Məhəmməd Əsədullazadə: “Bu həm də o deməkdir ki, Minsk və Bakı strateji tərəfdaşdırlar”
"Azərbaycan bizim üçün etibarlı strateji tərəfdaş olub və olaraq qalır. Biz sizinlə dostluğumuzu yüksək qiymətləndiririk və Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazırıq. Bizdə əməkdaşlıq üçün qapalı mövzular yoxdur. Biz heç vaxt hansısa üçüncü, beşinci ölkələrə qarşı əməkdaşlıq etməmişik. Biz xalqlarımızın rifahı üçün nə lazımdırsa edirik. Hər hansı gizli, qapalı mövzular yoxdur və heç vaxt olmayacaq. Biz bütün dünya üçün səmimi və açığıq, bizim qarşılıqlı münasibətlərimiz də elədir”.
Xəbər verildiyi kimi, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 19-da Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə geniştərkibli görüşündə deyib.
Dövlət başçısı bildirib ki, əsrin dörddəbiri ərzində ikitərəfli dialoq strateji xarakter alıb. Onun fikrincə, dövlətlərarası etimadın yüksək səviyyədə olması təsadüfi deyil: “Bunun əsasını Belarus və Azərbaycan xalqlarının qədim dostluq ənənələri təşkil edir. Bu, hətta ən mürəkkəb məsələləri də konstruktiv şəraitdə müzakirə etməyə imkan verir”.
Ümumilikdə, müşahidələr göstərir ki, Azərbaycanla Belarus arasında siyasi-iqtisadi əlaqələr çox yüksək səviyyədədir. Tərəflər arasında indiyə qədər hansısa siyasi anlaşılmazlıqdan söhbət belə gedə bilməz. Qarşılıqlı inam və etimad yüksək səviyyədədir. O baxımdan, Lukaşenkonun “bizdə əməkdaşlıq üçün qapalı mövzular yoxdur” deməsi nə deməkdir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Belarusla Azərbaycan arasında əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Çünki dövlətlərarası münasibətlər o qədər yüksək səviyyədədir ki, digər ölkələrin Belarusla belə münasibətləri yoxdur. Çünki iki ölkə arasında qurulan əməkdaşlıq qarşlıqlı anlaşma və etimad çərçivəsindədir. Belarus Prezidentinin ölkəmizə səfəri və qarşılıqlı olaraq Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkə arasında problemlərin həlli yolları deyil. Bu yalnız əməkdaşlığı yüksək səviyyəyə qaldırmaq və yeni müqavilələr bağlamaqla inkişaf dinamizminə nail olmaqdır. Demək olar ki, iki ölkə arasında heç bir problem yoxdur. Lukaşenkonun məhz qapalı heç bir mövzunun olmamasını qeyd etməsi həm də o deməkdir ki, Minsk və Bakı strateji tərəfdaşdır. Belarus KTMT çərçivəsində Azərbaycanın mənafelərini qoruyub və qoruyur. Xüsusilə bu ölkənin Ermənistana qarşı Azərbaycana görə münasibəti göstərir ki, Minsk Bakının tam yanındadır. Belarusla Azərbaycan arasında hərbi, həri-texniki əməkdaşlıq haqqında müqavilənin imzalanması göstərir ki, Ermənistanla KTMT çərçivəsində müttəfiqlik əlaqələri yalnız kağız üzərindədir. Minskin əsas müttəfiqi məhz Azərbaycandır. Lukaşenkonun Azərbaycana verdiyi siyasi dəstək iki ölkənin müttəfiq müqaviləsinin bağlanmasını şərtləndirir. Qeyd edim ki, KTMT çərçivəsində Ermənistanın mövqeyi kifayət qədər zəifləyir. Məhz Azərbaycan amilinə görə Ermənistan bu təşkilatı tərk edə bilər”.
Vidadi ORDAHALLI