Bəhruz Quliyev: “Azərbaycan dövləti hər zaman müxalifətə sivil qaydada mitinq, aksiya keçirmək üçün şərait yaradıb”
“Milli Dirçəliş Gününü bəhanə etməklə Şəhidlər Xiyabanında asayişi pozmağa cəhd göstərmək, ən azından, şəhidlərimizin ruhuna hörmətsizlikdir”
Xəbər verildiyi kimi, noyabrın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, özlərinin adlandırdıqları “Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində uğursuz yürüş-mitinq keçirməyə cəhd göstəriblər.
Zaman-zaman sözügedən siyasi qüvvələr bu kimi tədbirlərin timsalında icazəsiz aksiya keçirməyə cəhd edərək ölkədəki sabitliyi pozmağa çalışıblar. Çünki sosial dayaqlarının olmadığını görüb hesab edirlər ki, bəlkə bu minvalla nəyəsə nail olacaqlar. Ancaq nəzərə almırlar ki, Azərbaycan hüquqi dövlətdir. Qanunların aliliyi hər şeydən üstündür. Ona görə də qanunazidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır.
Bir məqamı unutmaq olmaz ki, dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə imkan yaradılmır. Ən inkişaf etmiş dövlətlərdə də bu belədir. Ona görə də Azərbaycan dövləti qanunun aliliyinə dayanaraq icazəsiz aksiyanın keçirilməsinə imkan vermədi.
Bir şey də aydın oldu ki, radikal müxalifət Milli Dirçəliş Gününün adından istifadə edərək, bundan öz korporativ maraqları üçün istifadə etmək istəyir. Ancaq bu da alınmadı. Çünki cəmiyyət bütün bu kimi cılız siyasi oyunların fərqindədir.
Maraqlıdır, bəs siyasi ekspertlər məlum icazəsiz aksiya cəhdini necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən “Səs” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyevin fikrincə, icazəsiz aksiya cəhdi şəhidlərin ruhuna hörmətsizlikdir: “Milli Dirçəliş Gününü bəhanə etməklə Şəhidlər Xiyabanında asayişi pozmağa cəhd göstərmək, ən azından, şəhidlərimizin ruhuna hörmətsizlikdir. Azərbaycan dövləti hər zaman müxalifətə sivil qaydada mitinq, aksiya keçirmək üçün şərait yaradıb. “Məhsul” stadionunda onlara mütəmadi olaraq yer ayrılır. Azərbaycan polisi sadəcə olaraq asayişi qoruyub. Qanunsuz şəkildə aksiya keçirilməsinin qarşısı alınıb. Yəni sadə vətəndaşların rahatsızlığını poza biləcək hallara yol verilməyib. Burada başqa heç nə axtarmaq lazım deyil. AXCP və “Milli Şura” heç vaxt bu stadionun ərazisini öz elektoratları ilə doldura bilmirlər. Hesab edirəm ki, özünü müxalifət lideri adlandıran Əli Kərimlinin canfəşanlığı da buradan qaynaqlanır. Yəni o, xarici ağaları qarşısında bunu – aksiya üçün ayrılmış yeri tam şəkildə doldura bilmədiyini gizlətməyə çalışır. Ona görə də icazəsiz aksiyalara əl ataraq, saxta görüntü yaratmağa çalışırlar. Söz yox ki, onun bu oyunbazlığı hakimiyyətə qarşı yeni ittihamlar səsləndirməyə yönəlmiş uğursuz cəhdlərindən biri idi. Bu məqsədlə o, hüquq-mühafizə orqanları ilə qarşıdurma yaradıb, Şəhidlər Xiyabanına yürüş etməyə səy göstərib. Ancaq, göründüyü kimi, bu baş vermədi. Xalqın və dövlətin qorunması vəzifəsini fədakarlıqla icra edən polisimiz onun və ətrafının çirkin, heç bir mənəviyyata sığmayan əməlinin qarşısını aldı. Bu gün o və dağıdıcı ətrafı öz niyyətlərinə çatmayaraq, həm də yararsız, lazımsız və siyasi məhvə məhkum olmuş küçə müxalifəti olduqlarını bir daha isbatlamış oldular”.
Vidadi ORDAHALLI