Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son Astana sammitində Qazaxıstan və Belarusun tutduğu mövqe bu ölkələrin eyni təşkilatlarda təmsil edildikləri Ermənistanla müqayisədə Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini bir daha təsdiqlədi.
Eyni zamanda xatırladaq ki, Ermənistanın bütün narazılıqlarına baxmayaraq, Belarus ölkəmizlə hərbi əməkdaşlığın genişləndirilməsində də xüsusi maraqlı tərəf kimi çıxış etməkdədir. Bu fonda Prezident İlham Əliyevin sözügedən ölkəyə səfəri fonunda qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi gözlənir.
Hazırda görünən odur ki, Minsk özü də Bakı ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycanın iqtisadi cəhətdən qüdrətli dövlət olması, Belarusun ən çətin günlərdə ona yardımlar göstərməsi Minsk üçün Bakının önəmini daha da artırır. Belə görünür ki, qarşıdakı dövr ərzində Azərbaycan Belarusun inkişafına daha yüksək töhfələr verməkdə davam edəcək. Məsələn, artıq məlumdur ki, Belarus Azərbaycanın reallaşdırdığı mühüm layihələrdən biri olan “Şimal-Cənub” dəhlizinə qoşulacaq. Buna “Belarus dəmir yolu” Dövlət Birliyi (DB) və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Azərbaycan və Belarus arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasının yekunlarına dair qarşılıqlı-faydalı əməkdaşlığa dair saziş imzalaması imkan verir. “Belarus dəmir yolları” DB-nin rəhbəri Vladimir Morozov bildirib ki, iki ölkənin dəmir yolu idarələri arasında qarşılıqlı fəaliyyət ənənəvi hal alıb və sazişin imzalanması təkcə aparılan mövcud işlərin rəsmiləşdiriıməsi ilə deyil, həm da onlara yeni impuls verilməsi ilə bağlıdır: “Belarusla Azərbaycan arasında daha rahat, dayanıqlı nəqliyyat əlaqəsinin yaradılması nəzərdə tutulur. “Şimal-Cənub” dəhlizinin inkişafı, Hindistan, İran, Azərbaycan, Rusiya və Belarusdan yüklərin daşınması üçün şərait yaradılması xüsusi əhəmiyyət kəsb edir. Sənəddə tarif və texnologiya istiqamətləri üzrə işçi qrupların yaradılması nəzərdə tutulur. İki ölkə arasında ticarətdə malların 96 faizi dəmir yolu ilə daşınır. Biz bu göstəricinin daha yüksək olmasında maraqlıyıq. Bunun üçün ədalətli tariflər, yaxşı logistika xidmətləri və mütəhərrik heyət, həmçinin iki dəmir yolu idarəsinin dəqiq fəaliyyəti tələb olunur”.
Qeyd edək ki, Belarus “Şimal-Cənub” dəhlizinə Rusiya üzərindən qoşulacaq. Bu isə Minsk üçün ixracın genişləndirilməsi baxımından olduqca önəmlidir və Azərbaycanın Belarusa növbəti iqtisadi dəstəyi kimi də qiymətləndirilir. Burada bir maraqlı məqam da bundan ibarətdir ki, “Şimal-Cənub” ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarından yan keçir. Belə ki, ABŞ İranın Çabahar limanını sanksiyalardan azad edib. ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir ki, ABŞ Hindistan və Çinin bu limandan istifadə edərək Əfqanıstanla ticarət əlaqələrini nəzərə alır. Əfqanıstanda sabitliyin yaradılması və iqtisadi inkişaf ABŞ-ın milli maraqları dairəsinə daxil olduğu üçün bu dövlətin ticarət əlaqələri məhdudlaşdırılmır.
Xatırladaq ki, Çabahar limanı İranın özü üçün də strateji əhəmiyyət daşıyır. İran Cənub-Şərqi Asiya dövlətləri ilə iqtisadi və ticarət əlaqələrini məhz bu liman vasitəsilə həyata keçirir. Bu liman Hindistan və Çin üçün də mühüm əhəmiyyət kəsb edir. Bu dövlətlər liman vasitəsilə yalnız Əfqanıstanla deyil, Rusiya və Avropa ölkələri ilə də ticarət əlaqələrini davam etdirir. Hindistanın Çabahar limanının yenidən qurulmasına 2 milyard dollar həcmində kredit ayırması da təsadüfi xarakter daşımır. Çabahar limanı “Şimal-Cənub” dəhlizinin formalaşmasında da xüsusi rola malikdir. Asiya ölkələrindən Avropaya daşınan yüklər bu limanda qatarlara yüklənib, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq.
İndi Azərbaycan sayəsində Belarusun da bu layihədə maraqlı olması təbiidir. Çünki Minsk özünün idxal-ixrac əməliyyatlarını daha qısa və ucuz başa gələn yolla həyata keçirməyə çalışır. Hazırda “Şimal-Cənub” dəhlizinin inşası uğurla davam etdirilir. Onu da xatırladaq ki, Azərbaycan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlı olduğu üçün yolun Rəşt-Astara hissəsinin tikintisinə 500 milyon dollar güzəştli kredit ayırıb. Bundan əlavə, Azərbaycan üzərinə düşən öhdəliyi artıq yerinə yetirib. Azərbaycanın və İranın dəmir yollarını birləşdirəcək Astara (Azərbaycan)-Astara (İran) 8,7 kilometrlik dəmir yolu körpüsü inşa edilib və istismara verilib. Bu gün Rusiya İrana malların ixracını məhz Astara dəmir yolu körpüsü vasitəsilə həyata keçirir. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən 511 kilometr dəmir yolu tam hazır vəziyyətdədir.
Artıq “Şimal-Cənub” marşrutu İran, Hindistan, Rusiya və Azərbaycanla yanaşı, Fars körfəzi və Orta Asiya dövlətlərinin, həmçinin Çinin də marağına səbəb olub. Orta Asiya respublikaları üçün bu yolun əhəmiyyəti ondadır ki, onlar Fars körfəzinə çıxış əldə edəcəklər. İndi isə Belarus da bu xəttə qoşulur.
Tahir TAĞIYEV