Cənubi Qafqazda son dövrlərdə geosiyasi rəqabətin daha yüksək səviyyəyə yüksəlməsi, xüsusən də ABŞ və Rusiyanın region uğrunda yeni mücadiləyə start vermələri özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Aydındır ki, belə vəziyyət regionda hadisələrin inkişaf axarına, o cümlədən burada mövcud münaqişələrə də təsirsiz ötüşmür.
Real vəziyyətin təhlili bu qənaətə gəlməyə əsas verir ki, ABŞ-Rusiya çəkişməsi əsas etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin gedişinə daha çox təsir göstərəcək. Çünki real vəziyyətdə həm Moskva, həm də Vaşinqton, digər vasitələrlə yanaşı, həm də Qarabağ konflikti vasitəsilə Ermənistana ciddi təzyiq göstərməyəi düşünür. Azərbaycan isə bu vəziyyətdən istifadə edərək hər iki ölkənin Qarabağ məsələsində aktiv mövqe sərgiləməsinə, münaqişənin həlli istiqamətində irəliləyişlərin olmasına çalışır.
Elə rusiyalı politoloq Sergey Mixeyev də bu durumda Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü, Qarabağ məsələsində müəyyən yeniliklərin olmasını istisna etmir. Ekspert indiki halda qeyd olunan istiqamətdə Rusiyanın Ermənistana təzyiqlərinin daha çox artmasının da gözlənilən olduğunu vurğulayır: “ABŞ prezidentinin müşaviri Con Boltonun Ermənistana ABŞ silahının satışı ilə bağlı təklifi Ermənistanı ABŞ-ın təsir dairəsinə çəkmək və Amerikanın siyasi layihəsini işləməyə məcbur etməkdir. Vaşinqtonun məqsədi Qafqaz ölkələrini Amerikanın təsir dairəsinə salmaqdır. Bununla onlar həmin ölkələri ABŞ-ın Cənubi Qafqazdakı siyasətinin aləti olaraq istifadə etmək istəyir. Hazırda burada ABŞ üçün Ermənistan açıq hədəfdir, ikinci hədəf isə Rusiyanı sıxışdırmaqdır. Lakin region ölkələrindən Azərbaycan yenə neytrallığını qoruyub saxlaya biləcək. Deməli, ABŞ məqsədləri üçün indiki halda Ermənistandan daha çox istifadə etməyə çalışacaq. Amerikalıların Ermənistanda aktivliyi bu ölkədəki hakimiyyət dəyişikliyi ilə bağlıdır. Amerikalılar bu situasiyaya imkanlar pəncərəsi kimi baxır. Digər tərəfdən hər kəs bilir ki, hazırda İrəvanda hökumətdə olanlar arasında əvvəllər Amerika proqramları ilə bağlı olan çoxlu sayda məmur var. Onlar hesab edirlər ki, artıq öz siyasətlərini həyata keçirməyin vaxtı çatıb. İndi buna görə də onlara hansısa təkliflər edib, ictimaiyyətdə irəliyə çəkmək lazımdır”.
Ekspertin sözlərinə görə, erməni hökuməti hazırda ikibaşlı oyun oynayır. O, İrəvanın bir tərəfdən Rusiyaya sadiq olduğunu nümayiş etdirdiyini, digər tərəfdən isə ABŞ-la yaxınlaşmağa cəhd göstərdiyini bildirib: “Bu siyasətin müəyyən sərhədi var. Zamanı gələndə amerikalılar deyəcəklər ki, Rusiya ilə əlaqələri pisləşdirin, artıq hansısa geosiyasi addımlar atmaq vaxtıdır. Nəticədə erməni hökuməti seçim etməli olacaq. Burada isə kompromis tapmaq çox çətin olacaq. ABŞ indiki erməni hakimiyyətilə iki şeyə görə yaxınlaşmaqda maraqlıdır. Bunlardan biri Ermənistanı Rusiya ilə inteqrasiya birliklərindən çıxarmaq, ikincisi isə İrana təsir üçün imkanlar əldə etməkdir. Yerdə qalanlar - nə iqtisadiyyat, nə resurslar, nə də investisiyalar amerikalıları maraqlandırır. Erməni hökuməti strateji seçim etməli olacaq və bu seçim çox risqli olacaq”. Mixeyev, həmçinin, parlament seçkisi zamanı Ermənistan parlamentinə antirusiya qüvvələrinin də düşə biləcəyini iddia edib: “Ermənistanda Rusiyanı özünün müttəfiqi adlandıranlar işdə bizi aldatdılar. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Parlamentdə konkret hansı qüvvələrin olacağını deyə bilmərəm. Belə anlayıram ki, Paşinyan və onun tərəfdarlarının böyük dəstəyi var. Yeni hökumətin hansı siyasi oriyentasiyanı götürəcəyinə gəlincə isə, bunu gələcək göstərəcək. Amma hər halda, Moskva proseslərə seyrçi qalmayacaq. Belə vəziyyət isə Ermənistanla iqtisadi-siyasi əlaqələrə, Qarabağ münaqişəsinin gedişinə mütləq şəkildə öz təsirini göstərəcək”.
Xatırladaq ki, bundan əvvəl eyni mövqe ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq müavini Metyu Brayza da çıxış edib: “Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində, çox güman ki, Nikol Paşinyan qalib gələcək. Bu isə İrəvanın kursunda Moskvanın qarşı olduğu köklü dəyişikliklərə gətirib çıxaracaq“. Amerikalı diplomat Ermənistan iqtisadiyyatına Moskvanın nəzarət etdiyini və bununla da siyasi elitaya təsir göstərdiyini xatırladıb. O, Rusiyanın iqtisadi təsir rıçaqlarını işə salaraq Ermənistanın siyasi dairələrindəki əhval-ruhiyyəni dəyişməyə cəhd göstərmək ehtimalını da istisna etməyib. Diplomatın fikrincə, Paşinyanın indiki siyasəti Qərb tərəfindən dəstəklənir: “ Qərb Paşinyana həddən artıq aktiv dəstək nümayiş etdirsə, bu onun Moskvanın rəqiblərinin əlində siyasi marionetə çevrildiyi kimi bir fikir formalaşdıra bilər. Buna görə də, mənim fikrimcə, Qərb Paşinyanın fəaliyyətinə düzgün hesab etdiyi addımlarla dəstək verəcək. Amma Ermənistanın dövlət sərhədinə Rusiya nəzarət edir. İrəvanın Moskvanın orbitindən çıxıb-çıxmayacağını görmək üçün zaman lazımdır. Etiraf etmək lazımdır ki, bir çox erməni Moskvanı xarici təhdidlərə qarşı müdafiəçi kimi görür. Rusiya ermənilər üzərində nəzarətə köklənsə də, tarix boyu bir neçə dəfə onları müdafiə edib. İndi bunun dəyişməsinə Rusiya xoş baxmayacaq”. Elə məsələnin bu tərəfinə nəzər salan rus politoloq Konstantin Fedorenko vurğulayır ki, Rusiya, digər məqamlarla yanaşı, Ermənistana Dağlıq Qarabağ münaqişəsi üzərindən də ciddi təzyiq göstərə bilər: "İndiyədək Kreml İrəvanda baş verənləri təmkinlə izləyib. Lakin hesab edilir ki, Ermənistanda baş verənlər ABŞ-ın növbəti zərbəsidir. Vəziyyət bu şəkildə davam edərsə, Rusiya mütləq Ermənistana təsirini artıracaq. Rusiya Ermənistana Dağlıq Qarabağ vasitəsilə təzyiq göstərə bilər". Ekspert hesab edir ki, bundan qazanan Azərbaycan olacaq, çünki belə vəziyyətdə zəbt edilmiş ərazilərin yenidən müəyyən hissəsi Bakının nəzarətinə qayıda bilər. İndiki halda elə erməniləri narahat edən əsas məsələ də Rusiyadan gözlənilən mümkün təzyiqlərdir. Bəzi ekspertlər hesab edirlər ki, əslində, son dövrlərdə Rusiyanın Ermənistana qarşı təzyiqlərinin artdığı müşahidə olunmaqdadır. Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsi ilə bağlı Rusiya siyasətçilərinin səsləndirdiyi bəyanatlar da buna hesablanıb. Erməni politoloq Stepan Qriqoryan bu fonda bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə getməsi üçün Ermənistana təzyiqlər var: “Rusiya regional məsələlərdə Azərbaycanın dəstəyini əldə etmək üçün Ermənistanın Qarabağdan çıxmasını istəyir. Bunun hansı formada baş verəcəyini – bir neçə rayon, yaxud ümumiyyətlə bütün ərazilərin verilməli olduğunu deyə bilmərik. Amma bütün hallarda, xırda güzəşt Qarabağın əldən çıxması deməkdir. İndi Ermənistan zəif tərəfdir və bütün sahələrə - iqtisadiyyata, sənayeyə, energetikaya, təhlükəsizliyə Rusiya nəzarət edir. Rusiya bilir ki, bizə qarşı ciddi təsir imkanları var. Paşinyanın Qərbə meyllənməsi Rusiyanın bu imkanları hərəkətə gətirməsi ehtimalını xeyli artırır”.
İndiki halda Ermənistanı narahat edən başlıca məqamlardan biri də budur ki, Moskva Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə konfliktin durdurulması üçün hansısa təşəbbüs göstərməyəcək. Bu vəziyyətdə Azərbaycanın 2016-cı ilin apreli ilə müqayisədə erməni tərəfinə daha sarsıdıcı zərbələr endirəcyi isə düşmən ölkədə qətiyyən şübhə doğurmur. Digər rusiyalı politoloq Aleksey Fenenko bunu Azərbaycanın hərbi müstəvidə kifayət qədər üstün bir mövqedə olması ilə izah edir. Onun sözlərinə görə, Bakı İrəvanın danışıqlar prosesini uzatmasına artıq dözmək niyyətində deyil və bölgədə onun üçün əlverişli vəziyyətin yaranmasını da aydın görür: "Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların yenidən bərpa edilməsi nizamlama üzrə danışıqların tamamilə uğursuz olması halında da mümkündür. Digər tərəfdən, Rusiya və Ermənistan arasında bəzi fikir ayrılıqlarının olması da burada nəzərə alınmalıdır. Çünki çoxları strateji müttəfiq hesab etdikləri Ermənistanın belə qəfil kursu dəyişəcəyini gözləmirdi. Rusiya-Ermənistan münasibətlərində müəyyən gərginlik hələ 2013-cü ilin yayından etibarən mövcuddur, lakin Nikol Paşinyanın iqtidara gəlişindən sonra İrəvanın belə dönüşünü Moskvada çox az adam gözləyə bilərdi. Bu, Kremli Qarabağ məsələsində mövqeyini dəyişməyə məcbur edir". Ekspert Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın mövqeyinə olan narazılığın regionda bütün geosiyasi vəziyyətin kəskin dəyişməsinə səbəb ola biləcəyini də istisna etmir: "Bu gün Ermənistanda açıq-aşkar antirusiya əhval-ruhiyyəsinin gücləndiyinə şahidlik edirik. MDB ölkələri arasında NATO ilə ən böyük tərəfdaşlıq proqramı məhz Ermənistandadır. İndi də ABŞ-la, Avropa ilə əlaqələrin inkişafı ortaya atılıb ". Ekspert qeyd edib ki, bu gün İrəvan Rusiyadan NATO və Avropa istiqamətində uzaqlaşmağa hazır olduğunu açıq şəkildə göstərir: "Belə vəziyyət Rusiyanı ciddi narahat edir. Moskva buna qarşı müəyyən addımlar atacaq. Bura Dağlıq Qarabağ münaqişəsi də daxildir. Hamımız anlayırıq ki, Qarabağ problemini başa çatmaqda olan 2018-ci ildə həll etmək şansı, demək olar ki, yoxdur. Əsas problem Ermənistanın güzəştə getməyə hazır olması ilə bağlıdır. Amma Rusiya ilə müynasibətlər daha da kəskinləşərsə, Kreml yəqin ki, Qarabağ məsələsində də öz təzyiq vasitələrini işə salacaq. Onda bu, Ermənistan üçün heç də yaxşı olmayacaq".
Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, hadisələrin real inkiaşf axarı Qarabağ münaqişəsinin həlli istiqamətində yaxın tezlikdə müəyyən yeniliklərə gətirib çıxara bilər. Hər halda, hər şey Ermənistanda baş tutacaq növbədənkənar parlament seçkilərindən sonra daha dəqiq şəkildə bəlli olacaq. Buna rəğmən onu da xüsusi vurğulmaq lazım gəlir ki, regionda mövcud geosiyasi mənzərə Azərbaycanın istədiyi şəkildə formalaşır və bu hal, qeyd olunduğu kimi, Qarabağ münaqişəsinin gedişinə də təsirini göstərir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.