Günel Fərhadqızı: “Hesab edirəm ki, İlham Əliyevin Aşqabad səfərindən sonra “Transxəzər” üçün yeni perspektivlər açılacaq”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Türkmənistana rəsmi səfər edib. Cənab İlham Əliyev səfər çərçivəsində bir sıra mühüm danışıqlar aparıb və qonşu ölkə ilə qarşılıqlı maraq kəsb edən sahələrə uyğun sənədlər imzalanıb. Artıq bu istiqamətdə xeyli iş görülüb. İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov ilə təkbətək görüşü də olub. Təkbətək görüş başa çatandan sonra Prezident İlham Əliyevin və Prezident Qurbanqulu Berdıməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Məlum olduğu kimi, Türkmənistan “Transxəzər” adlanan layihə vasitəsilə öz təbii ehtiyatlarını Avropa bazarına çıxarmağı planlaşdırır. Bir sıra analitiklər iddia edirlər ki, İlham Əliyevin Türkmənistan səfərindən sonra həmin layihənin tam ərsəyə gəlməsi istiqamətində mühüm razılıq əldə oluna bilər. Bu baxımdan maraqlıdır, İlham Əliyevin Türkmənistan səfəri “Transxəzər” layihəsi üçün hansı şansları açır?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, Türkmənistan zəngin qaz ehtiyatlarına malik olan ölkədir: “Təbii ki, onlar dünya bazarına çıxıb, məhsullarını satmaqda maraqlıdırlar. Xüsusilə də Avropa bazarına daha çox meyl edirlər. Bir Mərkəzi Asiya ölkəsinin belə imkanı əldə etməsi o qədər də asan deyil. Amma Azərbaycanın ərsəyə gətirdiyi meqalayihələr bunu mümkün edə bilər. Məhz bu baxımdan da Türkmənistanın “Transxəzər”lə bağlı cəhdləri son vaxtlar daha da güclənib. Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi sayəsində Xəzər dənizi vasitəsilə qaz kəmərinin çəkilməsinin zəruri hüquqi bazası yaradılıb. İndi bu qaz kəmərinin çəkilməsi üçün yalnız layihənin iştirakçı tərəflərinin razılığı və yüksək beynəlxalq standartlara cavab verən ekoloji ekspertiza tələb olunur. “Transxəzər” qaz kəməri layihəsi ildə 30 milyard kubmetr həcmində Türkmənistan təbii qazının ən azı 30 il müddətinə Xəzər dənizinin Türkmənistan sahillərindən ötürülməklə Avropa bazarlarına tədarükünü nəzərdə tutur. Çox güman ki, İlham Əliyevin səfəri zamanı “Transxəzər” qaz kəmərinin çəkilməsi ilə bağlı müzakirələr aparılıb. “Transxəzər” qaz kəmərinin çəkilməsi həm də Azərbaycan-Türkmənistan münasibətlərinin daha da yaxınlaşmasına səbəb olacaq. Bu layihənin baş tutması Aşqabad üçün çox önəmlidir. Türkmən qazı üçün yeni istiqamətlər açılacaq”.
Ekspertin sözlərinə görə, Türkmənistan Avropa bazarlarına qaz tədarükü imkanlarını nəzərdən keçirir və bu məsələyə dair Avropa Komissiyası ilə danışıqlar aparıb: “Bu yaxınlarda Əbu-Dabidə keçirilən Beynəlxalq Neft-Qaz Konfransında Türkmənistan Prezidentinin neft və qaz məsələləri üzrə müşaviri Yaxşıgəldi Kakayev bəyan edib ki, onlar Avropa istiqamətində ixrac marşrutlarını nəzərdən keçirir, bu məsələ ilə bağlı Avropa Komissiyası və tranzit ölkələrlə fəal danışıqlar aparırlar. Xatırladaq ki, Türkmənistan “Transxəzər” qaz kəmərinin tikintisi və türkmən qazının “Cənub Qaz Dəhlizi” ilə Avropaya tədarükü məsələləri ilə bağlı Azərbaycan, Türkiyə, Gürcüstan və Avropa İttifaqı ilə müzakirələr aparır.
Türkiyə də bəyan edir ki, türkmən qazının Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə dünya bazarlarına çatdırılması məsələləri müzakirə edilib və onlar buna razıdırlar. TANAP 2018-ci il iyunun 12-də istifadəyə verilib. TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə təbii qazın nəqli həyata keçirilir, daha sonra mavi yanacaq “Trans-Adriatik” TAP boru kəməri ilə Cənubi Avropa ölkələrinə çatdırılacaq. Avropaya ilk qaz tədarükünün 2020-ci ildə reallaşacağı gözlənir.
Türkmənistanın bu boru kəmərlərinə qoşulması üçün Xəzərin Türkmənistan və Azərbaycan sahillərini birləşdirən “Transxəzər” qaz kəmərinin tikintisi artıq zərurətə çevrilib. Hesab edirəm ki, İlham Əliyevin Aşqabad səfərindən sonra “Transxəzər” üçün yeni perspektivlər açılacaq və bu istiqamətdə olan bütün detallara aydınlıq gətiriləcək”.
Məhəmmədəli QƏRİBLİ