenti Vladimir Putinə zəng vurub hesabat verdi. Həmin görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri ənənəvi mövqelərinə uyğun olaraq görüşün qarşılıqlı güvən şəraitində keçdiyini, perspektivə böyük inamın olduğuna dair standart tipli açıqlama verdilər. Belə pozitiv bəyanatın fonunda rəsmi Ermənistan yeni müharibəyə hazırlaşdıqlarını müdafiə naziri Tonoyanın dilindən səsləndirdi. Sonra isə Paşinyan Tonoyanın açıqlamasını dəstəklədiyini dedi. Bütün bunlar Vyana görüşünün nə qədər uğursuz olduğunu göstərməsi baxımından xüsusi əhəmiyyətə malik idi. ATƏT-in Minsk Qrupunun son illər ərzində problemin həlli istiqamətində göstərdiyi təşəbbüslərin heç biri ciddi nəticə vermir”.
Ekspertin sözlərinə görə, buna baxmayaraq, biz Rusiyanın fərdi şəkildə fəallığını görürük: “Bu onunla bağlıdır ki, Rusiya problemə daha yaxın ölkə sayılır. Problemin tərəfi olan ölkə ilə ümumi sərhədə malikdir. SSRİ dönəmindən qalan geosiyasi maraqları var. Ən ciddi siyasi təhlilçilərin də ifadə etdiyi kimi, problemin həlli açarını əlində saxlayan ölkədir. Buna görə də biz Rusiyanın Minsk Qrupundan kənardakı fəaliyyətində də belə aktivliyi görürük. Amma Rusiyanın fəallığı fonunda meydana çıxan təklifləri tərəflərin və digər həmsədrlərin qəbul edib-etməyəcəyi hələ ki, sual altındadır. Hələ ki, ortada konkret nəticə olmadığından, digər həmsədr ölkələri ümumi məzmunda verilən açıqlamalar qane edir”.
Məhəmmədəli QƏRİBLİ