Bu gün qardaş Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığı danılmaz həqiqətdir. Digər tərəfdən Azərbaycan enerji məhsullarını Türkiyəyə başqa ölkələrlə müqayisədə daha ucuz qiymətə satır. Bununla yanaşı, qarşıdakı dövr ərzində Azərbaycan üzərindən Türkiyəyə göndərilən enerji resurslarının həcmində yeni artım gözlənir.
Bu şəraitdə Türkiyənin enerji mərkəzinə çevrilməsinə Azərbaycanın verdiyi töhfələr də artır. Türkiyənin “Takvim” qəzeti yazır ki, Azərbaycandan və digər mənbələrdən daxil olan karbohidrogen məhsulları hesabına ölkə həqiqətən də enerji mərkəzinə çevrilir: “Türkiyə prezidenti Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin “Türk axını” layihəsinin dəniz hissəsinin başa çatması ilə əlaqədar İstanbulda görüşməsini qürurla seyr etdik. Rusiyadan təbii qaz alınması baxımından Türkiyə ikinci sıraya yüksələcək, ildə 50 milyard kubmetr rus təbii qazı ölkəmiz üzərindən tranzit yolu ilə keçəcək. Şübhəsiz, bu da regionda Türkiyənin geopolitik mövqeyini gücləndirəcək və gücünü artıracaq. Türkiyə TANAP (Türkmənistan-Azərbaycan-Türkiyə), “Mavi axın” (Rusiya-Türkiyə), Bakı-Tiflis-Ceyhan (Azərbaycan-Gürcüstan-Türkiyə), İraq-Ceyhan boru kəmərləri və türk kəşfiyyat gəmilərinin Aralıq dənizinin şərqində kəşf edəcəyi ehtiyatlarla XXI əsrə öz damğasını vuracaq. Və enerji ehtiyatları olmayan Avropa artıq gözünü Türkiyənin “kranları”ndan çəkə bilməyəcək”.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez isə qeyd edir ki, son illərdə daha çox Azərbaycandan Türkiyə istiqamətində enerji xətləri çəkilib. Nazir bildirib ki, TANAP boru kəməri Türkiyənin enerji mərkəzinə çevrilmə yolunda güclü və etibarlı addımlarla irəlilədiyinin bariz nümunəsidir: “Türkiyənin qaz alıcıları və satıcılarının qovuşduğu, qiymətin təyin edildiyi və bazar münasibətlərinin formalaşdığı enerji mərkəzinə çevrilməsi üçün işlər görülür. Bu çərçivədə yaxın vaxtlarda istismara verilən TANAP boru kəməri güclü və etibarlı addımlarla irəlilədiyimizin bariz nümunəsidir. Təbii qazın satış bazarı olan və regional tələbatın ödənilməsinə də imkan verən infrastrukturla Türkiyə təbii qaz ticarətində söz sahibi ölkələrdən biri olacaq”.
Xatırladaq ki, bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə, planlaşdırıldığı kimi, iyunun 30-da başlayıb. TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 400 milyon kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr, 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 97,6 faizi başa çatıb. Boru kəməri gələn ilin birinci yarısında TAP qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.
Bununla yanaşı, qardaş ölkədə xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri də Azərbaycanın sərmayəsi hesabına İzmir şəhərində inşa olunmuş “Star” Neft Emalı Zavodudur. Türkiyə-Gürcüstan Biznes Şurasının vitse-prezidenti Sərdar Ünsal bildirir ki, bu zavod sayəsində də Türkiyəyə daxil olan enerji resurslarının həcmi artacaq və bu da Türkiyənin iqtisadi inkişafına böyük töhfə verəcək: “TANAP layihəsi, “Star” zavodu və digər iqtisadi, enerji və nəqliyyat layihələri iqtisadi mənada Azərbaycanla Türkiyəni bir-birinə sıx bağlayır. Biz Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu investisiyaların daha da artırılmasını istəyirik. Bizim birgə əməkdaşlığımız həm regionun, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq”.
Türkiyə üçün mühüm məsələlərdən biri də Azərbaycan üzərindən Türkmənistan qazının alınmasıdır. Enerji daşıyıcılarının dünya bazarlarına tədarükünün yeni marşrutları elə Türkmənistan üçün də prioritet məsələlərdən biridir. Aşqabad bu fonda Türkiyə, Avropa bazarlarına da mavi yanacaq nəqlini nəzərdən keçirir. Bu məqsədlə Avropa Komissiyası, Azərbaycan, Türkiyə və Gürcüstanla “Transxəzər” qaz kəmərinin tikintisi və türkmən qazının “Cənub Qaz Dəhlizi“ ilə Avropa ölkələrinə göndərilməsi üzrə danışıqlar aparılır. Hazırda “Transxəzər”in çəkilişi ilə qardaş Türkiyə, eləcə də Avropa Türkmənistanın "Cənub Qaz Dəhlizi" layihəsində əsas iştirakçılardan biri olmasını istəyir. "Türkmengaz" dövlət konsorsiumunun sədri Mırat Arçayev də vurğulayır ki, artıq ölkəsinin "Cənub Qaz Dəhlizi" layihəsində iştirak imkanı mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Türkmənistan qazını TANAP və TAP layihələri vasitəsilə Türkiyədən Avropa bazarlarına çatdırmağa imkan verəcək “Transxəzər” kəməri layihəsi gündəmdən çıxarılmayıb.
Qeyd edək ki, “Transxəzər“ qaz kəməri Türkmənistan təbii qazının azı 30 il ərzində Türkiyə və Avropa bazarına çatdırılmasını nəzərdə tutur. Türkmənistan və Azərbaycanın Xəzər dənizi sahilləri arasında qaz kəməri layihəsi həm də Türkmənistanın TANAP-a qoşulması üçün zəruridir. Hazırda qeyd edilən istiqamətdə intensiv danışıqlar gedir.
Nahid SALAYEV