Qabil Hüseynli: “Demək olar ki, olan-qalan imici də xərcləndi”
Məlum olduğu kimi, Azərbaycan və Belarus arasında münasibətlərin dinamik inkişafı bu gün Ermənistanda çox böyük narahatlıq yaradır. Özü də bütün bunlar o fonda baş verir ki, Belarus- Ermənistan münasibətləri sürətlə pisləşməyə doğru gedir. Məhz belə bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfər etməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş verənlər fonunda Ermənistanda daha böyük əndişəyə səbəb olur.
Göründüyü kimi, işğalçı ölkə baş verən son proseslər fonunda isterik bir vəziyyətə düşüb. Məhz belə bir vaxtda Prezident İlham Əliyevin Belarusa səfəri Ermənistanda yaranan narahatlığı daha da artırır. Azərbaycanın Belarusla əməkdaşlığını daha da dərinləşdirməyə hazırlaşması və bunun hərbi sahədə də özünü göstərməsi Ermənistanın mövqeyini daha da sarsıdır. Gözlənir ki, Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığın səviyyəsi artan templə yüksələcək. Onu da qeyd edək ki, Belarus Rusiyadan sonra bir sıra silahları, xüsusilə raket sistemləri istehsal edən, güclü müdafiə sənayesinə malik ölkədir. Məhz bu durumda Belarusa səfəri zamanı Prezident İlham Əliyev bildirib ki, Belarus və Azərbaycan növbəti Belarus hərbi texnikası partiyasının ölkəmizə çatdırılması üzrə müqavilə üzərində işləyirlər.
Belarus-Azərbaycan münasibətlərinin bu şəkildə inkşaf etməsi Ermənistanın KTMT və Avrasiya İttifaqındakı fəaliyyətinə necə təsir göstərəcək?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, Ermənistanın dövlət siyasətində ardıcıllığı olmadığı yalnız bu məsələdə özünü büruzə vermədi: “Bundan əvvəl də onlar həm NATO ilə, həm də KTMT ilə eyni blokda təmsil olunmaq istəyirdilər. Həm Avropa institutları ilə sıx yaxınlaşmanın tərəfdarı kimi görsənirlər, həm də Avrasiya İttifaqında təmsil olunurlar. Əsası qoyulan bu sistemsizlik naşı siyasətçi olan Paşinyanın hakimiyyəti ələ keçirməsindən sonra daha da bərbad günə düşdü. Bu adamın son davranışlarına fikir verin. Özü KTMT-yə rəhbərlik edən generalı heç kimlə məsləhətləşmə aparmadan tutub salıb zindana. Belə olan təqdirdə təbii ki, onun yerinə adam seçilməlidir. Belarus və Qazaxıstan özlərinə hörmət edən ölkə kimi konkret mövqe ortaya qoyublar. Bundan sonra Paşinyan həmin ölkələri təftiş edib, daxili işlərinə qarışmağa başladı. Xüsusilə də Balarusla bağlı daha zilə getdi. Bu xüsusda Belarusa atdığı atmacanın elə həmin ölkədən sərt cavabını aldı. Belarusun verdiyi cavabda diplomatik dillə Paşinyana küçə adamı deyildi. Bütün bunlar onu göstərir ki, Ermənistanın öz müttəfiqlərilə münasibətləri bərbad vəziyyətə salınıb. Yalnız qurumlardakı formal təmsilçilik bunu pərdələyir. Bilirsiniz ki, KTMT-də təmsil olan ölkələr həm də Avrasiya İttifaqında bir yerdədirlər. Yəni bir təşkilatda baş verənlər olduğu kimi digərinə də sirayət edir. KTMT-nin sammitindən sonra Ermənistanın istər Belarus, istərsə də Qazaxıstana yönəlik ortaya qoyduğu müttəfiqə yaraşmayan mövqeyi onun həmin qurumlarla münasibətinə çox pis formada təsir edəcək. Demək olar ki, olan-qalan imici də xərcləndi. Azərbaycanın isə Ermənistanın üzv olduğu qurumlardakı ölkələrin hər biri ilə münasibətləri qat-qat yaxşı səviyyədədir, Ermənistan yalnız buna həsəd apara bilər”.
Məhəmmədəli QƏRİBLİ