Məhəmməd Əsədullazadə: “İndiki situasiyada bu ölkənin separatçılara qucaq açması qəbuledilməz faktdır”
“Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”. Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə bildirdiyi münasibətdə öz əksini tapıb.
XİN-in yaydığı məlumatda qeyd olunur ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən B.Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir.
Qeyd edilib ki, belə səfərlərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış sazişlərin dilinə uyğun davranmır, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir.
XİN onu da bəyan edib ki, Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur: “Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcək. Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”.
Artıq neçənci dəfədir Fransa bu cür ciddi siyasi səhvlərə yol verir. Halbuki, Fransa MDB məkanındakı digər separatçılara münasibətdə analoji mövqedən çıxış etmir. Yəni daha sərt mövqe sərgiləyir. Dağlıq Qarabağdakı qondarma separatçı rejimlə isə beynəlxalq hüquq normalarına zidd olaraq müxtəlif təmaslar qurur.
Maraqlıdır, bütün bunları ekspertlər necə dəyərləndirirlər? Bu baxımdan Azərbaycan-Fransa münasibətlərinə yenidən baxılmasını zəruri edən nədir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi artıq vasitəçilik missiyasını yerinə yetirməklə bağlı hüquqi öhdəliyi pozub. Çünki rəsmi Paris daim Ermənistanın işğalçılıq siyasətinə münasibətdə loyal mövqe ortaya qoyub. Separatizmə öz şirkətləri vasitəsilə dolayı yollarla yardım edib, investisiya yatırıb. Bu onu göstərir ki, rəsmi Parisin vasitəçilik missiyasına dur demək vaxtıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa-Azərbaycan əlaqələrinə yenidən baxmaqla bağlı bəyanatı hesab edirəm ki, tam obyektiv yanaşmadır. Çünki regionda gedən siyasi proseslər ölkəmizin lehinə cərəyan edir. Bu o deməkdir ki, ölkəmiz Ermənistanı siyasi-diplomatik və hərbi cəhətdən üstələyib. Ona görə də indiki situasiyada Fransanın separatçılara qucaq açması qəbuledilməz faktdır. Rəsmi Parisə etiraz edilməli, diplomatik danışıqlar yenidən başlamalıdır. Yeni mərhələdə iki ölkə əlaqələrinin inkişafı nəzərdən keçirilməlidir. Bu gün Fransa şirkətləri önəmli layihələrdə iştirak edir, iki ölkə arasında ticari dövriyyəsi günü-gündən inkişaf edir. Belə olan təqdirdə bu kimi proseslərdə Fransanın işğalçı Ermənistana dəstəyi yolverilməzdir. Paris Minsk Qrupundan çıxarılmalıdır”.
Vidadi ORDAHALLI