Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi təcrid siyasəti bu gün barəsində bəhs edilən işğalçı ölkənin çöküşünü daha sürətli hala gətirib. Belə görünür ki, Ermənistanda hakimiyyət dəyişikliyinə rəğmən, bu ölkə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmadan sosial-iqtisadi müstəvidə hansısa inkiaşfa nail olmayacaq.
Qeyd olunan reallığı baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan da çox aydın şəkildə görür. Artıq Paşinyana da yaxşı məlumdur ki, Azərbaycanla münasibətlər normallaşmadan Ermənistanın inkişafı mümkün olmayacaq. Əksinə, Azərbaycanın təcrid siyasəti indi Ermənistanın daha sürətli çöküşünə rəvac verməkdədir.
Özü də Ermənistanda hökm sürən ağır iqtisadi vəziyyət hər keçən gün narazılıqları artırır. İqtisadiçı Qrant Baqratyan da vurğulayır ki, ölkədə sosial-iqtisadi vəziyyət olduqca ağırdır: “Bu da vətəndaşların səbr kasasını doldurub. Hər kəs yaxşı yaşamaq arzusundadır, amma ölkədə heç nə dəyişmir. Ermənistanın hazırkı iqtisadi vəziyyətini nəzərə alsaq, heç bir siyasi rejim bu vəziyyətdə özünü doğrulda bilməz. Ölkə, siyasi rejim dəyişsə belə, problemləri həll etmək iqtidarında deyil“. Belə vəziyyətdə Paşinyan üçün artan problemlərdən biri də müxtəlif yerlərdə əsasən iqtisadi tələblərlə keçrilən aksiyalardır.
Bu arada bir məqamı da qeyd edək ki, gələn il üçün Ermənistanda nəzərdə tutulan layihədə büdcənin gəlirləri 1,5 trilyon dram, xərcləri 1,6 trilyon dram göstərilir. 1 dollar isə hazırda 480 drama bərabərdir. Amma məsələ burasındadır ki, bu fonda büdcədə sosial ödənişlərdə, maaşlarda hansısa artım yoxdur. Bununla bağlı ekspert Babken Tunyan qeyd edir ki, ölkədə “məxməri inqilab” da hansısa uğura nail olmadı. Bu səbəbdən o qeyd edir ki, Ermənistanda təqaüd və maaşlar artmayacaq. Onun sözlərinə görə, bu gün ölkədəki pensiyaçıların təqaüdləri 100 dram artırılarsa, bu, dövlət büdcəsinə çox böyük məbləğə başa gələ bilər: “Təbii ki, belə bir addımın atılmasının ölkə əhalisinin rifahına elə də böyük təsir göstərməyəcəyini nəzərə alsaq, bu halda belə bir sual doğa bilər: hökumət tərəfindən belə bir addım atılmasına dəyərmi? Əslində, pensiyaçıların təqaüdlərinin 1000 dram artırılması ölkədəki bugünkü qiymət artımı ilə müqayisədə heç nədir, yəni belə bir addımın atılması xalqın rifah səviyyəsinin yüksəlməsinə heç bir təsir göstərə bilməz. Əslində, bu seçimi Nazirlər Kabineti etməlidir. Bu gün Ermənistanda insanlar erkən seçkilərdən sonra "məxməri inqilab"ın iqtisadi təsirləri haqqında tez-tez danışmağa başlayıblar. Doğrudan da, deyildiyi kimi ölkədə vergi gəlirləri artırılacağı təqdirdə, pensiya və maaşların səviyyəsində artım olmayacaqsa, bunun əhali arasında hansı effekt verəcəyini də anlamaq lazımdır”.
Nikol Paşinyan özü də ölkəyə investisiyaların cəlb edilməsi, əməkhaqqı və pensiyaların artırılması ilə bağlı ağır vəziyyət hökm sürdüyünü bildirir. Məhz belə bir vaxtda Ermənistanda vəziyyətin daha da ağırlaşması gözlənir. Belə ki, Ermənistanın yeganə quru yolu olan Yuxarı Lars sərhəd-keçid məntəqəsi bir neçə gündür bağlıdır. Sərhəddə qalan insanlar əsəblərinin tarıma çəkildiyini deyirlər. Yüzlərlə yük avtomobili yaranmış problemin nə vaxt həll olunacağını gözləyir.
Ölkənin nəqliyyat və yüksək texnologiyalar nazirinin müavini Armen Pambuxçiyan hələ ötən həftə vətəndaşlara keçid məntəqəsinin açılacağı ilə bağlı söz vermişdi. O demişdi ki, ucqar ərazilərdə güclü qar yağdığından yolun dolayları gediş-gəliş üçün təhlükəlidir. Rəsmi açıqlama yükdaşımalarla məşğul olan şirkətlərdə ciddi narahatlıq yaradıb. Onlar bu müddətdə xeyli pul itirəcəklərini bildirirlər. İqtisadçılar da hesab edir ki, Yuxarı Lars sərhəd-keçid məntəqəsinin bir gün də bağlı qalması yükdaşımalarla məşğul olan şirkətlər üçün təhlükəlidir. Hökumət uzun illərdir bu problemi həll edə bilmədiyindən eyni hal illərdir təkrarlanır. Ona görə də yükdaşımalarla məşğul olan əksər şirkətlər Ermənistana yük gətirməkdən imtina edir.
Digər tərəfdən, gələn ilin əvvəlindən Gürcüstan hökumətinin qərarı ilə ölkə ərazisindən Ermənistana avtomobil yolu ilə yükdaşımaların dayandırılması gözlənir. Erməni mediası yazır ki, gələn ilin əvvəlindən etibarən ölkəni böyük çətinliklər gözləyir. Rəsmi Tiflis isə bəyan edir ki, Gürcüstanda iqtisadiyyatın şaxələndirilərək inkişaf etdirilməsi üçün çox mühüm qərarlar qəbul olunur, tədbirlər görülür. İnkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri də turizmdir. Lakin bəzi məsələlər səbəbindən bu sahədə ciddi problemlər yaranıb. Hökumət həmin problemlərin kompleks həlli ilə bağlı ciddi addımlar atır. Avtomobil yolları ilə tranzit daşınmalarının məhdudlaşdırılması da bu tədbirlərin bir hissəsidir. Hesablamalar hər ay Rusiyadan gələn təxminən 3000 yüklə dolu avtomobilin Gürcüstan ərazisindən keçməklə Ermənistana getdiyini göstərir. Eyni zamanda o qədər də boş avtomobil geri qayıdır. Bu da sərhəd-keçid məntəqəsində çox ciddi gecikmələr yaradır və bundan inciyən, bezən minlərlə turist Gürcüstana gəlməkdən imtina edir. Onların böyük əksəriyyəti sərhəddən geri qayıdır. Bu da, öz növbəsində, Gürcüstanın turizmdən əldə olunan gəlirlərinin əsaslı surətdə azalmasına səbəb olur. Gürcüstan hökuməti, məhz beynəlxalq təcrübəyə əsaslanaraq, avtomobil yolları ilə daşınmalara qadağa qoymaq niyyətində olduğunu bildirir. Ermənilər isə növbəti dəfə acınacaqlı vəziyyətlə üzləşmələrində qonşu Gürcüstanı ittiham etməyə çalışır. Amma reallıq budur ki, Gürcüstan üzərindən də yükdışmalar dayandığı halda Ermənistanın durumu daha da pisləşəcək. Bu isə Azərbaycanın təcrid siyasətinin yüksək effektinin daha bir bariz sübutu olacaq.
Tahir TAĞIYEV