“Nəticə çıxarmasa, bu işğalçı ölkə üçün bütün mənalarda yaxşı olmayacaq”
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəticəsində davamlı sülhdən hər kəs faydalanacaq”. Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib. Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı təmaslar ümidlər yaradır: “Ötən həftə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi ilə Azərbaycan və Ermənistan liderlərinin müsbət görüşünün şahidi olduq. Ali səviyyədə təmasların genişlənməsi və atəşkəs rejiminin pozulmasının əhəmiyyətli dərəcədə azalması bizdə prosesin irəliyə doğru hərəkət edə biləcəyinə ümidlər yaradır”. F.Moqerini onu da bildirib ki, davamlı sülhdən təkcə Azərbaycan və Ermənistan vətəndaşları deyil, bu ölkələrdən kənarda da faydalanacaqlar, çünki davamlı sülh bütün regiona öz potensialını reallaşdırmağa kömək edəcək. Ümumilikdə F.Mogerininin bu fikirlərini Ermənistana ünvanlanan bir mesaj kimi dəyərləndirmək olarmı? Çünki münaqişənin həll olunmadığı ötən illər ərzində regionun üstünlüklərindən, həyata keçirilən bir sıra layihələrdən bəhrələnməyən yeganə ölkə Ermənistandır. Digər region ölkələri az və ya çox bütün bunlardan bəhrələnib. Təkcə Ermənistan bütün bunlardan heç nə əldə etməyib. O baxımdan F. Mogerininin məlum açıqlamasını ekspertlər necə dəyərləndirir? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Aİ təmsilçisinin fikirləri əslində birbaşa Ermənistana ünvanlanıb: “Əvvəla, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli Avropa İttifaqının siyasi və təhlükəsizlik maraqlarına cavab verir. Nəzərə almaq lazımdır ki, məhz bu qurumun tabeliyində olan beynəlxalq və regional əhəmiyyətli təşkilatlar Azərbaycanın ərazi bütövlüyünə səs veriblər, Ermənistqnın işğalıçılıq siyasəti açıq vurğulanıb. Ötən illər ərzində qəbul olunan bir sıra qətnamələr buna əyani sübutdur. O baxımdan hesab edirəm ki, Mogerininin qeyd etdikləri işğalçı Ermənistana ünvanlanıb. Çünki ilk növbədə sülhün əldə edilməsi işğal olunmuş ərazilərin boşaldılmasından asılıdır. Ona görə də sülhə zərbə vuran məhz rəsmi İrəvandır. Ermənistan işğalçı siyasət yeritdiyi üçün təcrid vəziyyətindədir və iqtisadi baxımdan yerində sayır. O üzdən, Ermənistan bu mesajdan nəticə çıxarmalıdır. Nəticə çıxarmasa, bu, işğalçı ölkə üçün bütün mənalarda yaxşı olmayacaq. Ölkədə iqtisadi vəziyyət geriləyəcək, miqrasiya güclənəcək və s. Avropa İttifaqı daima Azərbaycanı strateji tərəfdaş hesab edir. Qitənin enerji diversifikasiyasında Azərbaycan mühüm rol oynayır. Ona görə də Aİ-nin ölkəmizə dəstəyi xüsusidir. Hesab edirəm ki, Minsk Qrupunda Fransanı Avropa İttifaqı təmsil etsə daha məqsədəuyğun olar. O zaman münaqişənin həllində ciddi dəyişikliklər ola bilər”.
Vidadi ORDAHALLI