Kazım Məmmədov: “Narkomaniya bəşəri bir bəladır, onunla mübarizə terrorla mübarizə səviyyəsində aparılmalıdır”
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin narkotiklərlə mübarizə üzrə beynəlxalq konfransı Bakıda keçiriləcək.
Onun sözlərinə görə, bu barədə konfrans təşkilatçıları Azərbaycan Prezidentinə müraciət ediblər: "Cənab Prezident bu konfransın keçirilməsinə razılıq verib. 2019-cu il aprelin 16-18-də konfransın Bakıda keçirilməsi qərara alınıb. Artıq bununla bağlı təşkilat komitəsi də yaradılıb. Tədbirdə 120 dövlətdən 500-ə qədər nümayəndə olacaq. Tədbirdə bəzi ölkələrin başçıları da iştirak edəcək".
Narkotiklərlə mübarizə üzrə mühüm beynəlxalq tədbirlərin Bakıda keçirilməsi nəyin əlaməti sayıla bilər?
“Narkotiklərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi” layhəsinin rəhbəri, QHT sədri Kazım Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan bir ölkə kimi müxtəlif profilli mühüm tədbirlərə evsahibliyi edir: “Narkotiklərlə mübarizə sahəsində də biz mühüm tədbirlərin keçirildiyi məkana çevrilmişik. Elə gələn il keçiriləcək tədbirin anonsunun verildiyi sessiya da buna misaldır. Hansısa problemlə bağlı bir tədbirə evsahibliyi edirsənsə, gərək həmin sahədə sənin göstəricilərin yaxşı olsun. Narkomaniyanın tüğyan etdiyi bir ölkədə belə tədbir keçirilsə, elə ilk iradı təşkilatçıya tutarlar ki, özündə vəziyyəti düzəlt, sonra bəşəriyyətin xilasından danış. Azərbaycanda narkotiklərlə mübarizə sahəsində nəticələr qənaətbəxşdir. Bir faktı nəzərə alaq ki, biz narkotrafik üçün əlverişli sayıla biləcək bir neçə mühüm marşrutun üzərində yerləşirik. Bundan əlavə, dünyada olan 11 iqlim qurşağından 9-na sahibik ki, bu da narkotiklərin əkilib-becərilməsi üçün münbit şərait deməkdir. Bütün bunların fonunda, bizdə narkotiklərin yayılması azdır, onunla mübarizə isə yüksək səviyyədə aparılır. Azərbaycan müstəqil olandan sonra bu işlərə start verilib. Xüsusilə də mərhum Ümummilli Lider Heydər Əliyevin idarəçiliyi dönəmində bu sahə ilə mübarizə üçün mühüm addımlar atıldı. Dövlət Komissiyası yaradıldı, qanunvericilik təkmilləşdirildi. Hazırda da həmin siyasət uğurla davam etdirilir. Mən bu məsələdə bizim gömrük və hüquq-mühafizə orqanlarının rolunu xüsusi qeyd etmək istərdim. Məhz onların sayıqlığı nəticəsində biz bu bəlaya az düçar ola bilirik. Narkomaniya bəşəri bir bəladır, onunla mübarizə terrorla mübarizə səviyyəsində aparılmalıdır. Çünki o sərhəd tanımır. Narkotiklərin yayılmasında böyük kartellər, sindikatlar maraqlı olurlar. Onlar hər yerdə potensial alıcı axtarırlar. Bu, məktəb, universitet, restoran və s. ola bilər. Buna görə də hər bir gəncin həmin bəlaya alüdə olmamasını təmin etmək üçün maarifləndirmə yüksək səviyyədə aparılmalıdır. Azərbaycan dövləti bu sahənin də qeydinə qalır və QHT-lərə qrant şəklində maliyyə ayırır. Hazırda ölkəmizdə narkotiklərlə mübarizə sahəsində fərqli layihələr icra olunur. Məhz bunların nəticəsidir ki, ölkəmiz belə tədbirlərə evsahibliyi edir. Hesab edirəm ki, bu həm də bizim təcrübəmizin qonaq gələcək ölkələr tərəfindən mənimsənilməsi baxımından da mühüm əhəmiyyətə malikdir”.
Məhəmmədəli QƏRİBLİ