Azər Həsrət: “Beynəlxalq qurumların buna heç bir reaksiya verməməsi ikili standartlardan irəli gəlir”
Məlum olduğu kimi, sosial şəbəkələrdə feyk profillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyan MTX direktoru Artur Vanetsyana təlimat verib.
Paşinyan guya ictimai rəyin manipulyasiya edilməsinə milyonlar sərf edən dairələrin olduğunu deməklə, Milli Təhlükəsizlik Xidmətinin direktoruna bildirib ki, aralarında aparılan söhbət nəticəsində onun rəhbərlik etdiyi qurumun bu məsələdə konkret nəticələr əldə edəcəyinə əmindir.
Paşinyanın bu qərarı erməni ictimaiyyətində narazılıqla qarşılanıb. Bir çoxu onun Milli Təhlükəsizlik Xidməti rəisinə verdiyi tapşırığı, belə bir qurumun bu kimi işlərə cəlb edilməsini utancverici hal kimi dəyərləndirib. Çünki saxta profillər vasitəsilə sosial şəbəkələrdə geniş təbliğat işlərinə milyonlar sərf edilməsinin bütün dunyada mövcud olduğu, bunun həll yolunun hələ də tapılmadığı qeyd edilir. Hətta bunun həllinin inkişaf etmiş demokratik ölkələrdə belə tapılmadığı vurğulanır. Qeyd olunur ki, Milli Təhlükəsizlik Xidməti saxta profillərə qarşı mübarizə adı ilə sosial şəbəkələrə müdaxilə etməyə başlayarsa, bu yaxşı nəticə verməyəcək. Belə olan halda, MTX müdaxilə etdiyi məqamdan etibarən informasiya mənbələri və sosial şəbəkələr araşdırma obyektlərinə çevriləcəklər.
Ən başlıcası isə, Paşinyanın bu addımı ölkədə söz azadlığının məhdudlaşdırılmasına hesablanıb. Yəni bununla Paşinyan ona qarşı müxalif mövqedən çıxış edənləri neytrallaşdıracaq. Bu, bir növ, güc yolu ilə onların susdurulmasına hesablanıb. Çox qəribədir ki, demokratiya bayrağı adı altında hakimiyyətə gələn Paşinyanın bu antidemokratik addımlarına hələ də beynəlxalq reaksiya yoxdur. Xüsusən də Qərbin bunu görməzdən gəlməsi təəccüb doğurur.
Maraqlıdır, Paşinyanın bu antidemokratik addımına niyə beynəlxalq reaksiya yoxdur?
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, Paşinyanın bu fəaliyyətinə hələ də beynəlxalq reaksiyanın olmaması ikili standartlarla bağlıdır: “Əvvəla Paşinyan sosial medianın gücündən istifadə edərək siyasi meydanda qüvvə topladı. Hakimiyyətə gəlməzdən əvvəl sosial media ilə yaxşı işləyirdi. Küçə inqilabı da məhz sosial media üzərindən təşkil olundu. Bütün bu prosesdə məhz saxta profillərdən geniş şəkildə istifadə edildi. Paşinyan və tərəfdarları məhz saxta profillər üzərindən öz təbliğatlarını qururdular və ictimai rəyi yönləndirdilər. Ona görə də Paşinyanın indi feyk profillərlə mübarizə aparmaq istəməsi qeyri-səmimi görünür. Çünki bir zamanlar həmin feyk profillərdən istifadə edərək hakimiyyətə gəlib, amma indi onlara müharibə elan edib. Paşinyanın yanaşması o deməkdir ki, bizə olar, başqalarına olmaz. Demokratiyada belə şey olmur. Bununla Paşinyan söz azadlığını açıq formada məhdudlaşdırır. Bununla ictimai rəydəki müxalif fikirləri susdurmaq məqsədi güdür. Bunun demokratiyaya zidd bir addım olduğu ortadadır. Beynəlxalq qurumların buna heç bir reaksiya verməməsinə gəldikdə isə, bu, ikili standartlardan irəli gəlir. Azərbaycanda sosial media ilə bağlı adi bir fikir səsləndiriləndə dərhal beynəlxalq reaksiya özünü göstərir. Bəyanatlar səslənir və s. Ancaq Ermənistanda baş verənlərə reaksiya yoxdur. Ona görə ki, beynəlxalq qurumlar, hər zaman olduğu kimi, Ermənistanda baş verən neqativ halları görmək istəmirlər. Onların qabağında Ermənistan hakimiyyətinin bu addımına göz yummaq vəzifəsi qoyulub. Ona görə də məqsədyönlü şəkildə buna göz yumurlar”.
Vidadi ORDAHALLI