Elşən Manafov: “Qərb Ermənistanı nüfuz dairəsinə çəkmək üçün yollar axtarır”
Ermənistan mətbuatı iddia edir ki, dekabrın 9-da keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın böyük üstünlüklə qalib gələcəyi qaçılmazdır. Lakin ölkə konstitusiyasına bir sıra dəyişikliklərin ediləcəyi ilə bağlı müəyyən gümanlar var.
Ermənistanda olan Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri Piter Svitalski deyib ki, seçkilərdən sonra Ermənistanın konstitusiyasının yenidən nəzərdən keçirilməsinə ehtiyac var. O qeyd edib ki, Aİ Ermənistanın konstitusiya islahatlarını dəstəkləyir. Erməni mətbuatının qənaətincə, Svitalski bununla Ermənistanda hakimiyyətin formalaşmasında diasporun iştirakı da daxil olmaqla bir sıra daha çətin suallara işarə edib.
Belə gümanlar var ki, seçkilərdən sonra konstitusiyaya düzəlişlər başlanacaq və Ermənistanda hakimiyyətin formalaşmasında diasporun iştirakı mövzusu yenidən gündəmə gələcək. Bundan əvvəl Serj Sarkisyanın diaspor nümayəndələrinin iştirakı ilə ikitərəfli parlament yaratmaq cəhdləri uğursuz oldu. Bəlkə də diasporun nümayəndələrini seçmək üçün effektiv bir mexanizm tapmadığı üçün. Necə deyərlər, Paşinyan diaspor nümayəndələrinin hakimiyyətin formalaşmasında iştirakını leqallaşdırmaq istəyir. Görünən odur ki, bununla bağlı Ermənistanda müəyyən müzakirələr gedir.
Maraqlıdır, bu nə deməkdir və buna gedilməsində məqsəd nədir?
Məsələyə münasibət bildirən politoloq Elşən Manafov Ermənistandakı məlum müzakirələrə bir neçə prizmadan yanaşdı: “Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi Ermənistan qanunvericiliyi baxımından referendumun keçirilməsi zərurətini doğurur. Paşinyan da dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələrindən çıxış edərək bu referenduma getmək niyyətindədir. Bütün hallarda, referendumda Paşinyan yəqin ki, konstitusiyaya etmək istədiyi əlavə və düzəlişləri reallığa çevirmək üçün hakimiyyətin ona vermiş olduğu inzibati resurslardan istifadə etməyə çalışacaq. Güman edirəm ki, diasporla Paşinyanın işbirliyi zərurəti parlamentdə hələlik baş nazirin xeyrinə olmayan qüvvələr nisbətini dəyişməkdən irəli gəlir. Bu, ölkənin daxili siyasi reallıqlarından qaynaqlanan məsələdir. Belə olan halda, ölkədə ikili vətəndaşlıq məsələsi öz həllini tapmalıdır. Çünki diaspor nümayəndələrinin yəqin ki, böyük əksəriyyəti ölkənin hüdudlarından kənarda yaşayan imkanlı ermənilərdir. Yəni Paşinyan onların da hakimiyyətə ortaq olmasını istəyir. Bunların ölkə parlamentində və yaxud da hakimiyyətdə təmsilçiliyini təmin etmək, onlarla işbirliyi qurmaq üçün isə Paşinyan onlara vətəndaşlıq hüququ verməlidir. Bax, bu da konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurəti yaradacaq. Bütün bunlarla yanaşı, ortada xarici faktorlar da var. Nəzərə almaq lazımdır ki, erməni diasporunun əhəmiyyətli hissəsi Qərbdədir. Fransa, Birləşmiş Ştatlar və digər ölkələrdə erməni diasporu fəal fəaliyyət göstərir. İstisna edilmir ki, Qərb müasir texnologiyalara müraciət edərək diasporun dəstəyi və birbaşa iştirakı ilə perspektivdə Ermənistanı tədricən Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir. Qərb Ermənistanı nüfuz dairəsinə çəkmək üçün yollar axtarır. Diasporun böyük maliyyə imkanlarına malik olduğunu nəzərə alsaq, belə bir perspektiv ola bilər. Diasporun Qərbin maliyyə institutları ilə də əlaqələri var. Paşinyanın bu ərəfədə boyük həcmdə pula ehtiyacı var. Sözügedən maliyyəni əldə etmədən Paşinyan vəd verdiyi layihələri həyata keçirə bilməyəcək. Digər tərəfdən, Rusiyadan olan maliyyə-iqtisadi, siyasi asılılıq kontekstində Paşinyan bu addımları ata bilməz. Ona görə də Paşinyan mərhələ-mərhələ və şəraitə uyğun olaraq bunları reallaşdırmağa cəhd edə bilər. Eyni zamanda, bütün bunların həyata keçirilməsində onun korporativ maraqları da var”.
Vidadi ORDAHALLI