Əli Mahmud: “Katolikos bir din xadimi kimi erməni cəmiyyətində öz etibarını çoxdan itirib”
Ermənistan bölgədə ən narahat ölkələrdən biridir. Bu ölkədə baş verən siyasi dəyişikliklər, habelə yeni hökumətə əhalinin narazı yanaşmalar sərgiləməsi göz önündədir. Bu azmış kimi, Ermənistan əhalisi son illər davamlı olaraq erməni katolikosu II Qareginə qarşı yeni etiraz dalğası başlayıb. Ermənilər onun ofisinə hücum edərək onu başqa dövlətlərə satqınlıqda, agentlikdə ittiham edirlər. Əhalinin günü-gündən II Qareginə qarşı qəzəbi alovlanır və onun bu postu tərk etməsi ilə bağlı bəyanatlar səsləndirilir.
Bu günlərdə Eçmiədzin rayonunda bir qrup vətəndaş istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib. Onlar II Qaregini agent olmaqda ittiham ediblər. Etirazçılar bildirirlər ki, o, xalqın xeyrini zərrə qədər də düşünmür, “məxməri inqilab”a qədər ölkəni idarə edən cinayətkar rejimə satılıb.
Onu da qeyd edək ki, Ermənistan parlamenti II Qareginin mühafizə məsələsini rədd edib. Əhali iddia edir ki, II Qaregin kilsəyə layiq deyil və onun fəaliyyəti kilsə tələbləri ilə uzlaşmır.
Ermənistan mətbuatı yazır ki, “Yeni Ermənistan, yeni patriarx” devizi ilə başlayan aksiyanın iştirakçıları II Qareginin kilsədən uzaqlaşdırılmasını tələb ediblər.
“Qarabağa aparan yol” qəzetinin baş redaktoru, tanınmış şair-jurnalist Əli Mahmud hesab edir ki, II Qareginin cinayətkar əməlləri nəinki erməni cəmiyyətinə, hətta bütün dünyaya məlumdur. Onun fikrincə, etirazçıların katolikosun ofisinə hücum etməsi, bu şəxsi konkret məsələlərə görə ittiham etməsi onu göstərir ki, Ermənistanda xalqla dövlət, xalqla kilsə arasında dərin uçurum mövcuddur. “İlk dəfə deyil ki, II Qareginə qarşı əhali tərəfindən ciddi ittihamlar səslənir. Dəfələrlə ermənilər meydanlara axışaraq katolikosun erməni xalqının maraqlarını qorumadığını və onun cinayətkar siyasi rejimə xidmət etdiyini bəyan ediblər. İndiyə qədər heç bir dövlətdə dini liderlərə qarşı belə ciddi etirazlar baş verməyib. Yalnız erməni cəmiyyətində katolikos müxtəlif cinayətlərdə əli olan insan kimi ittiham edilir. Ermənilər hesab edirlər ki, II Qaregin başqa dövlətlərə casusluq edir. II Qareginə qarşı bu ittiham elə-belə irəli sürülmür, yəqin ki, etirazçıların əlində onun törətdiyi cinayətlərə dair kifayət qədər sübut var. Hətta onun Eçmiədzin kilsəsində saxlanan xristianlığa aid maddi mədəniyyət nümunələrini xarici ölkələrə satdığı ilə bağlı fikirlər də mövcuddur. Bu gün II Qaregin bir katolikos kimi nə hazırkı hakimiyyətin, nə də erməni xalqının arzu etdiyi şəxsdir. Şübhəsiz ki, II Qareginin ofisinə təşkil edilən hücumun arxasında da mövcud Ermənistan hökuməti durur. Belə olmasaydı, hökumət onu xalqın hücumundan qoruyardı”. Ə.Mahmudun fikrincə, ümumiyyətlə, erməni kilsəsi yarandığı dövrdən indiyə qədər həmişə satqınlıqla məşğul olub, şovinistlərə, separatçılara dəstək verib. O qeyd etdi ki, katolikosun istefasını yalnız bir qrup şəxs istəmir, onun bu postu tərk etməsi erməni xalqının arzusudur. “Katolikos bir din xadimi kimi erməni cəmiyyətində öz etibarını çoxdan itirib. Bu gün erməni kilsəsi din ocağı yox, bir şər yuvasıdır. II Qaregin özünə var-dövlət toplamaqla məşğuldur. Sirr deyil ki, erməni cəmiyyəti aclıq, səfalət içində yaşayır. Bu ölkədə işsizlik baş alıb gedir. Ancaq bir dəfə də olsun katolikos erməni xalqının maraqlarından çıxış etməyib. Dağlıq Qarabağ işğal edildikdən sonra Azərbaycan xalqına aid maddi-mədəni dəyərlər, muzeylərimizdəki qiymətli eksponatlar, xalçalarımız və s. elə erməni katolikosunun əli ilə xarici ölkələrə satılıb. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağda və ətraf rayonlardakı bütün qədim alban kilsələrinə aid nə varsa, hamısı erməni kilsəsi tərəfindən mənimsənilib. Düşünürəm ki, bu faktlar beynəlxalq ictimaiyyəti ciddi narahat etməlidir” - deyə Ə.Mahmud bildirdi.
İradə SARIYEVA