“Karo Paylanın irəli sürdüyü iddianın heç bir əsası yoxdur və bu, növbəti erməni iftirası, yalanıdır”
Türkiyənin Dolmabahçe sarayı bütün dünyada məşhurdur. Bu ölkəyə qonaq gedən hər bir insan istəyir ki, Dolmabahçe sarayını ziyarət etsin. Tamamilə türk mədəniyyətinə, memarlığına, dünyagörüşünə uyğun inşa edilən Dolmabahçe sarayına qarşı erməni iddiası mövcuddur. Belə ki, Türkiyə Böyük Millət Məclisinin erməni əsilli deputatı Karo Paylan Ermənistan mətbuatına açıqlamasında ağılasığmaz iddia ilə çıxış edib.
Onun sözlərinə görə, Dolmabahçe sarayı guya ki, erməni memarı Karapet Balyan tərəfindən inşa edilib. O iddia edir ki, bu abidənin erməni memarı tərəfindən inşa (?) edilməsi Türkiyə tərəfindən inkar edilir. Türkiyədəki erməni (?) mədəni irsinə toxunan K.Paylan iddia edib ki, bu ölkədə erməni memarın adı inkar edilir. O bildirib ki, tələbə olarkən Dolmabahçe sarayına təşkil edilən tura qoşulub və orada saray bələdçiləri Dolmabahçe sarayının italiyan memarı Baliani tərəfindən inşa edildiyini bildiriblər. Guya sonra K.Paylan araşdırıb öyrənib ki, Dolmabahçe sarayı “görkəmli erməni memarı Balyan və oğulları” tərəfindən tikilib. Onun sözlərinə görə, Türkiyə bu abidənin erməni memarı tərəfindən inşa edildiyini etiraf etməlidir. Paylan onu da önə çəkir ki, guya o özü memar Balyanın nəslindəndir. O bu məsələni vurğulamaqla, əslində, öz şəxsi maraqlarından çıxış edir və öz kökünün hansısa bir naməlum memara bağlı olduğunu ortaya qoyur. Əslində isə Paylan və Balyan soyadlarında heç bir uyğunluq yoxdur. Fərqli soyadlardır.
K.Paylanın bu əsassız iddialarının şərhinə keçməzdən əvvəl bir-iki faktı yadınıza salmaq istəyirik. Bir neçə il əvvəl ermənilər iddia etdilər ki, Misir piramidalarının tikintisində ermənilərin də iştirakı olub. Təxminən il yarım əvvəl isə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Hindistanda rəsmi səfərdə olarkən çıxışında əfsanəvi Tac Mahal abidəsinin ermənilər tərəfindən tikildiyini iddia etmişdi. Sözsüz ki, o bu iddiası ilə özünü gülünc vəziyyətə salmışdı. Bu bir tərəfdən onun tarixlə bağlı bilgisizliyinin, digər tərəfdən isə saxtakarlığa adət etmiş erməni xislətinin bir daha sərgilənməsi nümunəsi idi. Sarkisyandan sonra da erməni əsilli millət vəkilinin heç bir tarixi fakta söykənməyən Dolmabahçe iddiası həqiqətən də erməni saxtakarlığının gerçək iç üzünü açıb göstərir.
Qayıdaq Dolmabahçe sarayının inşasına. Əlbəttə, bu abidədən yazarkən xeyli araşdırma apardıq. İlk şahidi olduğumuz erməni təbliğatının bu məsələdə əməlli-başlı iş görməsi idi. Türkiyənin bir sıra media orqanlarında Dolmabahçenin memarının erməni olduğu qeyd edilir. Sözsüz ki, erməni “mənbələrinə” istinadən.
Dərindən araşdırdıqdan sonra məlum oldu ki, 285 otaqdan, 46 salondan, 6 hamamdan, 68 ayaqyolundan ibarət olan Dolmabahçe sarayı 1839-1861-ci illərdə 31-ci Osmanlı sultanı Sultan Abdülməcid tərəfindən inşa etdirilib.
K.Paylanın Dolmabahçe sarayının erməni memarı tərəfindən inşa edilməsi ilə bağlı iddiası özünü doğrultmur. Araşdırmamız zamanı məlum oldu ki, sarayın memarları türklər olub. Dolmabahçe sarayının tarixindən bəhs edilən “Dolmabahçe sarayı” adlı kitabda sarayın memarlarının Abdulhalim bəy, Altunizade İsmayıl Zühtü paşa olduğu qeyd edilir. Buradan da aydın görünür ki, ermənilərin dünyanın bir sıra məşhur tarixi abidələrinə qarşı irəli sürdükləri iddia Türkiyənin məşhur Dolmabahçe sarayından da yan keçməyib.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, adından da göründüyü kimi, Dolmabahçe tamamilə türk mənşəlidir. O qeyd etdi ki, ümumiyyətlə, dünyada “erməni memarlığı” adlı bir memarlıq üslubu yoxdur. Dolmabahçe sarayında erməni memarın əməyinin olmadığını deyən F.İsmayılov hesab edir ki, həmin dövrdə türk memarlığının özü çox yüksək səviyyədə inkişaf etmişdi və həmin çağda çox ünlü memarlar vardı. Belə əhəmiyyətli bir sarayın inşasının erməni memarına etibar edilməsinin ağılasığmaz olduğunu deyən F.İsmayılov bildirdi ki, həmin dövrdə heç məşhur erməni memarı da olmayıb. “Bilirsiniz, bir mütəxəssis kimi ermənilərin bir sıra dünya memarlıq incilərinə iddia etməsini əsassız sayıram. Erməni əsilli deputatın da Dolmahahçe sarayının erməni memarı tərəfindən inşa edilməsi ilə bağlı fikirlərini rədd edirəm. Bu mümkün olmayan bir məsələdir. Bu gün ermənilər elə abidələrə iddia edirlər ki, heç o abidələr, binalar, monastrlar inşa ediləndə həmin ərazilərdə erməni deyilən millətin izi-tozu yox idi. Ermənilər nəinki Dolmabahçeyə, hətta Qars-Anadolu bölgəsində mövcud olan qədim tarixi abidələrə də iddia edirlər ki, guya həmin abidələr ermənilər tərəfindən inşa edilib və onlar “erməni memarlığı”na aiddir. Ümumiyyətlə, erməni memarlığı deyilən bir memarlıq üslubu yoxdur. Onlar tarixi saxtlaşdırırlar. Dolmabahçe sarayı necə erməni memar tərəfindən tikilə bilər ki, Türkiyənin özündə həmin dövrdə çox ünlü memarlar vardı. Onlar nəinki Osmanlıda, hətta onun hüdudlarından kənarlarda da saraylar, abidələr inşa edirdilər.
Bu saxtakarlığı bu dəfə dünyaya erməni əsilli deputat yayır. K.Paylanın irəli sürdüyü iddianın heç bir əsası yoxdur və bu, növbəti erməni iftirası, yalanıdır”. F.İsmayılov qeyd etdi ki, bu gün ermənilər Qafqaz Albaniyası dövrünə aid olan Azərbaycan mədəniyyətinə məxsus abidələri mənimsəmək istədiyi kimi, Dolmabahçe və digər abidələri də mənimsəmək istəyirlər.
İradə SARIYEVA