Yeganə Hacıyeva: “Paşinyanın əsas alternativləri seçkiyə belə ümidsiz qatılırlarsa, demək, şəffaflıq və ədalətdən danışmağa dəyməz”
Ermənistanda növbədənkənar seçkilərin baş tutmasına az vaxt qalır. Bir həftə sonra isə seçkidə iştirak edəcək partiyalar üçün təbliğat-təşviqatın aparılması prosesinə start veriləcək. Keçmiş iqtidar partiyası bununla bağlı olduqca maraqlı qərar qəbul edib.
“Respublika” partiyası seçicilərlə canlı görüşlərdən imtina edib. Onlar bunu müxtəlif amillərlə izah edirlər. Ancaq partiya heç də seçkilərdən kənarda qalmaq fikrində deyil. Sadəcə, başqa metodlarla təbliğatın aparılmasına üstünlük verəcəklər.
Artıq Ermənistan Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciətlərin qəbulunu başa çatdırıb. Hakimiyyət əksər müxalifət partiyalarının boykot və seçkilərdə iştirakdan imtina barədə qərarına baxmayaraq, seçkini keçirməkdə israrlıdır. Prosesdə 11 siyasi subyekt - iki blok və doqquz partiya iştirak edir. Onların da böyük əksəriyyəti Ermənistan “Respublika” partiyası istisna olmaqla, Paşinyana yaxınlığı olan və ondan, necə deyərlər, "razılıq” alan partiyalardır. Bloklar qalib gəlmək üçün yeddi, partiyalar isə beş faizlik həddi keçməlidirlər. Əsas məsələ “Respublika” partiyasının parlamentə düşə biləcəyi ətrafındadır. Bu günlərdə partiyanın sədr müavini seçilən keçmiş müdafiə naziri Vigen Sarkisyan məqsədlərini açıqlayıb – əsas müxalifət partiyası olmaq. Çox maraqlıdır ki, Ermənistanın ən böyük siyasi partiyası olan “Respublika” indidən seçki ilə bağlı ümidsizliyini etiraf edir. Onların seçki təbliğatında seçicilərlə canlı görüşdən imtina etmələri və indidən məğlub olacaqlarına hazırlıqları Ermənistandakı seçkilərin qeyri-demokratik şəraitdə keçiriləcəyinin göstəricisi sayıla bilərmi?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Ermənistanda keçiriləcək növbədənkənar seçkilərin taleyi indidən bəllidir: “Artıq Paşinyan hakimiyyəti tam ələ keçirib, bir qalır onun rəsmiləşdirilməsi. Hələ bu seçkilərin təyinatına kimi biz nələrin şahidi olduq... Paşinyan sanki bir diktator kimi davranırdı. Növbədənkənar seçkilərin baş tutması üçün əlindən gələn bütün saxtakarlıqları etdi. Parlament gülməli bir vəziyyətə düşmüşdü. İrəvan meriyasına keçirilən seçkilərin təkrarı olacaq. Paşinyan və tərəfdarları böyük üstünlüklə qalib gələcəklər. Bütün addımlar buna hesablanıb. Ermənistanın buraxılan parlamentdə ən çox səsə malik olan partiyası məğlubiyyətlə indidən razılaşıb. Çünki bilirlər ki, ölkədə demokratik seçkilərin keçirilməsi üçün heç bir şərait yoxdur. Venesiya Komissiyasının seçkilərin demokratik olması üçün təqdim etdiyi tövsiyələri Paşinyan tamamilə kənəra atdı. Çox təəssüflər olsun ki, seçkilərin ilkin müşahidəsini həyata keçirən missiyalar da bu məsələyə loyal münasibət bəsləyirlər. Sanki belə də olmasını istəyirlər. Ermənistanda seçkiqabağı mühitin acınacaqlı olmasını sübut edən ən bariz nümunə elə “Respublika” partiyasının timsalında yaşanır. Seçicilərlə görüşdən imtina elə seçkilərə etiraz anlamına gəlir. Bütün bu faktorlar sübut edir ki, Paşinyan parlament çoxluğunu əldə edib, ölkəni istədiyi formada idarə edəcək. Əsas mübarizənin Paşinyanla keçmiş iqtidar partiyası arasında gedəcəyi gözlənir. Qalan partiya və blokların taleyi bəllidir. Paşinyanın əsas alternativləri seçkiyə belə ümidsiz qatılırlarsa, demək, şəffaflıq və ədalətdən danışmağa dəyməz”.
Məhəmmədəli QƏRİBLİ