Elşən Əliyev: “Bu üsulla onları nəzarət altında saxlayırlar ki, seçkilərə hər hansı bir təsirləri olmasın”
Ermənistanda növbəti bir maliyyə qalmaqalı yaşanır. “Qazprom Armeniya” şirkəti böyük bir layihənin pozula biləcəyini bildirib. Buna səbəb kimi isə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin verdiyi bəyanatı əsas göstərir.
Şirkətin direktoru Qrant Tadevosyan bildirir ki, onlar Rusiyanın nəhəng banklarından biri ilə illik 6.5 faiz olmaq şərti ilə 150 milyon dollar həcmində kreditin alınması istiqamətində danışıqlar aparıblar: “Həmin pulla biz öz kredit potensialmızı yaxşılaşdırmağı düşünürdük. Bununla da hər il 4 milyon dollara qədər qənaət etməyi planlayırdıq. Biz bununla Ermənistandakı banklardan götürdüyümüz kreditləri də qaytarmağı planlaşdırırdıq. Rusiya bankı ilə razılaşma əldə olunan ərəfədə ciddi problemlə üzləşdik. Artıq bu razılaşmanın əmələ gəlməsi sual altındadır. Çünki Rusiya bankında çoxlu suallar yaranıb. Buna da səbəb bizim Dövlət Komitəsinin səsləndirdiyi bəyanat olub”.
Ermənistanda yaranan bu qalmaqalda kimlər maraqlıdır və prosesin arxasında hansı qüvvələr durur?
İqtisadçı Elşən Əliyevin sözlərinə görə, bu məsələdə iqtisadidən daha çox siyasi çalarlar görünür: “Hesab edirəm ki, Ermənistan büdcəsinə ən böyük ödənişlər edən bir şirkətin vergi ödəyə bilməməklə bağlı reputasiyasına təsir edən bəyanatların səslənməsi təsadüfi deyil. Aparılan təhlillər göstərir ki, 1997-ci ildə yaradılan “Qazprom Armeniya” indiyə kimi yalnız inkişaf edib və dövlət büdcəsinə olan borclarını vaxtında ödəyib. Qeyd edim ki, sözügedən şirkət Rusiyanın “Qazprom” şirkətinin törəməsidir. Onun 20 faiz payı Rusiya nəhənginə məxsus olub. Bu yaxınlarda isə həmin payın da “Qazprom Armeniya”ya verilməsilə bağlı qərar qəbul olunub. Belə olan təqdirdə Ermənistandakı şirkət ölkə daxilində qazı idxal edən bir nömrəli monopolistə çevrilmiş olur. Bilirsiniz ki, Rusiya xarici ölkələrə satdığı qazın qiymətlərini yenidən nəzərdən keçirir və Ermənistanla da bu istqiamətdə danışıqlar aparılır. Kasıb vəziyyətdə olan Ermənistan Rusiyadan qazı nisbətən ucuz qiymətə almaq istəyir. Nəzərə alaq ki, onların alternativ yolları da tükənib. İrana tətbiq edilən sanksiyalar səbəbindən Ermənistan bu istiqamətdə İranla dərin əməkdaşlıqda maraqlı deyil. Hazırda Ermənistan Rusiyadan aldığı qazın hər min kubmetri üçün 150 dollar ödəyir. Onu daxildə 290 dollara satır. Ermənistanın hökumət qurumlarının “Qazprom Armeniya”nı məhz bu məqamda sıxması, şirkətə cinayət işinin qaldırılması Rusiyanı şantaj edib ucuz qiymətə qaz almağa hesablanıb. Burada bir məqam da seçkilərlə bağlıdır. Həmin şirkətin köhnə siyasi elita ilə yaxşı münasibətləri var. Bu üsulla onları nəzarət altında saxlayırlar ki, seçkilərə hər hansı bir təsirləri olmasın”.
Məhəmmədəli QƏRİBLİ