Məlum olduğu kimi, bu il iyulun 15-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd edib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü, 1984-cü il təvəllüdlü Karen Kazaryan canlı ələ keçirilib.
Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversantın cinayət işi üzrə məhkəmə araşdırması aparılır. Burada erməni diversant Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunur. İndilikdə isə bu şəxs ətrafında baş verənlər Ermənistanın özündə böyük qalmaqal yaradıb. Çünki Azərbaycana keçərkən yaxalanan erməni diversantının azad edilməsi tələbilə Tavuş vilayətinin Berdavan kənd sakinləri aksiyalar təşkil edib. Kazaryanın qohumları və həmkəndliləri onun azad edilməsi tələbilə hətta iki dəfə Ermənistan-Gürcüstan avtomobil yolunu kəsiblər. Onlar İrəvanda baş nazirin iqamətgahı qarşısında da aksiya keçiriblər. Lakin Kazaryanın yaxınlarının və həmkəndlilərinin keçirdiyi aksiyalar baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı qəzəbləndirib. Paşinyan bildirir ki, bu aksiyaların səbəbini anlamır: “Mənim arvadım iki dəfə Kazaryanın ailəsinə baş çəkib. Məsələ heç vaxt diqqətdən kənarda olmayıb. Lakin bu günlərdə keçirilən aksiyalar sual doğurur: bu aksiyalar kimə qarşı yönəlib? Azərbaycana qarşı yönəlibsə, o zaman yolu bağlamaq nəyə lazım idi, axı Azərbaycanın strateji hədəflərindən biri də elə bu yolun bağlanmasıdır. Yox, bizə qarşı yönəlibsə və hesab edirlərsə ki, problemə lazımi diqqət ayırmırıq, o zaman xatırladıram ki, arvadım iki dəfə ailəyə baş çəkib”. Paşinyan xatırladıb ki, Azərbaycanda daha bir Ermənistan vətəndaşı olan Zaven Karapetyan saxlanılır, amma ona görə heç kim yolu bağlamır: “Niyə ona görə yolu bağlamırlar? Ona görə ki, yetimdir? Bu məntiqə söykənirik?”. Paşinyan qeyd edib ki, Azərbaycan tərəfi əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib. O, Dağlıq Qarabağda girov saxlanan Azərbaycan vətəndaşı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi xatırladaraq bildirib: “Biz buna getməliyikmi? Bəs biz öldürülənlərin ailəsindən soruşmuşuq? Belə çıxır ki, Azərbaycana iki Ramil Səfərov da qaytaraq? Kazaryanlar ailəsinin faciəsini başa düşürəm və anlayışla qarşılayıram. Amma birbaşa deyirəm ki, Gürcüstana gedən yolu bağlamağın məntiqi mənə aydın deyil. Yəni nəsə edə bilərdik və bunu etməmişik?”.
Xatırladaq ki, bu günlərdə Azərbaycanın Əsir, Girov və İtkin Düşmüş şəxslərin axtarışı üzrə Dövlət Komissiyasının sədri Mədət Quliyev Ermənistana əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib. Lakin Ermənistan tərəfi əvvəlcə bu təklifə məhəl qoymamağa çalışıb, daha sonra Azərbaycan tərəfinin onlara belə təklif vermədiyini iddia edib. Nəhayət bildiriblər ki, Dağlıq Qarabağda girov saxlanan Azərbaycan vətəndaşlarını heç bir halda dəyişmək fikrində deyillər. Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva qeyd edib ki, beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş istifadə olunur. XİN rəsmisi vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn müvafiq konvensiyaları, eləcə də humanizm prinsiplərindən çıxış edərək hər iki tərəfdə saxlanan girovların dəyişdirilməsi təklifi ilə çıxış etdiyi halda, Paşinyan səsləndirdiyi bəyanatla əslində ölkəsinin üzvü olduğu Cenevrə Konvensiyaları və onun əlavə protokollarına zidd olaraq beynəlxalq öhdəliklərini kobudcasına pozduğunu etiraf etdi: "Bu addım, həmçinin, onun ATƏT-in Minsk Qrupunun həmsədrlərinin hər zaman təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymadığını göstərdi. Ermənistanın baş naziri vəzifələrini icra edən Paşinyanın bu bəyanatı onun sivil davranışlardan tamamilə uzaq, sözdə sülh və barışıqdan bəhs edən, əməli olaraq isə ümumbəşəri humanizm prinsiplərini rədd edən birisi olduğunu açıq şəkildə nümayiş etdirir. Bu bəyanat Paşinyanın sələfi Serj Sarkisyandan qətiyyən fərqlənmədiyini göstərir".
Paşinyanın əsirlərin dəyişdirilməsi məsələsində bu mövqeyi Ermənistanda da narazılıq yaradır. Əsir düşən erməninin Berdavandan olan həmkəndliləri Paşinyanın məlum fikirlərindən sonra ona yazılı müraciət ünvanlayıb. Kənd sakinləri müraciətdə onları təhqir edən Paşinyan və hökumətindən üzr tələb ediblər. Məktubda bu xüsusda bildirilib: “Hökumət nümayəndələri Berdavan kəndində keçirilən etiraz aksiyalarına siyasi don geyindirməyə çalışır. Hökumət nümayəndələri bizə deyirlər ki, Karen sərhəd rejimini pozduğu üçün əsir götürülüb. Əlbəttə, siz sərhəd kəndində yaşamırsınız və cəbhədən uzaq, təhlükəsiz yerdə oturmusunuz. Buna görə də asanlıqla bizim etirazlarımıza istədiyiniz donu geyindirə bilirsiniz”.
Ermənilər məktubda Paşinyanı verdiyi vədə əməl etməməkdə ittiham edirlər: “Əziz Nikol Paşinyan, siz və komandanız insanlara xidmət etməyin vacib olduğunu deyirsiniz. Biz də bunun yollarını sizin üçün açdıq, küçələrə töküldük. Lakin indi siz bizim rəsmi şəxslərdən üzr tələb etmək haqqımızın olmadığını düşünürsünüz. Hökumət nümayəndələri kənd sakinlərini “Azərbaycanın 5-ci kolonu”, “Azərbaycan dəyirmanına su tökənlər”, “Daxili düşmən” adlandırır. Siz də həmin insanları dəstəklədiyinizi bildirirsiniz. Siz necə deyə bilərsiniz ki, Berdavan “Azərbaycanın 5-ci kolonu”dur”?
Qeyd edək ki, Ermənistan baş nazirinin müavinləri Ararat Mirzoyan və Tiqran Avinyan da adıçəkilən kənddə keçirilən etiraz aksiyalarını sərt şəkildə tənqid edib. Paşinyanın onları dəstəkləməsi isə artıq Ermənistanda ciddi narazılıq yaradıb.
Nahid SALAYEV