Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, TANAP kimi enerji layihələri, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi böyük infrastruktur layihələri Azərbaycana beynəlxalq miqyasda marağı daha da artırır.
Ölkəmizin bu imkanlarından yararlanıb müxtəlif növ məhsullarını dünya bazarlarına çıxarmaq istəyənlərin sayı artır ki, bu sırada Orta Asiya ölkələri öndə gəlir. Bu da səbəbsiz deyil. Faktdır ki, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən Azərbaycan indi regionun tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır, onu mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Hazırda nəqliyyat-logistika və tranzit potensialının inkişaf etdirilməsi ölkəmizin prioritet məsələlərindən biridir. Bu istiqamətdə Bakı-Tiflis-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Abşeron Logistika Mərkəzinin tikintisi kimi layihələr artıq reallaşdırılıb, “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşdırılması davam edir. Bu dəhlizlər ölkəmizin iqtisadi qüdrətini daha da artırır. Eyni zamanda, həmin layihələrə beynəlxalq maraq da sürətlə artır.
Qeyd olunduğu kimi, Orta Asiya ölkələri üçün bu layihələrin əhəmiyyəti artır. Qazaxıstan və Özbəkistandan sonra Türkmənistanın da Azərbaycanın infrastruktur layihələrinə ciddi marağı müşahidə olunur. Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolu ilə Türkmənistandan yüklərin daşınması həyata keçirilir. Eyni zamanda, türkmən neftinin xeyli hissəsi Bakı-Tiflis-Ceyhanla dünya bazarına çıxarılır. Lakin görünən budur ki, Türkmənistan böyük qaz ehtiyatının dünya bazarlarına çıxarılmasında da Azərbaycanın imkanlarından yararlanmaq niyyətindədir. Bu məsələ prezident İlham Əliyevin Türkmənistana səfəri fonunda xüsusi diqqət mərkəzində olub. Azərbaycan dövlət başçısı bildirib ki, ölkəmiz Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir: “Həm Türkmənistan, həm də Azərbaycan böyük təbii ehtiyatlara malik ölkələrdir. Əlbəttə ki, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir. Biz şadıq ki, Türkmənistan nefti Bakı-Tiflis-Ceyhan boru kəməri ilə nəql edilərək əməkdaşlığımızı möhkəmləndirir”.
Öz növbəsində, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da qeyd edib ki, Türkmənistan və Azərbaycan regional səviyyədə beynəlxalq bazarlara birgə çıxa bilər: “Energetika məsələlərini qeyd etmək olar. Bizim çox güclü ehtiyat potensialımız var. Buna görə də biz bu məsələlərdə enerji inteqrasiyasının tərəfdarıyıq. Təkcə bizim ölkələrimiz üçün yox, həm də regional səviyyədə beynəlxalq bazarlara birgə çıxa bilərik. Düşünürəm ki, bu cəhətdən biz yaxşı əməkdaşlıq edə bilərik”.
Ekspertlər isə bildirir ki, artıq Azərbaycan-Türkmənistan münasibətlərində daha dinamik istiləşmə dövrü başlayıb. Hər iki dövlətin iqtisadi imkanlarını genişləndirmək üçün qarşılıqlı münasibətlərin dərinləşməsi də bunu təsdiq edir. Xüsusən də Xəzərin statusu haqqında konvensiya həm Xəzərdə əməkdaşlıq, həm də Türkmənistanın bir sıra iqtisadi layihələrinin Azərbaycanla birlikdə gerçəkləşdirilməsi üçün perspektiv yaradır. Bu perspektivlərdən biri Xəzərin mübahisəli sayıla biləcək “Kəpəz” neft yatağının ortaq istismarı ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən təklifdir. Bu təklif də Türkmənistan tərəfindən müsbət qarşılanıb. Azərbaycan dövlət başçısının səfərinin digər məqsədi Türkmənistan qazının Xəzəri dibi vasitəsilə Azərbaycan ərazisindən TANAP layihəsi çərçivəsində Avropa bazarına daşınması məsələsidir. Bu, hər iki tərəf üçün çox əhəmiyyətli və gəlirli bir sahə olacaq. Çünki hazırda Türkmənistan qazını Rusiyaya ən yaxşı halda 180 dollara satır. Rusiya isə Türkmən qazını Avstriyaya 450, Almaniyaya 480 dollara sata bilir. İndi Türkmənistan Azərbaycanla birgə fəaliyyət göstərməklə qazını daha baha qiymətə Avropa bazarına çıxaracaq. Məhz bu fonda yaxın tezlikdə “Transxəzər“in çəkilişinin baş tutması tamamilə gözlənilən sayılır.
Baş verənləri şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov da qeyd edir ki, Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilməlidir. Bu səfərin yekunları göstərir ki, Azərbaycan və Türkmənistan strateji əməkdaşlıq mərhələsinə qədəm qoyur. Ekspert qeyd edib ki, son illər Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin artması müşahidə olunur: “Belə ki, 2014-cü ildə ölkələrimiz arasında ümumi ticarət dövriyyəsi 51 milyon ABŞ dolları idisə, bu rəqəm 2017-ci ildə 164 milyon 145 min dollaradək yüksəlib. Son 4 ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb. İllər üzrə ticarət dövriyyəsinə diqqət yetirsək, Dövlət Statistika Komitəsinin məlumatına görə, hər il ticarət dövriyyəmizdə əvvəlki illərə nisbətən artım olub. Belə ki, ticarət dövriyyəsi 2015-ci ildə 52 milyon, 2016-cı ildə 152 milyon 276 min dollar, 2017-ci ildə 164 milyon dollardan çox olub. Ticarət dövriyyəsinin artması ondan xəbər verir ki, son illər iki ölkənin münasibətlərində, ticarət və iqtisadi əlaqələrin inkişafında irəliləyişlər müşahidə olunur“.
Ekspert vurğulayır ki, Azərbaycan-Türkmənistan münasibətləri həm də Xəzərin statusu müəyyənləşdikdən sonra yeni mərhələyə qədəm qoyub: “Nəzərə alaq ki, hər iki ölkə Xəzəryanı ölkədir, Türkmənistan və Azərbaycan arasında işlənməli yataqlar var. Bu yataqların işlənməsi məsələsi uzun müddətdir ki, müzakirə olunur və Xəzərin statusunun müəyyənləşməsi bir tərəfdən bu yataqların işlənməsi üçün bir zəmin formalaşdırdı, eyni zamanda, xüsusilə enerji resurslarının birgə nəqli baxımından da imkanlar yaratdı. Bu baxımdan da dövlət başçısının Türkmənistana səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilməlidir. Bu səfərin yekunları göstərir ki, Azərbaycan və Türkmənistan strateji əməkdaşlıq mərhələsinə qədəm qoyur. Ölkələrimiz arasında münasibətlərin yaxşılaşması yataqların birgə işlənməsinə imkan verə bilər. Bu da istifadəsiz qalan yataqlardan hər iki dövlətin faydalanması üçün bir zəmin formalaşdırır. Səfər çərçivəsində imzalanan sənədlər, bu sənədlərdə əks olunan məsələlər ondan xəbər verir ki, növbəti dövr Azərbaycan-Türkmənistan əlaqələri baxımından vacib bir dövr olacaq, hər iki ölkə iqtisadi, siyasi, strateji əməkdaşlıqda yeni mərhələyə qədəm qoyacaq".
Tahir TAĞIYEV