Əhməd Şahidov: “Bu baxımdan da Ermənistandakı seçkilərdən sonra biz Paşinyanın mövqeyində dəyişikliyi hiss edəcəyik”
Məlum olduğu kimi, Ermənistan hər iki ölkədə olan əsirlərin Azərbaycanın təklif etdiyi “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini istəmir. Buna görə müxtəlif bəhanələr uydururlar. Onların yüksək rəsmiləri əvvəl dedilər ki, Azərbaycanın təklifindən xəbərsizdirlər. Təklif bir daha publik şəkildə onların diqqətinə çatdırılandan sonra bir az ümidverici danışmağa başladılar.
Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan isə son açıqlamasında erməni hərbi əsirlərin doğmalarının bütün ümidlərini puç edən açıqlama verdi. Bir faktı da xatırladaq ki, erməni hakimiyyətinin öz vətəndaşlarına qarşı nümayiş etdirdiyi sayğısızlıq sadə vətəndaşları açıq etirazlara əl atmağa vadar edir. Belə bir addımı hazırda Azərbaycanda məhkəməsi keçirilən hərbi diversant Karen Kazaryanın qohumları da atıblar.
Azərbaycana keçərkən yaxalanan erməni diversantı, Ermənistanın Tavuş vilayətinin Berdavan kənd sakini Karen Kazaryanın yaxınlarının və həmkəndlilərinin onun azad edilməsi tələbi ilə keçirdikləri aksiyalar baş nazir Nikol Paşinyanı qəzəbləndirib. Paşinyan noyabrın 20-də keçirdiyi mətbuat konfransında Kazaryanın məsələsi haqda danışıb. Deyib ki, Kazaryanın qohumlarının onunla görüşmək istədiyi haqda məlumat alıb və tapşırıb ki, bu görüşü təşki etsinlər.
N.Paşinyan xatırladıb ki, Azərbaycanda daha bir Ermənistan vətəndaşı saxlanır-Zaven Karapetyan. Amma ona görə heç kim yolu bağlamır. "Niyə ona görə yolu bağlamırlar? Ona görə ki, yetimdir? Bu məntiqə söykənirik?”- o sual edib.
Paşinyan qeyd edib ki, Azərbaycan tərəfi əsir və girovların "hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib. "Biz buna getməliyikmi? Bəs biz öldürülənlərin ailəsindən soruşmuşuq?” – o, Dağlıq Qarabağda girov saxlanan Azərbaycan vətəndaşları Dilqəm Əsgərovu və Şahbaz Quliyevi xatırladaraq bildirib.
"Belə çıxır ki, Azərbaycana iki Ramil Səfərov da qaytaraq? Kazaryanlar ailəsinin faciəsini başa düşürəm və anlayışla qarşılayıram. Amma birbaşa deyirəm - Gürcüstana gedən yolu bağlamaq mənə aydın deyil. Yəni nəsə edə bilərdik və bunu etməmişik?” - Paşinyan deyib.
Paşinyanın bu münasibəti əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdiriləcəyini tamamilə puç edirmi?
Azərbaycanlı əsirlərin məsələsi ilə bağlı ixtisaslaşan və Avropa institutlarında daim bu məsələnin müzakirəsini qaldıran hüquq müdafiəçisi Əhməd Şahidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, N.Paşinyanın əsir və girovlarla bağlı son açıqlaması onun məsələyə hazır olmadığını göstərmiş olur: “Mən inanmıram ki, N.Paşinyan sona qədər bu mövqedə qalacaq. Hazırda Ermənistanda seçkiqabağı vəziyyət həssasdır. Buna görə də Paşinyanın açıqlamalarının çoxu seçkiyə hesablanır. Heç şübhə etmirəm ki, həmin açıqlama da məhz bu ab-havada verilib. Erməni əsirlərin qohumlarının keçirdikləri aksiya Paşinyanı çox əsəbləşdirib. Paşinyan belə bir fikir işlədib ki, guya əsirlərin qaytarılması istiqamətində əllərindən gələni edirlər. Ermənistan ictimaiyyəti də gözəl bilir ki, Paşinyan bu istiqamətdə heç bir ciddi addım atmır. Bunun tam əksinə olaraq, Azərbaycan tərəfi öz təşəbbüslərini irəli sürür. Hətta biz vətəndaş cəmiyyəti olaraq, bu istiqamətdə əlimizdən gələni edirik. Azərbaycan təşəbbüskar tərəf olduğu üçün, Paşinyan, bir növ, siyasi manipulyasiya ilə məşğul olur ki, bizimlə razılaşdı kimi çıxmasın. Əminəm ki, onun razılaşmaqdan başqa çıxış yolu yoxdur. Sonunda razılaşacaq. Çünki ölkənin daxilindən də ona ciddi basqılar var. Azərbaycan tərəfinin əlində olanlar da sadə vətəndaşlar deyil ki, Paşinyan rahat manipulyasiya edə bilsin. Onlar peşəkar hərbi diversantlardır. Karen Kazaryanın ailəsi 4 aylıq bir müddətə dözə bilməyib. Halbuki, bizim əsirlərimiz artıq 5-ci ildir qanunsuz olaraq erməni əsirliyindədir. Hazırda Kazaryanın məhkəməsi gedir. Biz prosesi yaxından izləyirik. Tam demokratik və hüquqi normalara uyğun bir məhkəmə prosesi keçirildi”.
QHT sədrinin sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan həmin məhkəmə prosesini açıq və şəffaf şəkildə keçirdi: “Hətta K.Kazaryan əlləri qandallı deyil, sərbəst şəkildə məhkəmə zalına gətirildi. Onun üçün pulsuz vəkil və 3 tərcüməçi verildi. Bu proses hələ bir neçə ay davam edəcək. Elə prosesin ilk günündə Paşinyana onu açıqlama verməyə vadar edən tərzdə təzyiq oldusa, yaxın həftələrdə həmin tələblər daha da güclü olacaq. Bu baxımdan da Ermənistandakı seçkilərdən sonra biz Paşinyanın mövqeyində dəyişikliyi hiss edəcəyik. Bu səbəbdən də biz həmin məhkəmə prosesini geniş şəkildə işıqlandırırıq ki, Ermənistan cəmiyyəti əsl həqiqəti öyrənə bilsin”.
Məhəmmədəli QƏRİBLİ