İbrahim Rüstəmli: “Bu həm də Azərbaycanın Cənubi Qafqazda üstün mövqeyini səciyyələndirən bir faktdır”
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvәlәrinin komandanlarının görüşü olub. Görüşdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi, ordu generalı Yaşar Gülәr, Azәrbaycanın Müdafiә naziri Zakir Hәsәnov vә Gürcüstan Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi, general-mayor Vladimer Çaçibaiya iştirak ediblәr. Görüşdәn sonra birgә protokol imzalanıb.
İmzalama mәrasimindәn sonra keçirilәn mәtbuat konfransında çıxış edәn Yaşar Gülәr bildirib ki, həm regional, həm də qlobal səviyyədə sülhün və sabitliyin mühüm əhəmiyyət daşıdığı bu günlərdə yaxın bölgəmizdə baş verən proseslərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Zakir Hәsәnov isә, öz növbәsindә, bölgədəki hərbi və siyasi vəziyyətin təhlil edildiyini qeyd edərək, üç qardaş dövlətin əməkdaşlığının strateji səviyyədə olduğunu bildirib.
Vladimer Çaçibaiya isə üç ölkə arasındakı hərbi əməkdaşlığın regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Üç ölkə tərəfindən həyata keçirilən hərbi təlimlərin bundan sonra da davam etdiriləcəyini bildirən Çaçibaiya təhsil və idman sahələrində də əməkdaşlıq edəcəklərini qeyd edib.
Bakıda 3 ölkənin yüksək rütbəli hərbçiləri arasında hərbi sahədə əməkdaşlıq barədə keçirilən görüşü və imzalanan sənədin əhəmiyyətini necə qiymətləndirmək olar?
Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, biz ölkəmizin xarici dövlətlərlə hərbi sahədə əməkdaşlığına yüksək dəyər veririk: “Ordu quruculuğu sahəsində beynəlxalq əlaqələrin inkişafı prioritet sayılır. Azərbaycan dünyanın inkişaf etmiş bir sıra dövlətləri ilə müxtəlif sahələrdə bir sıra müqavilələr, əlaqələri şərtləndirən mühüm sənədlər imzalayır. Təcrübə mübadiləsi baxımından bu həm də Azərbaycan Silahlı Qüvvələrinin inkişafını şərtləndirən amillər sırasına daxildir. Müasir hərb bunu tələb edir. Hərb sahəsindəki yenilikləri mənimsəmək üçün belə təmaslar zəruridir. Bu mənada, biz Silahlı Qüvvələrimizin digər silahlı qüvvələrlə əlaqələrini çox yüksək dəyərləndiririk. Azərbaycanın bu kontekstdə Türkiyə və Gürcüstanla əlaqələri daha böyük önəm daşıyır. Çünki həmin ölkələr həm də bizim qonşularımızdır. Bu baxımdan da məhz belə ölkələrlə hərbi əlaqələrin möhkəmləndirilməsi regionun təhlükəsizliyi üçün də böyük əhəmiyyətə malikdir. Bu həm də Azərbaycanın Cənubi Qafqazda üstün mövqeyini səciyyələndirən bir faktdır. Azərbaycan həmin ölkələrlə əlaqələri gücləndirdikcə, beynəlxalq aləmdə də öz siyasi və hərbi nüfuzunu artırmış olur. Biz öz tərəfdaşlarımızla aramızda olan münasibətləri daha da etibarlı etmiş oluruq. Bu amilin ölkələrin hərbi təhlükəsizliyinin təminində də müstəsna əhəmiyyəti var. Bu səbəbdən də belə sənədlərin imzalanması hər zaman tərəfimizdən təqdir edilib. Bundan sonra da ediləcək. Bu baxımdan da üçtərəfli görüşün əhəmiyyətini yüksək sayıram”.
Məhəmmədəli QƏRİBLİ