Əhəd Məmmədli: “Ortada din və erməni diasporunun təsiri kimi amillər var”
Artıq cərəyan edən hadisələr sübut edir ki, Fransa ermənipərəst siyasətindən əl çəkmək istəmir. Ənənəvi olaraq ermənipərəst siyasət yürüdən bu ölkə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesdəki vasitəçilik missiyasına da xələl gətirir. Belə bir faktın təsdiqini Fransa Prezidentinin bu yaxınlarda Azərbaycana nəzərdə tutulan səfərinin təxirə salınmasında görə bilərik.
Belə ki, Fransa Prezidenti Emmanuel Makron Frankofoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üçgünlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasında yalnız Fransanın açıq-açığına ermənipərəst siyasət yürütdüyünü biz Makronun Ermənistanın ardınca Azərbaycana səfər etməməsində də görürük. Makronun həmsədr ölkənin rəhbəri kimi balansı qorumayaraq Ermənistanın ardınca Azərbaycana səfər etməməsində erməni lobbisinin təsiri nə dərəcədə olub?
Siyasi təhlilçi Əhəd Məmmədlinin sözlərinə görə, Makronun Ermənistanın ardınca Azərbaycana səfər etməməsində erməni lobbisinin təsiri böyük olub: “Frankofoniya sammitində Ermənistana reallaşan səfər zamanı bir çoxları onun mütləq mənada Azərbaycana səfər edəcəyini deyirdi. İstəsəniz nəzərdən keçirə bilərsiniz, həmin vaxt da mən bunun mümkün olmayacağına dair fikir bildirdim. Həmin səfər indiki erməni iqtidarına Qərbin dəstəyi kimi qəbul edilməlidir. Fransa Qərbi Avropada Ermənistana ən yaxın olan ölkədir. Bu ölkədə çox güclü erməni lobbisi var. Üstəlik, Ermənistanda “məxməri inqilab” nəticəsində Qərbyönümlü qüvvələr hakimiyyətə gəlib. Yeni erməni iqtidarına indiki zamanda Qərbin dəstəyi lazımdır. Makronun Qafqazda təkcə Ermənistana səfərini, fikrimcə, bu səbəblə əlaqələndirmək olar. İkinci səbəb isə Makrona da təsir etmək gücünə malik olan erməni diasporudur. Fransa ilə dostluq həmişə Ermənistan üçün bir üstünlük olub. ATƏT həmsədrləri içində Fransanın olması işğalçı Ermənistan üçün üstünlükdür. Makronun həmin səfərini Ermənistan özünə Qərbin verdiyi dəstək kimi yozdu. Azərbaycan Qarabağ problemini öz xeyrinə həll etmək istəyirsə, bu cür vasitəçilərdən uzaq olmalıdır. Makronun Ermənistana reallaşan səfəri ilə biz münasibətləri ölçməməliyik. O hətta Ermənistanın ardınca Azərbaycana səfər etsəydi belə, biz Fransanın Azərbaycana münasibətinin dəyişdiyini görməyəcəyik. Ortada din və erməni diasporunun təsiri kimi amillər var. Makronun İrəvanda verdiyi açıqlamalar və ”soyqırım" abidəsini ziyarət etməsi faktı da onun Ermənistana hansı münasibət bəslədiyini açıq-aydın ortaya qoydu”.
Məhəmmədəli QƏRİBLİ