Məhərrəm Zülfüqarlı: “Faşizmin əbədiləşdirilməsinin əleyhinə olan addımların atılması həmin ölkədən tələb olunmalıdır”
Ermənistanın daha bir saxtakarlığı üzə çıxıb. Terroru rəsmən dəstəkləyən bu ölkə indi də BMT-ni aldatmaq qərarına gəlib. Belə ki, BMT-nin Baş Assambleyasının Humanitar Komitəsi faşizmin əbədiləşdirilməsinin əleyhinə təqdim olunan rezolyusiya sənədini qəbul edib. Ən maraqlısı isə budur ki, həmin sənədi təqdim edən bir qrup ölkə sırasında Ermənistanın da adı var.
Doğrudan da maraqlı görünür. Çünki Ermənistan faşizmi dövlət səviyyəsində dəstəkləyən, hətta Hitlerin silahdaşlarına heykəl ucaldan bir dövlətdir. Maraqlıdır, BMT-nin bu layihəsində yer alan Ermənistan həmin qara ləkələri öz üzərindən silməyi planlaşdırmır. Bildirilir ki, artıq İtaliyada bu prosesə start verilib. Rim şəhərinin rəhbərliyi faşistlərin adını daşıyan küçələrə yeni adların verilməsi ilə bağlı qərar qəbul edib. Ancaq Ermənistanda hələlik bu istiqamətdə bir tərpəniş nəzərə çarpmır. Çünki Ermənistan rəhbərliyi hələ də ölkənin paytaxtında heykəli ucaldılan faşist Qaregin Njdenin monumenti önünə tər çiçəkləri qoymaqda davam edir.
Ermənistanın BMT səviyyəsində üzə çıxan faşizmə münasibətlə bağlı olan bu ikiüzlü siyasətini necə dəyərləndirmək olar?
Tarixçi-alim Məhərrəm Zülfüqarlının sözlərinə görə, Ermənistanın bu hərəkəti təəccüblü deyil: “Çünki həmin ölkə bütün fəaliyyətini yalan və terror üzərində qurub. Əslində, bu, BMT-nin də adına utanc gətirir. Çünki ortaya ikiüzlü siyasət çıxır. Həmin sənəddə Ermənistanın imzası varsa, onda BMT səviyyəsində ondan izahat tələb edilməlidir. Faşizmin əbədiləşdirilməsinin əleyhinə olan addımların atılması həmin ölkədən tələb olunmalıdır. Çox güman ki, Ermənistan bu faktları gizlədir. Yəni İtaliya və başqa ölkələr kimi, siyasi əxlaq nümayiş etdirib səhvlərini düzəltməyi düşünmür. Onlardan bunu heç gözləməyə də dəyməz. Faşizmə münasibətdə Azərbaycanın münasibəti səmimidir. Bizdə bir dənə də olsun həmin nümunədən tapıla bilməz. Bəli, Ermənistanda faşizmin ən böyük ideoloqlarından olan Qaregin Njdeyə abidə qoyulub. Yalnız abidə deyil, onunla bağlı çox bahalı film çəkilib, nəfis tərtibatda olan kitablar dərc olunub. Njde bütün ömrü boyu türklərə qarşı vuruşub. Bütün həyatını türkə və türklüyə zərbə vurmağa "xərcləyib". Həm savaş meydanında, həm də ideoloji cəbhədə. Elə bir hərəkat və millətçi təlim yaradıb ki, bu işi gələcək ermənilər davam etdirsinlər. Davam etdirilirmi? Birmənalı şəkildə deyə bilərik ki, bəli! Njde və onun təlimi erməni ideologiyasının qaynağıdır. Təbii ki, belə bir şəxsin Ermənistanın rəsmiləri səviyyəsində dəstəklənməsi, bir sözlə, ölkənin bir faşisti ideoloq kimi qəbul etməsi bir çox sualları açıq edir. Bu gün də ermənilər həmin siyasəti davam etdirirlər. Faktiki olaraq bizim torpağımızı işğal edib, bütün soydaşlarımızı öz ata-baba yurdlarından qovublar. Məhz faşizm təzahürlərinə rəğbət bəslədikləri üçün onlar Ermənistanı monoetnik ölkəyə çeviriblər.
Bu baxımdan da biz BMT qarşısında bu məsələni qaldırmalıyıq. Ya Ermənistanına adı həmin sənəddən çıxarılmalı, ya da onlar əməli hərəkətləri ilə faşizmə qarşı olduqlarını sübut etməlidirlər. Njdenin heykəli uçurdulmalı, onun haqqında yazılan bütün kitablar, çəkilən filmlər məhv edilməlidir. Ancaq inanmıram ki, ermənilər öz faşist babalarından bu şəkildə asan imtina etsinlər”.
Məhəmmədəli QƏRİBLİ