Məhəmməd Əsədullazadə: “Faşizm daşıyıcılarını təbliğ etmək dünyada ksenofobiyanın, antisemitizmin, etnik düşmənçiliyin artmasına səbəb olacaq”
Terroru rəsmən dəstəkləyən Ermənistan indi də BMT-ni aldatmaq qərarına gəlib. Belə ki, BMT-nin Baş Assambleyasının Humanitar Komitəsi faşizmin əbədiləşdirilməsinin əleyhinə təqdim olunan rezolyusiya sənədini qəbul edib. Ən maraqlısı isə budur ki, həmin sənədi təqdim edən bir qrup ölkə sırasında Ermənistanın da adı var.
Doğrudan da maraqlı görünür. Çünki Ermənistan faşizmi dövlət səviyyəsində dəstəkləyən, hətta Hitlerin silahdaşlarına heykəl ucaldan bir dövlətdir. Maraqlıdır, BMT-nin bu layihəsində yer alan Ermənistan həmin qara ləkələri öz üzərindən silməyi planlaşdırmır. Çünki Ermənistan rəhbərliyi hələ də ölkənin paytaxtında heykəli ucaldılan faşist Qaregin Njdenin monumenti önünə tər çiçəkləri qoymaqda davam edir. Ermənilər nəinki öz ölkələrində, hətta digər ölkələrdə də faşist ideoloqu Qaregin Njdeyə abidə qoyublar. Onlardan biri də Şimali Qafqazdakı Armavir şəhərindədir.
Yeri gəlmişkən qeyd edək ki, ötən il Rusiyanın Armavir şəhərində Qaregin Njdenin xatirə lövhəsi ilə əlaqədar bir qalmaqal baş verdi. Şəhər sakinləri buna qəti etiraz etmişdilər.
Qeyd edək ki, Njde 1941-ci ildə Almaniyanın tərəfini tutub. O deyirmiş ki, faşistlərin SSRİ ilə müharibədə qələbəsindən sonra Ermənistan müstəqillik qazanacaq. Buna görə də 1942-ci ildə Berlində qurulan Erməni Milli Şurasını SSRİ-yə qarşı silahlı mübarizəyə çağırıb.
Nəzərə alsaq ki, Rusiya faşist ideoloqlarının təbliğ edilməsinin əleyhinədir və bu kimi təşəbbüslərə mənfi yanaşır, o zaman sözügedən abidənin Armavirdən götürülməsi ilə bağlı səylər artırılmalıdır.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ermənilər hər zaman faşist ideologiyasına rəğbət bəsləyiblər: “Bütün dünyada qəbul olunan tezis budur ki, faşizm bəşəriyyət üçün bir bəladır. Bu ideyalara qarşı mübarizə aparılmalıdır. Bütün dünyada faşizmə qarşı mübarizə aparıldığı bir dönəmdə faşist Njdeyə abidənin İrəvanda qoyulması Ermənistanın antisemit mövqeyinin və etnik düşmənçilyin bariz nümunəsidir. Ermənilər faşist ideyalarının daşıyıcısına bu abidəni qoymaqla gənclərə türklərə qarşı, xüsusilə Azərbaycana qarşı düşmənçilyi təbliğ edirlər. Bundan əlavə, faşist Njde Hitlerin müttəfiqi olub, Rusiyaya qarşı müharibədə iştirak edib. Rusiya İrəvanda ucaldılan bu abidəyə qarşı öz etirazını bildirib. Buna baxmayaraq, İrəvan Rusiya ilə müttəfiq əlaqələrinə rəğmən, Njdenin heykəlini götürmədi, hətta onun ideyalarını dövlət ideologiyası kimi qəbul etdi. Rusiyanın öz əyaləti olan Şimali Qafqazda analoji abidənin olması müəyyən suallar doğurur. Hesab edirəm ki, Rusiya rəsmiləri öz ərazisində ilk növbədə bu abidənin sökülməsinə başlamalı, İrəvandan da qəti şəkildə bunu tələb etməlidirlər. Faşizm daşıyıcılarını təbliğ etmək dünyada ksenofobiyanın, antisemitizmin, etnik düşmənçiliyin artmasına səbəb olacaq. İndiki müasir qloballaşan dünyada faşizm bir bəladır. Bu ideyaların təbliği yeni miqyasda müharibələrin alovlanmasına gətirə bilər. Azərbaycanda bərqərar olan multikulturalizm bu gün dünya üçün bir nümunədir. Azərbaycan dinlərin, mədəniyyətlərin bir harmoniyasıdır. Rusiya və Ermənistan bu nümunəni Azərbaycandan götürməlidirlər”.
Vidadi ORDAHALLI