Noyabrın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə də görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli əsasda və NATO proqramları çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.