Arzu Nağıyev: “Sadalanan bütün istiqamətlər üzrə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq mövcuddur”
Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun adından Azərbaycan Prezidentinin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib ki, Azərbaycan və Türkmənistan birgə səylərlə regionda təhlükəsizliyə töhfə verirlər:
“Biz xalqlarımızın ənənəvi qardaşlıq və dostluq tellərinin daha da möhkəmlənməsi üçün çox iş görürük. Bunu bizə tarix, xalqlarımızın tarixi, ümumi etnik kökləri diktə edir. Bugünkü reallıq da bunu diktə edir. Bu gün bizim maraqlarımız üst-üstə düşür. Bu gün biz birgə səylərlə regionumuzda təhlükəsizliyə töhfə veririk. Biz Xəzər dənizi məsələsində fəal qarşılıqlı fəaliyyət göstəririk. Bilirsiniz ki, bu il Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalanıb. Bizim ölkələrimiz bu Konvensiyanın imzalanmasına böyük töhfə verib. Biz Xəzər dənizinin ekoloji təhlükəsizliyi ilə məşğul oluruq. Biz hazırda mühüm və gələcəkdə də mühüm olacaq qitələrarası əhəmiyyətli məsələlər, o cümlədən “Şərq-Qərb” nəqliyyat dəhlizinin möhkəmləndirilməsi ilə məşğuluq. Bu dəhliz uzun əsrlər mövcud olub. Bu dəhlizlə bizim əcdadlarımıza ünsiyyət qurmağa imkan vermiş karvanlar keçib. Böyük Tarixi İpək Yolu bizim ölkələrimizin ərazisindən keçib və təbii ki, bu gün biz fəal surətdə bu dəhlizin müasir infrastrukturunun yaradılması üçün əlavə səylər göstəririk. Mən artıq qeyd etmişəm ki, biz sanki razılaşmışdıq, amma əslində razılaşmamışdıq. Faktiki olaraq, eyni zamanda Türkmənistan və Azərbaycan ərazisində möhkəm nəqliyyat potensialı yaratdıq. Bu gün isə imzalanan sənədlərlə biz bu nəqliyyat potensialını birləşdirdik, əlaqələndirdik. İmzalanan 20-dən çox sənədin əksəriyyəti birbaşa və ya dolayısı ilə nəqliyyat təhlükəsizliyi üzrə əməkdaşlıq məsələsinə aiddir.
Biz regionda qarşılıqlı əməkdaşlıqdan, bu dəhlizin fəaliyyətindən ölkələrimizin, xalqlarımızın, qonşularımızın böyük fayda götürəcəyi tamamilə yeni vəziyyət yaradırıq. Bu, həyat arteriyası kimi ölkələrimizi yeni enerji ilə qidalandıracaq, yeni iş yerləri yaradacaq, yeni istehsalat sahələrinin qurulmasına doğru aparacaq, təhlükəsizliyi, əməkdaşlığı möhkəmləndirəcək.
Bu gün mən səfərimin yekunlarını təhlil edərək görürəm ki, səfər dövlətlərarası çərçivədən çıxıb, onun ən azı mühüm regional əhəmiyyəti var. Nəqliyyat və logistika imkanlarımızın genişləndirilməsi nəzərə alınmaqla bu, qlobal Avrasiya əhəmiyyəti kəsb edəcək".
Göründüyü kimi, ölkə başçısı iki dövlətin birgə səyinin regionun təhlükəsizliyinə töhfə verdiyini xüsusi olaraq vurğulayıb. Bu xüsusda maraqlıdır, bu iki qonşu ölkənin təhlükəsizliyin təmin olunması ilə bağlı birgə səyləri nədən ibarət ola bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, iki ölkə arasındakı münasibətlərin inkişaf dinamikası bir çox sahələrdə mühüm irəliləyişlərin əldə olunduğunu söyləməyə əsas verir: “Bilirsiniz ki, Azərbaycanla Türkmənistan həm də həmsərhəd olan, qonşu ölkələrdir. Bu iki ölkəni bir-birindən Xəzər dənizi ayırır. Yəni bizim birbaşa quru sərhədlərimiz olmasa da, məhz Xəzərdəki sərhəddə yaranan bəzi anlaşılmazlıqlar iki ölkə arasında münasibətlərin bir qədər soyumasına səbəb olmuşdu. 1990-cı illərdə hətta vəziyyət o qədər gərginləşdi ki, Türkmənistan öz səfirini Azərbaycandan geri çağırmaq istədi. Bunun əsas səbəblərindən biri, təbii ki, Xəzər dənizində olan qaz və ya neft yataqlarının mübahisəli ərazidə yerləşməsi idi. Bu gün isə artıq Xəzərin statusu ilə bağlı problemlər həll edilib və belə bir gərginlik dövlət başçılarının danılmaz səyi nəticəsində aradan qaldırılıb. Türkmənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəfələrlə belə bəyanatla çıxış edib.Yəni regional layihələrin həllini həyata keçirmək üçün təhlükəsizliyə təhdidlərin qarşısı birgə alınmalıdır. Logistika və daşımaların tam şəkildə təhlükəsizliyini təmin etmək üçün hər iki dövlətin hüquq-mühafizə orqanları birgə iş aparmalıdırlar. İstər "Lazurit", istərsə də digər marşrutlu daşınmalar, Xəzər dənizi vasitəsilə aparılan işlər də də həm indi, həm də gələcəkdə birgə təhlükəsizlik tədbirləri həyata keçirilməsini zəruri edir. Bu həm də Xəzərin ekoloji vəziyyəti ilə bağlı və daha doğrusu, onun qorunması üçün də vacib əhəmiyyət kəsb edir. Önəmli məsələlərdən biri də regional təhdid kimi sayılan narkotrafiklə mübarizədir. Bu da müvafiq sənədlərdə öz əksini tapıb. Hesab edirəm ki, sadalanan bütün istiqamətlər üzrə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq mövcuddur. Xüsusilə də Xəzərin sülh dənizi olması istiqamətində bu iki Xəzəryanı ölkə böyük əzm nümayiş etdirir”.
Məhəmmədəli QƏRİBLİ