Arzu Nağıyev: “Bu məsələ İvanişvili tərəfindən yaradılan "Kartu" Fondu vasitəsilə həyata keçiriləcək”
Məlum olduğu kimi, Gürcüstan adı “qara siyahı”da olan 600 mindən çox vətəndaşının banklara olan borcunu silmək barədə qərar qəbul edib. Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze deyib.
O qeyd edib ki, söhbət banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına borcu olan 600 mindən çox insandan gedir: “Borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanacaq və dekabrın 31-dək başa çatdırılacaq. “Qara siyahı”da göstərilmiş borcların təxminən 95 faizini kreditlər təşkil edir ki, onların da hər şəxs üçün məbləği 2 min laridən azdır. Söhbət 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və müxtəlif maliyyə qurumları qarşısındakı təxminən yarım milyard lari təşkil edən maliyyə öhdəliklərindən gedir. Bugünkü qərarla vətəndaşlarımızın bu borcları sıfırlanır. Qeyd etmək lazımdır ki, bu kateqoriyaya sosial təminatsız və məhdud imkanları olan vətəndaşlarımız daxildir”.
M.Baxtadze bildirib ki, borcların silinməsi prosesi “Kartu” Fondunun dəstəyi ilə həyata keçiriləcək. Baş nazir onu da vurğulayıb ki, Gürcüstan xalqı yeni ili borcu olmadan qarşılayacaq.
Məlumdur ki, noyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. 100 minlərlə vətəndaşın kredit borcunun silinməsinin də məhz seçkidə qələbəni təmin etməyə yönəldiyi iddia olunur.
Maraqlıdır, Gürcüstanda adı “qara siyahı”da olan 600 mindən çox vətəndaşın banklara olan borcunun silinməsi seçkinin taleyinə necə təsir edəcək?
Siyasi şərhçi Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, adı “qara siyahı”da olan vətəndaşların kredit borclarının silinməsi barədə anons verilsə də, bu proses dekabrın 31-nə qədər nəzərdə tutulub: “Kredit borclarının silinməsi əsasən aztəminatlı ailələrə şamil olunacaq. Bu məsələ İvanişvili tərəfindən yaradılan "Kartu" Fondu vasitəsilə həyata keçiriləcək. Məlumdur ki, İvanişvili həm də hakimiyyətə tam dəstək göstərən biznesmendir, həm də siyasi liderdir”.
Həmsöhbətimizin sözlərinə görə, seçkiqabağı kreditlərin silinməsi və ya digər formatda anonslar verilir. Bu tip anonslar seçkiyə hər cür təsir edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu prosesin həyata keçirilməsi dekabrın 15-31-nə kimi davam edəcək: “Baş nazir çıxışı zamanı bildirib ki, aztəminatlı vətəndaşlar yeni ili kreditsiz başa vuracaq. Bu kampaniya seçki üçün nəzərdə tutulub və inandırıcı görünmür. Bu anonsun özü də siyasi gediş ola bilər”
Günel CƏLİLOVA