Akif Nağı: “Onların ölkəmizdəki bütün şirkətlərinin fəaliyyəti dayandırılmalıdır”
Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərinə Azərbaycan tərəfi rəsmi etiraz edib. Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, bu, oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir:
"Bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış sazişlərin dilinə uyğun davranmır, o, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir".
Məlumatda vurğulanıb ki, Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır: "Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur. Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcək. Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir".
Fransanın B.Saakyanın timsalında separatçılara qıcaq açıb, onların təbliği ilə bağlı iş aparmasına hansı qiyməti vermək olar?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə bildirdi ki, Fransanın bu hərəkəti ATƏT-in Minsk Qrupu həmsədrlərinin əsl mahiyyətini açıb ortaya qoydu: “Sadəcə, əvvəllər müəyyən jestləri ilə onları ört-basdır edə bilirdilər. Hazırda isə Fransa bütün kartlarını açıb ortaya qoyub. Maraqlıdır ki, B.Saakyanın Fransaya səfəri ərəfəsində gözdən pərdə asmaq üçün onların bir nümayəndə heyəti də gəlib Cocuq Mərcanlıya səfər edib. Düzdür, biz də onlarla işləməliyik, bizim də orada tərəfdarlarımız olmalıdır. Ancaq artıq sübut olunur ki, bütün bu siyasətin başında Fransanın rəhbərliyi durur. Mən Fransa ilə bağlı bizim XİN-in mövqeyi ilə də tanış oldum. Orada çox xoşuma gələn bir cümlə oldu. Qeyd edilir ki, bütün bu hərəkətlər bizim Fransa ilə münasibətlərimizə yenidən baxılmasını tələb edir. Görünən budur ki, Fransa çalışır qondarma qurumun Ermənistana birləşdirilməsinə nail olsun. Artıq bu qənaətə gəlinir ki, bəlkə də bizə qarşı olan məkrli planların çoxu Fransada cızılıb. Buna görə də biz Fransa ilə münasibətlərimizə başqa aspektdən yanaşmalıyıq. Yeri gəlsə, diplomatik əlaqələrin kəsilməsinə qədər getməliyik. Belə məsələlərdə biz prinsipial mövqe nümayiş etdirmədikcə, onların ayaqları yer alır. Bu da pis presedent yaradır. Eynilə bu prosesdən sabah başqa ölkələr də yararlana bilər. ABŞ-ın Los-Anceles şəhərində erməni diasporunun dəstəyi ilə küçələrdən birinə Artsax adı verdilər. Bu günlərdə məlum oldu ki, Rusiyanın Sankt-Peterburqdakı məktəblərindən biri Dağlıq Qarabağdakı məktəblərdən biri ilə telekörpü təşkil edib. Bir sözlə, erməni diasporu durmadan çalışır. Bütün bu proseslərin bir məqsədi var: qondarma qurumu təbliğ etmək. Bunun kökünü kəsmək üçün biz düzgün hədəfi vurmalıyıq. Bu da Fransadır. Həmin ölkə birmənalı şəkildə erməniləri müdafiə edir. B.Saakyanın Fransada qəbul edilməsinə etiraz əlaməti olaraq həmin ölkə ilə diplomatik əlaqələri kəsməliyik. Onların ölkəmizdəki bütün şirkətlərinin fəaliyyəti dayandırılmalıdır. Bu addımları atmasaq, heç bir irəliləyişə nail olmayacağıq”.
Məhəmmədəli QƏRİBLİ