Məhəmməd Əsədullazadə: “Belə bir vəziyyətdə ABŞ-ın separatçıların nümayəndəsinə viza verməsi müəyyən suallar doğurur”
Fransada erməni lobbisinin güclü əlaqələrə malik olması zaman-zaman bu ölkənin ermənipərəst siyasət yeritməsində özünü göstərib. Bunun nəticəsidir ki, sözügedən ölkə dəfələrlə erməni separatçılarına qucaq açıb.
Məlum olduğu kimi, Dağlıq Qarabağdaki separatçı qurumun “rəhbəri” Bako Saakyan noyabrın 14-dən Fransada “işgüzar səfər”də olub. Səfər çərçivəsində Saakyan müxtəlif görüşlər keçirib. Fransanın Saakyana bu ölkəyə səfər etməsinə şərait yaratmasına görə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi Parisə kəskin etirazını bildirib. Fransa XİN nümayəndəsi də jurnalistlərin Dağlıq Qarabağdakı separatçı rejimin “başçısı” Bako Saakyanın Fransaya səfərinə Azərbaycan tərəfinin etirazı ilə bağlı sualına cavab verərkən deyib ki, Fransa qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır və özünü onun “başçısı” hesab edənlərlə heç bir əlaqə saxlamır: “Fransa Minsk Qrupunun həmsədri kimi dinc və stabil həll yolu tapmaq üzərində işləyir və öz vasitəçi missiyasını ədalətlə yerinə yetirir”.
Göründüyü kimi, bundan əvvəl bir sıra xəbərdarlıq xarakterli çağırışlara rəğmən, separatçı qurum rəhbərinin Fransaya səfəri baş tutub. İndi də Saakyanın ABŞ-a səfəri gündəmdədir. Nəzərə almaq lazımdır ki, qondarma rejimin nümayəndəsinin ABŞ ərazisinə daxil olması və qondarma qurumun sözügedən ölkə ərazisində təşviqinə icazə verilməsi bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəlikləri, eləcə də ABŞ-ın separatçı qondarma rejimin tanınmaması ilə bağlı dəfələrlə bəyan etdiyi rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Bənzər açıqlama ilə Azərbaycan XİN də öz münasibətini bildirib. Ona görə də mümkün olan qədər həmsədr ölkələr belə məsələlərə həssas yanaşmalı və bundan çəkinməlidirlər. O üzdən, Saakyanın ABŞ səfərinin qarşısını almaq üçün ekspertlər məsələni necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bununla bağlı ABŞ-a çağırışlar edilməlidir: “Ermənistanın Azırbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma separatçı rejimin “rəhbəri” Bako Saakayanın Fransaya səfəri rəsmi Parisin Qarabağ münaqişəsinin həllində tutduğu mövqeyə ziddir. Hesab edirəm ki, ölkəmiz rəsmi Parisə öz etrazını qəti şəkildə bildirməli, eyni halın davam etməməsi üçün diplomatik təmasları artırmalıdır. Fransaya qəti şəkildə bildirlməlidir ki, bu kimi analoji hal yaşanarsa, bu, iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsinə səbəb ola bilər. Fransız şirkətlərinin ölkə ərazisindən çıxarılması proseduruna başalana bilər. Hesab edirəm ki, bu kimi motivlərlə rəsmi Parislə danışıqlar aparılmalıdr.
ABŞ-ın mövqeyinə gəldikdə isə, bir müddət bundan əvvəl Prezident Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton regiona səfər etdi. Boltonla Qarabağ münaqişəsinin həlli istiqamətləri müzakirə olundu və rəsmi Vaşinqton status-kvonun dəyişməsini irəli sürdü. Hətta Bolton Qarabağ münaqişəsinin tezliklə həllini Ermənistanın xarici təzyiqlərdən azad olunması kimi vurğuladı. Belə bir vəziyyətdə ABŞ-ın separatçıların nümayəndəsinə viza verməsi müəyyən suallar doğurur. Saakyanın səfəri ilə bağlı haqlı olaraq Azərbaycan tərəfi Vaşinqtona öz etirazını bildirib. Hesab edirəm ki, Saakyanın ABŞ-a səfərini pozmaq üçün Vaşinqtonla diplomatik təmaslar genişləndirilməlidir. Bunun qarşısını almaq üçün danışıqlar aparılmalıdır. Vaşinqtonun bu addımı Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir edəcək. O üzdən, bu məsələ davamlı olaraq Departamentə bildirilməlidir”.
Vidadi ORDAHALLI