Məhəmməd Əsədullazadə: “Hər iki ölkə Xəzər dənizində enerji daşıyıcıları üzrə yeni layihə həyata keçirmək planına malikdir”
15 il əvvəlki dövrlə müqayisədə Azərbaycanla Türkmənistan arasında münasibətlər əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişib. Bu da son illər Bakı ilə Aşqabad arasında zaman-zaman ortaya çıxan anlaşılmazlıqların geridə qaldığını təsdiqləyir.
Türkmənistan hələ Saparmurad Niyazovun hakimiyyəti dönəmində (1991-2006) Azərbaycana yönəlik bəzi addımları ilə qarşılıqlı münasibətlərdə müəyyən problemlərin yaranmasına səbəb olub. Bu problemlər özünü əsasən Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində və hövzənin karbohidrogen ehtiyatlarının istismarında göstərirdi. Türkmənbaşının hələ Sovet dövründə aparılmış bölgü əsasında Xəzərin Türkmənistana aid edilmiş hüdudları ilə razılaşmaq istəməməsi, o cümlədən Azərbaycana aid ərazi sularında yerləşən “Kəpəz” neft yatağına iddiası qarşılıqlı münasibətləri gərginləşdirən əsas amil idi. Bu gərginliyin kulminasiyası isə 2001-ci ildə Türkmənistanın Bakıdakı Səfirliyini bağlaması oldu.
Türkmənistanın ilk prezidentinin 2006-cı ilin sonlarında qəflətən vəfat etməsindən sonra dövlət başçısı postunda onu əvəzləyən Qurbanqulu Berdıməhəmmədov Azərbaycanla münasibətləri bir neçə ildən sonra dəyişməyə başladı. Berdıməhəmmədov 2008-ci ilin mayında Bakıya rəsmi səfər etdi. Həmin ilin noyabrında Prezident İlham Əliyev Aşqabada səfər etdi. Bununla yanaşı, Türkmənistan Prezidenti ötən il Azərbaycana növbəti səfər etdi.
Prezident İlham Əliyev noyabrın 21-də Türkmənistana növbəti səfərə getdi. Səfər zamanı bir çox məsələlər ətrafında danışıqlar aparıldı, mühüm mesajlar verildi. Aşqabadda 21 saziş imzalandı. Bu sazişlər əlaqələrin bütün sahələrini əhatə edir. Prezidentlərin imzaladıqları birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və münaqişənin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu. Həmçinin, birgə bəyanatda vurğulanıb ki, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir yolu nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir, iki ölkənin maraqlarına xidmət edir, regionda və bütöv Avrasiya qitəsi boyunca “Şərq-Qərb” nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir.
Göründüyü kimi, 15 il bundan əvvəlki dövrlə müqayisədə iki ölkə arasında münasibətlər nə qədər dəyişib. Bütün bunları ekspertlər necə şərh edirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, münasibətlər əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişib: “Azərbaycan və Türkmənistan iki türk dövləti olaraq qardaş ölkədir. Hər iki ölkə Xəzər dənizində sərhədə malikdir. Qeyd edim ki, Xəzər dənizinin səthinin bölünməsi üzrə beş Xəzəryanı ölkə arasında bir neçə il danışıqlar gedib. Azərbaycan Rusiya və Qazaxıstanla dənizin dibinin bölüşdürülməsi üzrə müqavilələr imzalayıb. Ancaq bu, Türkmənistanla müəyyən fikir ayrılıqlarına görə imzalanmadı. Türkmənistanın eks-prezidenti Saparmurad Niyazovun prezidentliyi dövründə bu ölkə Xəzər dənizində daha da geniş əraziyə malik olmaq üçün şərtlər irəli sürürdü. Məhz buna görə Türkmənistan dənizin dibinin bölüşdürülməsinə qarşı çıxırdı. Azərbaycanın ərazi sularına daxil olan Kəpəz yatağına qarşı iddia irəli sürən rəsmi Aşqabad 10 il bundan əvvəl Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmişdi. Ancaq bunun müsbət nəticəsi olmadı. Təbii ki, Türkmənistana bu məsələdə İran dəstək verirdi. İran da Xəzərdə daha çox paya sahib olmaq üçün Türkmənistanla eyni iddiada idi. Ona görə də bir neçə il əvvəl həqiqətən Türkmənistanın mövqeyi kəskin idi. Azərbaycanın iqtisadi cəhətdən inkişafı, Avropanın regionda əsas müttəfiqi olaraq mövqeyinin gücləndirməsi, öz hərbi dəniz donanmasını inkişaf etdirməsi Türkmənistanın mövqeyində dəyişikliklərə gətirdi. Bu il Xəzər dənizinin hüquqi statusu üzrə müqavilənin imzalanması, Türkmənistanın da bu sənədə imza atması göstərir ki, artıq Aşqabad reallıqla barışmalı oldu. Hüquqi statusun bu qədər gecikməsində Türkmənistanın hazırkı statusla barışmaması öz rolunu oynadı. Azərbaycan Prezidentinin Türkmənistan səfəri, bundan əvvəl Türkmənistan Prezidentinin Azərbaycanda olması ikitərəfli müqavilələrin imzalanması problemlərin arxada qaldığını göstərir. Düzdür, Aşqabadda Kəpəz yatağı ilə bağlı mübahisəli məsələyə aydınlıq gətirilməsə də, hesab edirəm ki, növbəti mərhələdə bu problemlər də həll olunacaq. Çünki hər iki ölkə Xəzər dənizində enerji daşıyıcıları üzrə yeni layihə həyata keçirmək planına malikdir. “Transxəzər” adlanan qaz kəməri Avropanın enerji diversifikasiyasında mühüm rol oynayacaq. Bundan əlavə, Türkmənistanla yüklərin Avropaya daşınması, infrastruktur layihələrin həyata keçirilməsi gözlənir. İki ölkə Avropa ilə Asiyanı birləşdirən əsas körpü olaraq bundan sonra da ikitərəfli əlaqələrə önəm verəcəklər. Bu əməkdaşlıq birbaşa regionun, o cümlədən Avrasiyanın nəqliyyat və enerji arteriyasının inkişafına səbəb olacaq”.
Vidadi ORDAHALLI