Xəzər Teyyublu: “Bu adam küçədəki qaydaları beynəlxalq siyasətə tətbiq etmək istəyir”
Məlum olduğu kimi, Astana şəhərində keçirilən KTMT sammitindən sonra Ermənistan rəsmiləri və mediası Belarus dövləti və onun Prezidenti Aleksadr Lukaşenkoya qarşı qara piar kampaniyasına start verdilər.
Hətta vəziyyət o həddə çatdı ki, ermənilər Belarus Prezidentinin gündəlik iş rejiminə belə müdaxilə etmək kimi cəsarəti özlərində tapdılar. Hətta Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyan bir qədər öncə Belarus Prezidenti Aleksandr Lukaşenkodan Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovla KTMT-dəki vəziyyəti müzakirə etməsi ilə bağlı cavab tələb edəcəyini bildirmişdi. Onun bu bəyanatı Belarus tərəfinə xoş gəlməyib və rəsmi Minsk Paşinyana sərt cavab verib. Belarus Xarici İşlər Nazirliyinin Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkonun ünvanına söylədiyi fikirlərə cavabı belə olub: "Cənab Paşinyan hələ "küçə demokratiyası" qaydalarının böyük siyasətdə qəbuledilməz olduğunu başa düşməyib. Paşinyanın bəyanatı Ermənistanın dövlət siyasəti ilə ziddiyyət təşkil edir. Görünür, o, özünü cəzalandırmaq və ya əfv etmək səlahiyyəti olan beynəlxalq prokuror kimi təsəvvür edir".
Belarus XİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz deyib ki, Paşinyan bunu KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturova qarşı edə bilər: “Amma böyük siyasətdə diplomatik protokolun dəqiq normalarını əldə rəhbər tutmaq lazımdır”.
Belarusun Paşinyana verdiyi cavabı necə xarakterizə etmək olar?
Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublunun sözlərinə görə, Paşinyanın bu aqressiyasının kökündə hansı amillərin durduğunu aydın görürük: “Çox maraqlıdır ki, o, təkcə Lukaşenkodan deyil, eləcə də KTMT-nin yeni sədri postuna Belarus nümayəndəsinin təyin olunmasının lazım olduğunu söyləyən Qazaxıstan Prezidenti Nursultan Nazarbayevdən də izahat tələb edir. Paşinyan deyib ki, heç kim belə bəyanatla çıxış etmək hüququna malik deyil. Əslində, Ermənistanın KTMT səviyyəsində müttəfiqləri sayıla biləcək ölkələrin, faktiki olaraq, həmin ölkəyə güvən nümayiş etdirməməsi Paşinyanı psixoloji olaraq da pis vəziyyətə salıb. Bəli, Paşinyanın verdiyi açıqlamalar heç bir əndazəyə sığmır. Təbii ki, onun siyasətdə Lukaşenko və Nazarbayev qədər təcrübəsi də yoxdur. Burada bir amil də nəzərə çarpır. Çox güman ki, Ermənistan rəhbəri belə xırda məsələləri bəhanə edərək Rusiyanın orbitində olan təsisatları tənqid edir, onlarla münasibətlərin qırılmasını istəyir. Həm də özünü bu yolla Qərbə göstərməyə çalışır. Ermənistan Qərbə daha çox meyllənir. Erməni diasporu Qərbdə daha güclüdür, oradan daha çox yardım alır. Hətta Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etsə, fikrimcə, buna heç kim təəccüblənməyəcək”.
Partiya funksionerinin sözlərinə görə, Belarusun rəsmi cavabı Paşinyanın xarakterini və davranışlarını çox aydın şəkildə ifadə edib: “Bəli bu adam küçədəki qaydaları beynəlxalq siyasətə tətbiq etməlk istəyir. Özünü başqa ölkələrin daxili işlərinə soxmaqla isə Belarus rəsmisinin ifadə etdiyi kimi, beynəlxalq arbitrajlıq etməyə çalışır. Ermənistanın belə bir iddiaya düşməsi çox gülüncdür. Çünki özü-özünü saxlaya bilməyən, kimlərinsə əlaltısı olan dövlətin böyük ölkələrə meydan oxuması mümkün deyil. Ermənistanın timsalında biz bunu aydın şəkildə müşahidə edirik. Düşünürəm ki, Paşinyan bu templə davam etsə, özünü daha çox biabır edəcək”.
Məhəmmədəli QƏRİBLİ