Noyabrın 22-də Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub.
Görüşdə çıxış edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib:
-Bildiyiniz kimi, Türkmənistan və Azərbaycan xalqlarının qədim, zəngin mənəvi ənənələri olub. Yəni biz həmişə, bütün dövrlərdə çox böyük potensiala və imkanlara malik olmuşuq. Sevindirici haldır ki, həm Türkmənistan, həm də Azərbaycan müasir mərhələdə həmin potensialdan istifadə edir. Biz bunu siyasi arenada, iqtisadi məsələlərimizdə, bir sıra başqa sahələrdə görürük. Bu baxımdan bizim güclü ehtiyatımız var. Biz bu ehtiyatdan həm xalqlarımızın rifahı naminə, həm də regional və beynəlxalq səviyyədə istifadə edə bilərik. Ən başlıcası odur ki, biz bütün bunlardan istifadə edirik. Biz Birləşmiş Millətlər Təşkilatı kimi çox nüfuzlu beynəlxalq qurumların üzvləriyik. Vurğulamaq istərdim ki, bu gün Türkmənistan və Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərini həyata keçirir. Bizdə təkcə regionda deyil, bütün dünyada sabitlik və təhlükəsizlik kimi məsələlərə ortaq münasibət var. Onu demək istərdim ki, biz öz imkanlarımızı nəzərə alaraq regional və beynəlxalq səviyyədə iqtisadiyyat və iqtisadi inteqrasiya sahələrində əməkdaşlıq potensialından istifadə edə bilərik. Buna görə biz əlbəttə ki, Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Artıq qeyd etdiyim kimi, bizim çox yaxşı imkanlarımız var. Bizim köklərimiz, tariximiz, mentalitetimiz, milli xüsusiyyətlərimiz ortaqdır. Biz çox haqlı olaraq vətənpərvərlik göstərir, bu dəyərlərin böyüməkdə olan nəslə ötürülməsi işinə incəsənət xadimlərini, yaradıcı ziyalıları cəlb edirik.
Gördüyünüz kimi, bu gün təkcə Sizinlə bizim aramızda, iki dövlət arasında deyil, həm də region və dünya miqyasında çox iş görülür. Buna görə fürsətdən istifadə edib Sizə təşəkkürümü bildirmək istərdim, ilk növbədə ona görə ki, Siz Türkmənistanla Azərbaycan arasında dostluq tellərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyir, qardaş Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm. Bu gün Sizi burada görməyə bir daha şadıq. Xoş gəlmisiniz.
Azərbaycan Prezidenti İlham Əliyev türkmənistanlı həmkarına xoş sözlər üçün təşəkkür edərək deyib:
-Mən, ilk növbədə, qardaş Türkmənistana səfərə dəvətə görə Sizə təşəkkür etmək istərdim. Dünən Sizin torpağa qədəm qoyduğum andan özümü öz evimizdəki kimi hiss edirəm. Bu, qardaş türkmən xalqının qonaqpərvərliyi, şəxsən Sizin qonaqpərvərliyiniz sayəsindədir.
Azərbaycanda Sizi ölkəmizin böyük dostu kimi tanıyırlar. Siz ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün çox iş görürsünüz. Fürsətdən istifadə edib Sizi və Türkmənistanın bütün qardaş xalqını inkişafda qazandığınız böyük nailiyyətlərə, Türkmənistanın beynəlxalq aləmdə rolunun möhkəmlənməsinə, milli-mənəvi dəyərlərə çox diqqət yetirməyinizə və xalqınızın ənənələrini qoruyub saxlamağınıza və bunları yeni nəsillərə ötürməyinizə görə təbrik etmək istərdim.
Siz qeyd etdiyiniz kimi, bizim ortaq köklərimiz var və bu, bizi birləşdirir. Biz ənənələrimiz, tariximiz, ortaq mədəniyyətimiz, dünyagörüşümüz əsasında daha da yaxınlaşmaq istəyirik. Buna görə düşünürəm ki, mənim səfərim bizim qardaşlıq münasibətlərimizin möhkəmlənməsi işinə xidmət edəcək.
Mən Sizinlə razıyam ki, ölkələrimiz regional əməkdaşlıq, regionda təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də mühüm rol oynayır. Sabitliyin, inkişafın yüksək səviyyəsi bizim ölkələri fərqləndirir. Siz çox düzgün qeyd etdiniz ki, ölkələrimiz BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində dəyişiklikləri fəal həyata keçirirlər. Biz əksər göstəricilər üzrə nəzərdə tutulanları nəinki yerinə yetirmişik, hətta artıqlaması ilə yerinə yetirmişik. Türkmənistana gələn, Sizin ölkənizin necə inkişaf etdiyini, vətəndaşlar üçün necə şərait yaradıldığını, iqtisadiyyatın, sənaye potensialının necə artdığını görən hər kəs bunu yəqin edir.
Azərbaycanda biz Sizin uğurlarınıza sevinirik. Biz əminik ki, qardaş Türkmənistan xalqı Sizin müdrik rəhbərliyinizlə bundan sonra da tərəqqi yolu ilə irəliləyəcək. Əlbəttə, belə yaxşı imkanlardan istifadə etməklə əməkdaşlığı möhkəmlətmək lazımdır. Biz məhz bununla məşğuluq və əminəm ki, səfər bu istiqamətdə çox səmərəli olacaq. İqtisadi sahədə qarşılıqlı fəaliyyət, nəqliyyat sahəsində əməkdaşlıq, sənaye kooperasiyası - müzakirə üçün mövzu çoxdur. Əminəm ki, biz qarşıya qoyulmuş hədəflərə nail olacağıq. Səmimi qəbula və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm.
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti ilə Türkmənistan Prezidentinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Görüşdə Türkmənistan Prezidenti Berdiməhəmmədov çıxış edərək deyib:
İcazə verin, bizim dəvətimizi qəbul etdiyinizə və qardaş, qonaqpərvər Türkmənistana rəsmi səfərə gəldiyinizə görə Sizə bir daha təşəkkür edim. Əlbəttə, Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Çünki bu səfər bizim mehriban qonşuluğumuzun, qarşılıqlı hörmətin, beynəlxalq aləmdə, ticari-iqtisadi əməkdaşlıq məsələlərində və mədəni-humanitar sahədə təsəvvürlərimizin şaxələndirilməsinin məntiqi davamıdır.
Xarici siyasət məsələlərinə gəldikdə, bizim prinsiplərimiz şübhəsiz ki, oxşardır və ya üst-üstə düşür. Yəni biz həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasına tərəfdarıq. Sizə təşəkkür edirik ki, beynəlxalq aləmdə Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüsləri dəstəkləyiriniz. Əlbəttə, biz bütün məkanlarda, BMT və ATƏT kimi nüfuzlu qurumlarda, beynəlxalq təşkilatlarda bir-birimizi qarşılıqlı surətdə dəstəkləyirik. Mənim fikrimcə, bu da çox düzgündür. Əlbəttə, tərəfdaşlıqda elə məsələlər var ki, biz onlara da münasibət bildirməliyik. Terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, transsərhəd cinayətkarlıq kimi təhdidlər və çağırışlar bu qəbildəndir. Buna görə də biz əlbəttə ki, belə təhdidlərə qarşı mübarizəni bundan sonra da davam etdirəcəyik.
Demək istərdim ki, Xəzər dənizi də bizi birləşdirir. Bu yaxınlarda Xəzəryanı dövlətlər Xəzərin hüquqi statusu barədə Konvensiyanı qəbul etdilər. Buna görə bizim üçün burada da, o cümlədən mehriban qonşuluq məsələlərində çox böyük imkanlar yaranır. Başlıca məsələ odur ki, biz hamımız eyni fikirdəyik - Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir və biz bundan sonra da fəaliyyətimizi bu ruhda davam etdirəcəyik.
Bizim ticari-iqtisadi məsələlərimizə gəldikdə, iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya fəaliyyət göstərir və buna görə Sizə təşəkkür edirik. Sevindirici haldır ki, bu ilin 9 ayı ərzində əmtəə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb. Kənd təsərrüfatı, tikinti, sənaye kimi sahələrdə yaxşı meyllər yaranıb. Azərbaycanın yeni texnologiyaları, əlbəttə ki, bizi cəlb edir. Hər halda bütün dünya rəqəmsal texnologiyalara, rəqəmsal iqtisadiyyata keçir. Buna görə də biz gələcəkdə də bu ruhda davam edəcəyik.
Əlbəttə ki, nəqliyyat məsələlərini, yəni məhz tranzit nəqliyyat dəhlizlərinin inkişafı və onun logistikasının düzgünlüyünün müəyyənləşdirilməsini qeyd etmək istərdim. Bilirsiniz, Sizinlə bizim - Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropaya çıxışla bağlı nümunəvi təcrübəmiz və imzalanmış razılaşmalarımız çoxdur. Mən xatırlatdım ki, biz bu gün TRASEKA, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, TİR kimi beynəlxalq qurumlarla yaxşı əlaqələrə malikik və bu, böyük əhəmiyyət kəsb edir. Sizin Bakı-Tbilisi-Qars kimi çox yaxşı infrastrukturunuz var. Görürsünüz, bizdə nümunələr çoxdur. Ona görə də biz düzgün logistikamızı həm avtomobil, dəmir yolu, həm də bərə nəqliyyatı üzrə inkişaf etdirə bilərik. Bizim dəmir yolu üçün güclü bərə nəqliyyatımız var. Bu bizdə Ro-Ro tipli avtonəqliyyat üçün oxşar variantdır. Düşünürəm ki, biz bu fəaliyyəti düzgün logistikamızla da gücləndirə bilərik. Hərçənd yadımdadır, Siz Xəzəryanı ölkələrin dövlət başçılarının Sammitində də bu variantı təklif etdiniz - Xəzəryanı dövlətlər arasında düzgün logistika yaradılsın və bu müşavirə məhz Bakıda keçirilsin. Fikrimcə, biz bu məsələnin əməkdaşlığa dair ikitərəfli dialoq çərçivəsində müzakirəsinə artıq başlamışıq.
Energetika məsələləri. Bizim çox güclü ehtiyat potensialımız var. Buna görə də biz bu məsələlərdə enerji inteqrasiyasının tərəfdarıyıq. Təkcə bizim ölkələrimiz üçün yox, həm də regional səviyyədə beynəlxalq bazarlara birgə çıxa bilərik. Düşünürəm ki, bu cəhətdən biz yaxşı əməkdaşlıq edə bilərik. Yəni gördüyünüz kimi, bizdə müxtəlif sahələrin elə mənzərəsi və aspekti var ki, ölkələrimiz arasında əmtəə nomenklaturunu genişləndirə bilərik. Buna görə də mən bir daha qeyd edim ki, burada iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya bilavasitə rol oynayır. Yəni biz onun iclasını azı ildə bir dəfə keçirməliyik, çünki bir qədər fasilə yaranıb, amma bəzi məsələlər, necə deyərlər, təcili həllini tələb edir.
Əlbəttə ki, mədəni-humanitar sahə də əməkdaşlığın ayrılmaz tərkib hissəsidir. Bizi çox sevindirir ki, ortaq köklərimiz, mənşəyimiz, ənənələrimiz, milli xüsusiyyətlərimiz var. Biz müasir mərhələdə təhsil, elm, turizm sahələrinin, idmanın inkişafı məsələlərinə böyük əhəmiyyət veririk. Bu gün, əlbəttə ki, bunlar da lazımdır, çünki onların hamısı böyüməkdə olan gələcək nəsil üçün həm vətənpərvərlik, həm də ideoloji cəhətdən bizim əcdadlarımızın vəsiyyətləridir. Bilirəm ki, Siz xalçaçılıq məsələlərinə böyük diqqət yetirirsiniz. Dediyim kimi, biz də bu sahəyə böyük diqqət yetiririk. Məncə biz hətta Bakıda olanda təklif etmişdik ki, həm bizdə, həm sizdə xalça sərgiləri təşkil olunsun. Bu halda beynəlxalq səviyyəyə çıxmaq və ya bizim xalçalara aid beynəlxalq konfrans keçirmək olardı. Yəni gördüyünüz kimi, biz qarşılıqlı hörmət və etimad fonunda bu cür ikitərəfli əməkdaşlığa meylliyik. Buna görə də mən bir daha Sizə bu səfərinizə görə təşəkkür etmək istərdim. Çünki Sizin səfəriniz, şübhəsiz ki, bu gün müzakirə etdiyimiz məsələlərə daha artıq güc, mən deyərdim ki, yaxşı təkan verəcək.
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Sizin nümayəndə heyətinizin üzvlərinə, əlbəttə ki, qardaş Azərbaycan xalqına ən yaxşı arzularımı bildirirəm. Sizə təşəkkür edirəm.
Daha sonra Azərbaycan Prezidenti çıxış edərək qonaqpərvərliyə, dəvətə, səmimi qəbula görə təşəkkür edib və yenidən qardaş Türkmənistan torpağında olmağına şad olduğunu bildirərək deyib:
-Mən dünən ölkənizin nailiyyətləri ilə tanış olmaq imkanı qazandım və bu, Türkmənistanın inamlı müsbət inkişafının nümayişidir. Şəxsən Sizi və bütün Türkmənistan xalqını quruculuq yollarında böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm.
Biz də səfərə böyük əhəmiyyət veririk və səfər çox yaxşı hazırlanıb. Səfərin yekunları üzrə xeyli sənədin imzalanacağı nəzərdə tutulub. Əminəm ki, onlar vaxtında reallaşacaq və bununla da bizim əməkdaşlığımız üçün daha yaxşı şərait yaranacaq.
Biz Türkmənistanla əməkdaşlığa böyük əhəmiyyət veririk. Siz qeyd etdiyiniz kimi, bizim ümumi köklərimiz, tariximiz, xalqlarımızın yaxınlığı elə bir bünövrədir ki, onun üzərində öz birgə gələcəyimizi qururuq. Həm də təsadüfi deyil ki, biz beynəlxalq qurumlarda birgə fəaliyyət göstəririk, bir-birimizi dəstəkləyirik. İkitərəfli planda əməkdaşlıq potensialını gücləndiririk və bütün bunlar sabitliyə doğru aparır, regional təhlükəsizliyi möhkəmləndirir. Bu gün regional təhlükəsizliklə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Biz görürük ki, dünyanın müxtəlif guşələrində toqquşmalar, qanlı hadisələr baş verir, dövlətlərin təməlini sarsıdan proseslər gedir. Buna görə də düşünürəm ki, belə mürəkkəb vəziyyətdə həm Azərbaycanın, həm də Türkmənistanın yüksək inkişaf səviyyəsi, sabitlik nümayiş etdirməsi xüsusilə əhəmiyyətlidir və bunlar bir daha ölkələrimizin getdiyi yolun düzgün olmasından xəbər verir.
Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın istiqamətləri çoxdur. Əminəm ki, indiyədək olduğu kimi, gələcəkdə də beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu gün biz artıq təkbətək görüşdə əməkdaşlığın xeyli mühüm məsələlərini müzakirə etmişik və nümayəndə heyətləri çərçivəsində də müzakirələri davam etdirəcəyik. Biz gələcək əməkdaşlığın əsas istiqamətlərini, prioritetlərini qeyd etdik. Hesab edirəm ki, əmtəə dövriyyəsinin artırılması məsələsində çox iş görmək olar. Əmtəə dövriyyəsi artsa da, fikrimcə, hələlik ölkələrimizin potensialını tam əks etdirmir. Düşünürəm ki, nümayəndə heyətinin üzvləri Türkmənistan mallarının Azərbaycana, Azərbaycan mallarının isə Türkmənistana ixracını necə artıra biləcəyimizi konkret müzakirə etmək imkanına malik olacaqlar. Əlbəttə ki, bu mövzu hökumətlərarası komissiyanın işi çərçivəsində də prioritet məsələlərdən biri olmalıdır. Razıyam ki, iclaslar arasında müəyyən fasilə olur. Hesab edirəm ki, yaxın vaxtlarda artıq əldə olunan razılaşmaların yerinə yetirilməsi proqramını işləyib hazırlamaq məqsədilə mənim səfərimin yekunlarına əsasən operativ iclas keçirmək mümkün olacaq.
Artıq dediyim kimi, bu gün xeyli sənəd imzalanacaq. Onlar inkişaf istiqamətlərini müəyyənləşdirir, amma həmin məsələlərin reallaşdırılması üzrə fəaliyyət planının olması da zəruridir.
Həm Türkmənistan, həm də Azərbaycan böyük təbii ehtiyatlara malik ölkələrdir. Əlbəttə ki, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir. Biz şadıq ki, Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan borun kəməri ilə nəql edilərək əməkdaşlığımızı möhkəmləndirir. Əlbəttə, bizim münasibətlərimizin əsas mövzularından biri nəqliyyat sahəsidir. Təsadüfi deyil ki, mənim nümayəndə heyətimin tərkibində Azərbaycanın bütün nəqliyyat qurumlarının rəhbərləri var. Onlar artıq türkmənistanlı həmkarları ilə fəal işləyirlər. Biz bu gün Sizinlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın bu məsələlərini də müzakirə etmişik. Yəni, biz bu sahədə bütün ölkələrə və xalqlara fayda gətirəcək çoxtərəfli regional əməkdaşlıq üçün çox yaxşı perspektivlər görürük. Belə ki, mən bizim söhbətimizdən çox məmnunam və düşünürəm ki, səfərin nəticələri də çox müsbət olacaq, ölkələrimizin daha da yaxınlaşmasına xidmət edəcək.
Qonaqpərvərliyə görə bir daha sağ olun, Sizə möhkəm cansağlığı, gələcək uğurlar, qardaş Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram. Sağ olun.
Sonra prezidentlərin iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatını dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov imzalayıb.
Iki ölkə arasında ümumilikdə 21 sənəd imzalanıb.
Sənədlərin imzalanması mərasiminin ardından prezidentlər mətbuata birgə bəyanatla çıxış ediblər.