Qabil Hüseynli: “Qərbin görmək istədiyi proseslər Azərbaycana təzyiq yolu ilə deyil, tədrici təkamüllə gətirilə bilər”
Azərbaycanla qonşu olan iki Cənubi Qafqaz ölkəsi mühüm seçkilər ərəfəsindədir. Gürcüstanda keçirilən son prezident seçkilərində qalib müəyyən olunmadığı üçün, ölkə öz başçısını ikinci turda seçəcək. Həmin seçkilərdə Saakaşvilinin namizədinin qalib gəlmə şansları yüksək dəyərləndirilir.
Prezidentliyin bir addımında olan şəxs Qərbpərəst mövqeyi ilə xarakterizə olunur. Eyni zamanda, Ermənistanda da yaxın günlərdə ölkəni idarə edəcək şəxs müəyyən olunacaq. Həmin ölkədə baş verən inqilabdan sonra yeni seçilən parlament buraxıldı və növbədənkənar parlament seçkilərinin keçirilməsi təyin edildi. Orada da Qərbpərəst imici ilə tanınan Paşinyanın rəhbəri olduğu qüvvələrin qalib gəlmə şansı yüksək dəyərləndirilir. Məhz bu versiyalara görə bəzi iddialar ortaya çıxıb. Bildirilir ki, həmin iki ölkədə baş tutacaq seçkilərdə Qərbpərəstlərin qalib gəlməsi regionda balanslı siyasət yürüdən ölkə kimi Azərbaycanın təklənməsi ilə nəticələnə bilər. Yəni Ermənistan və Gürcüstanda hakimiyyəti ələ alan yeni qüvvələr Azərbaycanı sıxışdırmağa başlaya bilərlər. Bu iddiaları nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, səslənən fikirləri o qədər də inandırıcı saya bilmərik: “Proseslər tam başa çatmayıb, amma müəyyən proqnozları indidən vermək olar. Növbəti ayda hər iki ölkədə seçkilərin nəticəsi bilinəcək. Gürcüstanda Vaşadzenin qalib gəlmə şansı çoxdur. Əlbəttə, bu, həmin ölkədə demokratik prosesləri daha da sürətləndirəcək. Ermənistanda isə Paşinyanın qalib gəlməsinə kimsə şübhə etmir. Bu labüd qələbəni də Qərbin zəfəri kimi qəbul edirlər. Baxmayaraq ki, bu yanaşmanın özü şübhəlidir. Beləliklə, iki Cənubi Qafqaz respublikasında demokratik dəyişiklik adı ilə prosesə start veriləcək. Azərbaycan da demokratik islahatlar yolu ilə gedir. Bizim Qərblə elə bir ciddi problemimiz də yoxdur. Qərb dünyası və Avropa Birliyi ilə ikitərəfli sazişin imzalanması gözlənir. Bu ilin sonlarına doğru həmin proses yekunlaşmalıdır. Azərbaycan qanunvericiliyi Avropa standartlarına tam uyğunlaşdırılıb. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi prosesi gedir. Bir sözlə, Azərbaycan demokratikləşmə prosesindən tam kənarda qalmayıb ki, onunla təzyiq dili ilə danışsınlar. Ona görə də Azərbaycanda hansısa proseslərin başladılmasına təzyiq yolu ilə deyil, danışıqlar vasitəsilə nail olmaq mümkündür. Demokratiya dünyəvi bir prosesdir. Azərbaycan da hər zaman həmin prosesə uyğunlaşır və bütün addımlarını ona uyğun şəkildə atır. Güman edirəm ki, Qərbin görmək istədiyi proseslər Azərbaycana təzyiq yolu ilə deyil, tədrici təkamüllə gətirilə bilər”.
Məhəmmədəli QƏRİBLİ