Elşən Əliyev: “Bakı-Tiflis-Qars dəmir yolu ölkələrimiz arasındakı münasibətlərdə vacib komponent rolunu oynayır”
Prezident İlham Əliyevin Türkmənistanda Prezident Qurbanqulu Berdıməhəmmədovla keçirdiyi görüşlərin məzmun və mahiyyətindən görünür ki, tərəflərin müzakirə etdiyi mövzular sırasında Bakı-Tiflis-Qars dəmir yolu da olub. Bildirilib ki, bu yol ölkələrimizə böyük mənfəət gətirəcək, bütün nəqliyyat razılaşmaları paketi regionda təhlükəsizliyi möhkəmləndirəcək.
Prezident qeyd edib ki, müasir infrastruktur, nəqliyyat sahəsinə böyük sərmayələr işləmək üçün gözəl şərait yaradır: "Rəqəmləri göstərmək istəmirəm, amma əminəm ki, yaxın vaxtlarda biz Türkmənistanla Azərbaycan arasında yük axınının xeyli artımını görəcəyik. Bakının Beynəlxalq Ələt Ticarət Limanında Türkmənistandan əlavə yüklərin qəbulu üçün xüsusi yer ayrılır və biz sözsüz ki, “Şərq-Qərb”, “Qərb-Şərq” marşrutları üzrə ölkələrimiz arasında tranzit yüklərin həcminin artdığını görəcəyik.
Ötən il o vaxta qədər mövcud olmayan və dünya bazarlarına çıxış əldə etmək üçün son əlaqələndirici bənd olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu, dünya bazarlarına çıxmaq üçün daha bir əlavə marşrutdur. Əminəm ki, bu marşrut ölkələrimizə böyük mənfəət gətirəcək, bütün nəqliyyat razılaşmaları paketi regionda təhlükəsizliyi möhkəmləndirəcək. Çünki nəqliyyat sahəsi yeni iş yerlərinin yaradılmasına, iqtisadi fəallığa, Böyük İpək Yolu üzərində yerləşən ölkələrin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Bununla da sabitlik və təhlükəsizlik möhkəmlənəcək".
Göründüyü kimi, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin əhəmiyyəti barədə kifayət qədər müzakirənin aparıldığı nəzərə çarpır. Azərbaycanın birbaşa təşəbbüsü ilə ərsəyə gələn Bakı-Tiflis-Qars dəmir yolu Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında necə rol oynayacaq?
İqtisadçı Elşən Əliyev qəzetimizə bildirdi ki, Bakı-Tiflis-Qars dəmir yoluna yalnız Türkmənistan deyil, digər Mərkəzi Asiya ölkələri də maraq göstərirlər: “Bilirsiniz ki, Azərbaycanın təşəbbüsü və gərgin səyləri hesabına ərsəyə gələn bu meqalayihə böyük logistik imkanlara malikdir. 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km-i Azərbaycan, 263 km-i Gürcüstanın və 79 km-i Türkiyənin payına düşür.
Hətta qitələri bir-birilə birləşdirmək kimi imkanları özündə ehtiva edir. Türkmənistan bu layihəyə geniş maraq göstərdiyini hələ illər əvvəl rəsmi səviyyədə bəyan edib. Bilirsiniz ki, həmin ölkə zəngin neft və qaz ehtiyatlarına malikdir. Aşqabad neft və qaz ixrac edir və onlar gəlirlərini artırmaq istəyirlər. Türkmənistanda qaz ehtiyatları 26 trilyon kubmetr qiymətləndirilir. Belə olan təqdirdə yeni bazarlar tapılmalıdır. Türkmən qazını almağa hazır olan bazar Avropadır. Qalır həmin yükü ora çatdırmaq. Bunun üçün ən ideal yol Azərbaycandır. Çünki artıq Azərbaycanın belə imkanları mövcuddur. Türkmənistanın da hazır infrastrukturdan bəhrələnə bilməsi asandır. Çünki bizimlə həmsərhəd ölkədir. Bir qalır ölkələrin buna siyasi iradəsinin olması ki, o da artıq mövcuddur. Bizim xalqlarımız arasında da tarixi bağların olması belə bir əməkdaşlığı daimi edəcək.
Türkmənistan Prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında Strateji Tərəfdaşlığa dair Bəyannamə imzalandı. Bundan sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə qədəm qoydu. Azərbaycan və Türkmənistan digər sahilyanı dövlətlərlə birlikdə Xəzər dənizində dostluq, əməkdaşlıq və qarşılıqlı anlayışı təşviq edirlər.
“Şərq-Qərb” nəqliyyat dəhlizinin vacib infrastruktur komponenti olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin fəaliyyətə başlaması ilə region ölkələri, o cümlədən, Türkmənistan üçün nəqliyyat sahəsində yeni imkanlar açıldığı şübhəsizdir. Bu dəmir yolu xətti, həmçinin, Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində ikitərəfli idxal-ixrac və tranzit yükdaşımaları üçün müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan da Bakı-Tiflis-Qars dəmir yolu ölkələrimiz arasındakı münasibətlərdə vacib komponent rolunu oynayır”.
Məhəmmədəli QƏRİBLİ