Ermənistanda yaxınlaşan növbədənkənar parlament seçkilərinə az bir müddət qalmış Moskva və İrəvan arasında münasibətlərin daha kəskin xarakter alması müşahidə olunur. Artıq məlumat verildiyi kimi, tərəflərin iqtisadi müstəvidə ziddiyyəti özünü qabarıq büruzə verir. Rusiyanın idarəçilyində olan “Qazprom Ermənistan” bu vəziyyətdə Nikol Paşinyan hakimiyyətinə qarşı açıq təhdidlər səsləndirir.
Qeyd edək ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Qazprom Ermənistan”ı milyardlarla dramlıq vergi borcunu ödəməməkdə ittiham edib və araşdırmalara başlayıb. Bunları rədd edən “Qazprom Ermənistan”ın baş direktoru Qrant Tadevosyan bildirir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin ittihamları ucbatından Ermənistan vətəndaşlarının xeyrinə olan Rusiya ilə sərfəli razılaşma məhv ola bilər: “Hazırda “Qazprom Ermənistan” Rusiya banklarından biri ilə illik 6,5%-lik güzəştli kredit barədə danışıqlar aparır. Bu pullarla şirkət erməni banklarına yüksək faizlə olan köhnə kredit borclarını ödəyəcək. Bu, şirkətin xərclərinin 2,4 milyon dollar azaltmasına gətirib çıxaracaq. Bizim tərəfdaşlar Ermənistanın Dövlət Gəlirləri Komitəsinin bəyanatına reaksiya verib. Bizə ciddi narahatlıqlarını söylədilər. İndi biz belə zəngləri digər tərəfdaşlarımızdan da alırıq”.
Maraqlı məqam ondan ibarətdir ki, baş verənlər Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın dekabrın 6-da keçirilməsi gözlənilən görüşündən əvvəl yaşanır. Ermənistanın “Joxovurd” nəşri bu baxımdan iki versiya irəli sürür: təxribat və Ermənistana çatdırılan Rusiya qazının qiyməti ilə bağlı danışıqlar öncəsi “Qazprom”u küncə sıxışdırmaq cəhdi: “Bu mübahisədə kimin haqlı olduğunu vaxt göstərəcək. Dövlət Gəlirləri Komitəsi səsləndirilmiş ittihamları sübut etməyi bacarmalıdır. Amma burada başqa məsələ diqqət çəkir: Ermənistanın Dövlət Gəlirləri Komitəsi məhz bu anda niyə bu addıma getdi? Məlum olduğu kimi, Ermənistanda təbii qazın tariflərinin azaldılması haqqında məsələ gündəmə gətirilib. Güman edilir ki, bu məsələ dekabrın 6-da Putin-Paşinyan görüşü zamanı müzakirə ediləcək. Və bu görüşdən əvvəl atılan belə bir addım Rusiya hakimiyyətinin qaz tariflərinin azaldılmasından imtinaya və təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu, danışıqlardan əvvəl təxribatdır, yoxsa “Qazprom”u küncə sıxışdırmaq cəhdidir? Bu məsələlərdə, hər halda, həddən artıq ehtiyatlılıq pis olmazdı. Rusiyanı çox da qəzəbləndirmək lazım deyil”.
Qeyd edək ki, Putin-Paşinyan görüşünün Sankt-Peterburqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti çərçivəsində keçirilməsi nəzərdə tutulub. Sammitdə KTMT-nin yeni baş katibinin kimliyinə böyük ölçüdə aydınlıq gələcək. Ermənistan KTMT-nin ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə vəzifəsindən azad edilən Ermənistanın nümayəndəsi Yuri Xaçaturovun əvəzinə başqa bir nümayəndəsinin təyin edilməsini istəsə də, bunun baş tutmayacağı artıq təşkilatın noyabrın 7-də keçirilən Astana sammitində məlum oldu. “Putinin NATO-su” adlandırılan hərbi bloka Belarusun nümayəndəsinin seçiləcəyi şübhə doğurmur. Bu, həm də Rusiyanın Ermənistana yönəlik cəza siyasətinin başalması kimi qiymətləndirilir.
Bu durumda Rusiyanın İrəvanda mövqelərini sarsıtmağa cəhd edən Ermənistan rəhbərliyi seçkilər ərəfəsində yenidən Moskvaya bağlı şəxslərə qarşı hücuma keçib. Məsələn, Ermənistanda 1 mart 2008-ci il hadisələri zamanı ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Köçəryanın yenidən həbsi gözlənir. Belə ki, Kassasiya Məhkəməsi noyabrın 15-də keçirilən iclasında Baş Prokurorluğun Apelyasiya Məhkəməsinin qərarı ilə bağlı vəsatətini qismən təmin edib. Apelyasiya Məhkəməsi keçmiş prezidentin həbsi barədə qərarı ləğv etmişdi, lakin indi bu iş təkrar baxılmaq üçün apelyasiya instansiyasına qaytarılıb. Ermənistan Baş Prokurorluğu Kassasiya Məhkəməsindən Köçəryanın həbsdən azad olunmasına dair Apelyasiya Məhkəməsinin qərarının ləğv olunmasını tələb edir. Beləliklə, prokurorluq keçmiş prezidentin yenidən həbs olunmasına nail olmaq üzrədir.
Xatırladaq ki, hələ bu ilin iyulun 27-də İrəvanın 1-ci instansiya məhkəməsi Robert Köçəryan barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi. Lakin avqustun 13-də Apelyasiya Məhkəməsi bu qərarı ləğv edərək keçmiş prezidenti həbsdən azad edib. Qərarda Konstitusiyaya görə prezidentin toxunulmazlığı prinsipi əsas gətirilmişdi. Lakin elə o vaxt bəlli oldu ki, Köçəryan Rusiyanın İrəvana təzyiqi ilə azadlığa buraxılıb. Bu xüsusda Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanı təhdid etməkdə belə çəkinməyib. İndi isə son proseslər İrəvanın yenidən Moskvaya qarşı getdyini göstərir. Digər tərəfdən, sabiq prezident Serj Sarksiyana yaxın şəxslərin də həbsinə start verilib. Serj Sarksiyana qarşı irəli sürülən yeni ittihamlar fonunda onun özünün də həbsə getməsi gözlənilir. Bütün bunlar Ermənistanda Rusiyaya bağlı şəxslərin neytrallaşdırılmasına yenidən başlandığını göstərir. Təbii ki, əvvəllər olduğu kimi, bu dəfə də Moskvanın məsələyə sərt reaksiya verməsi və hətta konkret hərəkətə keçməsi gözlənir. Bu da o deməkdir ki, Moskva-İrəvan münasibətləri təkcə iqtisadi yox, artıq siyasi müstəvidə də gərginləşir.
Tahir TAĞIYEV