Azər Allahverənov: “Azərbaycan tranzit ölkə olaraq bütün bunlardan daha çox gəlir götürəcək”
Azərbaycanın iqtisadi imkanları get-gedə daha da genişlənir. Bu da, öz növbəsində, yeni imkanlar açır. Bunun nəticəsidir ki, Azərbaycan və Belarus "Şimal-Cənub" layihəsi çərçivəsində saziş imzalayıblar.
Belə ki, "Belarus Dəmir Yolları" Dövlət Birliyi və "Azərbaycan Dəmir Yolları" QSC ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının 11-ci iclasının yekunları üzrə qarşılıqlı faydalı əməkdaşlıq haqqında saziş imzalayıblar. "Belarus Dəmir Yolları"nın rəisi Vladimir Morozov bildirib ki, iki ölkə dəmir yolları arasında qarşılıqlı əlaqə ənənəvidir, bağlanmış saziş artıq mövcud işlərin formalaşdırılması üçün deyil, həm də bu yeni layihələrə təkan verəcək: “Belarus və Azərbaycan arasında daha rahat və sabit nəqliyyat əlaqələrinin qurulması nəzərdə tutulur. Xüsusən "Şimal-Cənub" dəhlizinin inkişaf etdirilməsi, Hindistan, İran, Azərbaycan və Belarusdan yüklərin nəqli üçün şərait yaradılması çox vacibdir. İmzalanan saziş tarif və texnoloji istiqamətlər üzrə işçi qrupların yaradılmasını da nəzərdə tutur".
"Belarus Dəmir Yolları"nın rəisi daha sonra əlavə edib ki, 2 ölkə arasında yüklərin 96 faizi dəmir yolu vasitəsilə daşınır: "Biz həcmin artırılmasında maraqlıyıq”.
Qeyd edək ki, "Şimal-Cənub" tranzit dəhlizi Şimali Avropanı Hindistan və Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün nəzərdə tutulub. Bu layihə, həmçinin, İran, Azərbaycan və Rusiya dəmir yollarının birləşdirilməsində bağ rolunu oynayacaq.
Maraqlıdır, ekspertlər Belarusun sözügedən nəqliyyat layihəsində iştirakının əhəmiyyətini necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, Belarusun layihədə iştirakı perspektivlidir: “Məsələ ondadır ki, Azərbaycanla Belarus arasında olan iqtisadi münasibətlər ildən-ilə genişlənir. İqtisadiyyatın bir sıra seqmentləri üzrə artım hiss olunmaqdadır. O da sirr deyil ki, Azərbaycan beynəlxalq yükdaşımalarda aparıcı rola malik olan dövlətlərdən biridir. Bu gün artıq bir sıra dövlətlər Azərbaycanın imkanlarından yararlanmağa çalışır. O cümlədən, Belarus bu imkanlardan faydalanmaq istəyir. Belarus, əslində, bu dəhlizə qoşulmaqla, yeni iqtisadi dividendlər əldə edəcək. Xüsusən də Belarus məhsullarının cənub istiqamətində çatdırılması baxımından bu layihə olduqca vacib rola malikdir. Bütün hallarda, Belarusun Rusiya dəmir yolu şəbəkəsinə ehtiyacı böyükdür. Bu baxımdan "Şimal-Cənub" tranzit dəhlizi Belarus üçün mühüm əhəmiyyətə malikdir. Bu zaman Belarus həm daha çox gəlir əldə edəcək, həm də vaxta qənaət ediləcək. Azərbaycan tranzit ölkə olaraq bütün bunlardan daha çox gəlir götürəcək. Ona görə də Azərbaycan maraqlıdır ki, daha çox ölkə bu layihəyə qoşulsun və müxtəlif dəhlizlərdən istifadə edilsin. Nəzərə almaq lazımdır ki, layihə iqtisadi dividendlər gətirməklə yanaşı, ölkənin siyasi imicinin, reytinqinin bir qədər də yüksəlməsinə səbəb olan haldır. Təbii ki, bütün bunlar Azərbaycanın maraqlarına cavab verir. Onu da qeyd edim ki, "Şimal-Cənub" layihəsi həm Azərbaycanın, həm də Belarusun milli maraqlarına cavab verir. Yəni hər iki ölkə maraqlarının daha effektiv şəkildə təmin olunmasına xidmət edən layihədir”.
Vidadi ORDAHALLI