Azad İsazadə: “Bu faktın özü göstərir ki, Azərbaycan-Belarus əməkdaşlığı Ermənistana ciddi surətdə təsir edir”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Belarusda sayca 5-ci rəsmi səfərində olub. Ölkə başçısı Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirib.
Görüşlərdə ölkələrimiz üçün maraq kəsb edən bir sıra məsələlər müzakirə olunub. Mətbuata birgə bəyanatla çıxışlarında prezidentlər Azərbaycan və Belarusun etibarlı tərəfdaş və mehriban dost ölkə olduqlarını diqqətə çatırıblar.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var: “Bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək”.
Onu da qeyd edək ki, işğalçı Ermənistan rəhbərliyi zaman-zaman KTMT amilini qabardaraq Belarusun Azərbaycana silah satmasından narahatlığını ifadə edib. Ancaq bunların heç birinə Belarus ciddi yanaşmayıb. Ona görə ki, Belarus beynəlxalq hüquq normaları çərçivəsində bütün bunları edib. O üzdən, Prezident İlham Əliyevin məlum açıqlaması göstərdi ki, bundan sonra da iki ölkə arasında hərbi əməkdaşlıq inkişaf edəcək.
Sözügedən məsələni dəyərləndirən hərbi ekspert Azad İsazadənin fikrincə, Azərbaycanla Belarus arasında hərbi əməkdaşlıq çoxdan mövcuddur və bunu Ermənistan dayandıra bilməz: “Belarusun hərbi-sənaye kompleksi son illər inkişaf edib. Hazırda bu ölkə müasir silahlar istehsal edir. Buna nümunə kimi məşhur “Polonez” sistemlərini göstərmək olar. Prezident Lukaşenkonun sözündən məlum oldu ki, vaxtilə hərbi texnologiyaların inkişaf etdirilməsinə Azərbaycan da investisiya qoyub. Sözsüz ki, Belarusdan alınan silahlar ilk növbədə Rusiyada olan silahların analoqudur. Yəni silahlar bir-birinə oxşayır. Bununla Azərbaycan Rusiya silah bazarından nisbətən azad olur. Yeni silah ixracatçısı kimi Belarus bizim üçün maraqlı və keyfiyyətlidir. Hesab edirəm ki, normal, konkret və çox gözəl bir hadisədir. Bunu ancaq təqdir etmək olar. Azərbaycan və Belarusun hərbi əməkdaşlığının siyasi məqamları da var. Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində Ermənistanla müttəfiqdir. KTMT üzvü olan digər dövlətlərlə, o cümlədən Belarusla belə ciddi əlaqələrimiz Ermənistanın bu blok daxilində rolunu və əhəmiyyətini azaldır. Yəni siyasi baxımdan da belə bir əməkdaşlıq Azərbaycana xeyir gətirir. Belarusla əməkdaşlıq neçə ildir mövcuddur. Sadəcə, bu əməkdaşlıq hər iki tərəfdən inkişaf etdirilir. Belarusla hərbi əməkdaşlıq həm alternativ bazar, həm maliyyə, həm də siyasi baxımdan Azərbaycan üçün əlverişlidir. Belarusla Ermənistan arasında belə yüksək səviyyəli hərbi əməkdaşlıq yoxdur. Ermənistan silahı kredit əsasında Rusiyadan alır. Belarusa isə belə şərtlərlə ermənilərə silah vermək sərf etməz. Hər halda, Belarusla Ermənistanın əməkdaşlığı Azərbaycan-Belarus əməkdaşlığı səviyyəsində deyil. Azərbaycanın Belarusdan silah alması, ümumiyyətlə, hərbi arsenalını gücləndirməsi həm də bir mesajdır. Emənistanın baş naziri vəzifəsini icra edən Paşinyan ölkəmizə silah satdığı üçün Belarusa irad tutub. Bu faktın özü göstərir ki, Azərbaycan-Belarus əməkdaşlığı Ermənistana ciddi surətdə təsir edir”.
Vidadi ORDAHALLI