Əkbər Qoşalı: “Kimlərsə günahkar ola-ola, həm də güclü görünmək istəyir”
Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi dünyada böyük rezonansa səbəb oldu. Artıq neçə vaxtdır sözügedən məsələ əsas müzakirə olunan mövzulardan biridir.
Məlumat üçün qeyd edək ki, C.Qaşıqçı oktyabrın 2-də Baş Konsulluğun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq C.Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da C.Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış. Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Müacib yerli telekanallara müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib ki, jurnalist C.Qaşıqçının ölkəsinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi təəssüf doğurur.
Maraq doğuran məqamlardan biri də odur ki, Qaşıqçı niyə məhz Türkiyədəki diplomatik mərkəzdə qətlə yetirilib. Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanının dünyanın bir çox ölkəsində diplomatik nümayəndəlikləri var, o zaman sözügedən qətli həmin ölkələrdə də həyata keçirmək olardı. Düzdür, Qaşıqçı Səudiyyənin qəzəbinə tuş gəldiyi üçün, bu ölkə ilə yaxın münasibətlərdə olan ölkələrə getmirdi. Ancaq o bir sıra digər dövlətlərə gedib-gəlirdi. Belə olan halda, görünür, Səudiyyə Ərəbistanı Qaşıqçını İstanbulda aradan götürməklə Türkiyənin imicinə kölgə salmaq məqsədi güdüb.
Maraqlıdır, bu ehtimal nə dərəcədə reallığa uyğundur?
Məsələyə münasibət bildirən Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı bu ehtimala bir qədər fərqli prizmadan yanaşdı: “Camal Qaşıqçının öldürülməsi ilə bağlı açıqlamalar, yazılar daha çox bir jurnalistin öldürülməsi şəklində şərh olunur. Gəlin məsələyə ilk növbədə bu nöqtədən baxaq ki, hansı peşə, sənət sahibi, hansı ölkənin vətəndaşı olmasından, hansı şəhərdə öldürülməsindən asılı olmayaraq, bu böyük bir insanlıq ayıbıdır. Hələ bir insan işgəncə ilə öldürülübsə, tam təsdiq olunmasa da, ən çox hallanan versiyaya görə əridilərək öldürülübsə, durum daha vahiməlidir. XXI yüzildə bir konsulluqda belə bir dəhşətli hadisənin yaşanması təsadüfdürmü? Artıq mötəbər qaynaqların açıqlamalarından da gördüyümüz kimi, öncədən planlaşdırılmış bir mənfur aktdan söhbət gedir, səsləndirilən fikirlər təsadüfiliyə ən balaca bir ehtimal yeri qoymur. Əgər kimlərsə, bu aktı Türkiyə əleyhinə çevirməyə cəhd edirsə, bu cəhdinin özü də daha öncədən planlaşdırılmışdısa, elə bilirəm, heç bir nəticəsi olmayacaq. Çünki hadisə baş verən konsulluq İstanbulda yerləşsə də, ora Səudiyyə Ərəbistanının ərazisi sayılır, qətldə iştirakı ehtimal edilən adıbəlli adamlar məhz Səudiyyədən gəlib və yenə öz ölkələrinə qayıdıblar. Öldürülən adam Türkiyə əleyhinə yazıları ilə deyil, məhz krallığa müxalifliyi ilə seçilib və s. “Bu kimə sərf edir?” klassik Roma hüquq yanaşması ilə də ortada olan və beynəlxalq səviyyədə ictimailəşmiş faktlardan da bəlli olduğu kimi, Türkiyə nəinki suçlu tərəf deyil, cinayətkarların bir an öncə tapılıb cəzalandırılması üçün çalışan tərəfdir. Necə deyərlər, “faktdan başqa fakt yoxdur”.
Ə.Qoşalının açıqlamasından o da məlum oldu ki, bu günlərdə Səudiyyə vəliəhdi Türkiyə mallarını boykota çağırdı: “Kimlərsə günahkar ola-ola, həm də güclü görünmək istəyir. Düşdüyü vəziyyətin acığını başqasından çıxmaq istəyirsə, papaqlarını, daha doğrusu, əmammələrini qabaqlarına qoyub bir düşünsünlər. “İki müqəddəs ocağın sahibi” fəxri titulu ilə müraciət edənlər, ən azından, kralına bu ittihamın islam dəyərlərinə nə qədər uyğun gəlib-gəlmədiyini də fərq etsinlər. Hələ kimyəvi maddə ilə adam əritmənin tam rəsmi təsdiqini tapacağı halda, nə izah veriləcək, onu demirəm”.
Vidadi ORDAHALLI