Vüqar Qədirov: “Belarus MDB məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir”
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfər edib. Ölkə başçısı İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Həmçinin, Minskdə Azərbaycan Ticarət Evi ilə də tanış olub. İlham Əliyev Belarusda yüksək səviyyəli görüşlər keçirib.
Cənab Prezidentin səfərini maraqlı edən məqamlardan biri də rəsmi səfərin reallaşdığı zamanla bağlıdır. Belə ki, bu rəsmi səfər Belarusla Azərbaycan arasındakı münasibətlərin daha yüksək səviyyədə olmasının sübutu sayılan hadisələrin cərəyanı fonunda baş verir. Bu xüsusda Astanada KTMT adlı qurumun keçirdiyi sammiti və orada cərəyan edən hadisələri qeyd edə bilərik. Xatırladaq ki, həmin hadisələr zamanı Belarus, birmənalı olaraq, Ermənistanın quruma növbəti dönəmdə də sədrlik etməsinə qarşı çıxdı. Sonrakı proseslərdə də ölkəmizə əsl dost olduğunu nümayiş etdirdi. İlham Əliyevin Minskə reallaşan səfərinin məhz belə zamana təsadüf etməsi Azərbaycan-Belarus münasibətlərinin inkişafındakı daha hansı vacib xüsusiyyətləri ortaya çıxarmış oldu?
Ekspert Vüqar Qədirovun sözlərinə görə, Prezident İlham Əliyevin Belarusa növbəti rəsmi səfəri xəbər verir ki, Azərbaycan və Belarus arasında olan münasibətlər daha dinamik tərzdə inkişaf edir: “Səfərin KTMT zirvəsindən sonra reallaşdırılması da ayrı bir məna kəsb edir. Düşünürəm ki, dövlət başçımızın bu səfəri Astana zirvəsində Azərbaycanın maraqlarını müdafiə edən Lukaşenkoya təşəkkür və dəstək mahiyyətini də özündə əks etdirə bilər. Eyni zamanda, Prezident İlham Əliyev belə bir səfəri reallaşdırmaqla Belarusun KTMT-nın baş katib vəzifəsinə gətirilməsinin tərəfdarı olduğunu nəzərə çatdırmış olur. Azərbaycanla Belarus arasındakı münasibətlər buna qədər də yüksək səviyyədə olub. Amma, necə deyərlər, dostlar sınaqlardan keçəndə daha etibarlı sayılır. Zənnimcə, Belarus Astana sammitində belə sınaqdan çox əla keçdi. Həmin ölkənin Prezidenti olan Lukaşenko bununla neçənci dəfədir Azərbaycana dostluq jestləri edir. Yadınızdadırsa, Azərbaycan XİN-in elan etdiyi “qara siyahı”ya adı düşən, həm də bir neçə dövlətin vətəndaşı olan bloger Lapşini də məhz Belarus həbs edərək Azərbaycana təhvil verdi. Kənardan bu nə qədər asan görünsə də, biz bilirik ki, həmin həbslə bağlı Belarusa ciddi təzyiqlər edildi. Buna baxmayaraq, Lukaşenko beynəlxalq hüquq normalarına və qanunun aliliyinə əsaslanaraq, Azərbaycanla yaxın dost olduğunu bir da təsdiqləmiş oldu. Belarus və Azərbaycan respublikaları, demək olar ki, bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, enerji və hərbi istiqamətlər üzrə qarşılıqlı səmərəli əməkdaşlıq qura biliblər. KTMT sammiti və ondan sonra Belarusun davranışı, Ermənistanın yersiz bəyanatlarına verdiyi rəsmi reaksiyaları və bütün bunların ardınca İlham Əliyevin ora reallaşan səfəri ölkələrimiz arasındakı münasibətlərdə olan pozitiv tendensiyanın saxlanmasını və davamlı olacağını şərtləndirir. Xüsusilə də son zamanlar Ermənistanın sərt etirazlarına baxmayaraq, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq da sürətlə inkşaf edir.
Prezident İlham Əliyev də hər zaman Belarus-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırıb. Belarus MDB məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Ölkə Prezidenti səviyyəsində iki ölkə arasındakı münasibətlərin səviyyəsinin belə yüksək qiymətləndirilməsi obyektiv əsaslara söykənir. Münasibətlərin gələcəkdə də məhz bu məcrada davam edəcəyinə qətiyyən şübhə ola bilməz”.
Məhəmmədəli QƏRİBLİ