Aydın Mirzəzadə: “Görünür, bugünkü hakimiyyətdə olanlar hesab edirlər ki, Ermənistanın ABŞ və Qərbin yanında olması onlara daha böyük maddi dividendlər gətirə bilər”
Ermənistanda növbədənkənar seçkilərin baş tutmasına az vaxt qalır. Zaman daraldıqca, həmin ölkədəki antidemokratik mühit daha aydın şəkildə özünü büruzə verir. Paşinyanın birbaşa diqtəsi ilə Venesiya Komissiyasının həmin ölkəyə etdiyi tövsiyələr birdəfəlik rədd olundu.
Ermənistanın ən aparıcı siyasi təşkilatı olan, keçmiş iqtidar partiyası “Respublika” seçicilərlə birbaşa təmasdan imtina etdi. Həmin partiyanın funksionerləri indidən müxalif partiya olacaqlarını bəyan etdilər. Seçkiqabağı antidemokratik mühitin olması ilə yanaşı, həmin ölkədə başqa siyasi çalarlar da özünü göstərir. Hiss edilir ki, keçmiş iqtidarın zamanında terrorçu bir qurum kimi tanınan, əksər rəhbərləri həbsə salınan “Sosna Tser” adlı bir quruma Paşinyan tərəfindən yaşıl işıq yandırılıb. Onların seçki marafonunda aktivləşməsi aydın sezilir. Hətta bəzi erməni politoloqları iddia edirlər ki, bu təşkilatın yeni formalaşacaq parlamentdə üstün səs qazanması da mümkündür. Bununla yanaşı, seçkiqabağı marafon zamanı ant-Rusiya ovqatı və təbliğatının qızışdığı aydın şəkildə görünür. Moskvaya qarşı nifrət püskürülməsi yuxarıda adlarını qeyd etdiyimiz terror mahiyyətli qruplar və digər siyasi təsisatlar tərəfindən də həyata keçirilir. Bu, nəyin əlaməti və hansı planın tərkib hissəsi sayıla bilər?
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun bir sıra obyektiv səbəbləri var: “Ən başlıcası isə ermənilərin mahiyyətindən qaynaqlanır. Adətən ermənilər daha güclü və daha varlı ağa axtarmağa meylli olurlar. Zamanında Osmanlı, sonra isə Rusiya İmperiyasına xidmət edən bu xalq 1991-ci ildə göydəndüşmə bir müstəqillik əldə etdi. Sonra yenə Rusiyaya xidmət göstərdi. Görünür, bugünkü hakimiyyətdə olanlar hesab edirlər ki, Ermənistanın ABŞ və Qərbin yanında olması onlara daha böyük maddi dividendlər gətirə bilər. Ermənilərin bu addımını ağalarına olan növbəti xəyanət kimi dəyərləndirmək olar. Həmin ölkə uzun müddət özünü Rusiyaya sadiq kimi göstərməyə çalışıb. Bu ilin aprelində Nikol Paşinyanın inqilab nəticəsində hakimiyyətə gəlməsi situasiyanı bir qədər dəyişmiş oldu. Görünən budur ki, deyilən anti-Rusiya təbliğatı Ermənistanın oriyentasiyasını dəyişməyə hesablanıb. Amma bunun onların maraqlarına cavab verib-vermədiyini dəyərləndirən, düşünən beyinləri yoxdur. Onlar üçün bu gün və təklif edilən məbləğ maraqlıdır. Belə olmasaydı, onlar anlayardılar ki, qonşu ölkələrlə mehriban siyasət yeritmək lazımdır. Xarici siyasətdə beynəlxalq normalara riayət olunması zəruridir. Bilməlidirlər ki, vəsaiti dilənmək yox, özün qazanmalısan. Onlar isə heç nə yaratmadan böyük nailiyyətlər əldə etməyi hədəfləyirlər. Mümkündür ki, bir müddət Qərbə meyl edəcəklər. Orada heç nə alınmayandan sonra yenidən Moskvaya üz tutacaqlar. Süni surətdə yaranan və regiona bir bəla kimi pərçim edilən dövlətdə belə qeyri-adi davranışların olması təbiidir. Bu, birbaşa onların hazırda hakimiyyətdə olan qüvvələri tərəfindən həyata keçirilən planın tərkib hissəsidir”.
Məhəmmədəli QƏRİBLİ