Fikrət Sadıqov: “Bütün bunlar, əlbəttə ki, Azərbaycan diplomatiyasının üstünlüyü və qələbəsidir”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Minskdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi birgə mətbuat konfransı zamanı mühüm məqamlara toxunub: “Bu gün bizim münasibətlərimizin səviyyəsi məhz elədir ki, istənilən məsələləri açıq müzakirə etməyə imkan verir. Aleksandr Qriqoryeviçin qeyd etdiyi kimi, bizdə heç bir qapalı mövzu və əməkdaşlığımızın heç bir sahəsində qətiyyən məhdudiyyət yoxdur. Biz bu gün gələcəkdə münasibətlərimizin xarakterini müəyyənləşdirəcək xeyli sənəd imzaladıq”.
Prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adımdan, həm də Azərbaycan xalqı adından xüsusi minnətdarlığını bildirib: “Birgə bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq”.
Həqiqətən də Belarus Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində obyektiv mövqe sərgiləyir. Mümkün olan qədər münaqişənin ədalətli həllinə çalışır. Dağlıq Qarabağa qanunsuz səfər edən və Azərbaycana qarşı çağırışlar səsləndirən bloger Lapşinin saxlanaraq Azərbaycana ekstradisiya olunmasında, KTMT-yə sədrlik məsələsində Belarusun sərgilədiyi mövqe deyilənlərə əyani sübutdur.
Maraqlıdır, bəs ekspertlər Belarusun Dağlıq Qarabağ məsələsində sərgilədiyi mövqeyi necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Prezident İlham Əliyevin Belarusla bağlı səsləndirdiyi məlum fikirlər tamamilə reallığa uyğundur: “Dövlət başçısı tərəfindən Belarusun mövqeyinin yüksək qiymətləndirilməsi tam reallığa uyğun bir amildir. Çünki bir zamanlar Ermənistanla yaxın əlaqələrə malik olan Belarus indi artıq Azərbaycanla müttəfiqlik münasibətindədir. KTMT-də Ermənistanın boş və əsassız iddialarına zərbə vurulmasında Belarus mühüm rol oynadı. Məlum olduğu kimi, Nikol Paşinyan istədi ki, Yuri Xaçaturovun yerinə öz nümayəndəsini versin, amma bu alınmadı. Belarusun buna imkan verməməsi və Azərbaycanla yaxın münasibətləri deyilənlərlə bağlı əyani göstəricilərdir. O baxımdan Belarusun Azərbaycana münasibətdə mövqeyini yüksək qiymətləndiririk və Minskdə tərəflər arasında imzalanan bir sıra sazişlər ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldıracaq. Xüsusən də imzalanan birgə bəyanatda Belarusun Dağlıq Qarabağla bağlı sərgilədiyi konkret mövqe alqışalayiqdir. Bu da, öz növbəsində, Ermənistanı qıcıqlandıracaq. Necə ki, qıcıqlandırır. Onu da qeyd edim ki, İlham Əliyevin məlum səfərindən sonra biz Belarusdan hətta yeni silahlar da alacağıq. Eyni zamanda, hərbi-texniki əməkdaşlığımızı davam etdirəcəyik. Bütün bunlar, əlbəttə ki, Azərbaycan diplomatiyasının üstünlüyü və qələbəsidir. Bunu əminliklə belə qiymətləndirmək olar”.
Vidadi ORDAHALLI