Fikrət Sadıqov: “Parlament seçkisi ərəfəsində Paşinyan bununla özünə reytinq qazanmaq istəyir”
KTMT sammitində uğursuzluğa məruz qalan Ermənistan və onun hazırki baş naziri Nikol Paşinyan növbəti manevrlərə start verib. Söhbət Astana fiaskosundan dərhal sonra “Qazprom” şirkətinə, daha dəqiqi, onun işğalçı ölkədəki törəmə şirkəti olan “Qazprom-Ermənistan”a qarşı ağır korrupsiya ittihamlarının irəli sürülməsindən gedir.
Erməni mətbuatının verdiyi məlumata görə, Ermənistanın Dövlət Gəlirləri Komitəsi bəyan edib ki, “Qazprom-Ermənistan” son illərdə xüsusilə böyük məbləğdə vergilərdən yayınıb. Sitat: “Kompleks vergi yoxlamaları nəticəsində müəyyən edilib ki, “Qazprom-Ermənistan"a 2016-2017-ci illərdə gəlirlərdən vergilər haqda hesabatlarda açıq-aşkar yalan məlumatlar verib. Nəticədə bir neçə milyard dram az vergi ödənilib. Şirkətin yol verdiyi sui-istifadə hallarını qaz itkisi barədə faktlar, eləcə də avtomobil qazdoldurma kompressor stansiyalarına göndərilən təbii qazın həcmi ilə bağlı müqayisəli araşdırma da sübut edir”.
Bundan əlavə, ittihamda qeyd olunur ki, şirkət boru kəmərlərinə qaz ötürülməsinin azaldılması və kəmərlərdə itkilərin süni şəkildə artırılmasında da ittiham edilir. Belə ki, 2018-ci ilin əvvəlində itkinin ölçüsü ilin ortası ilə müqayisədə 3 dəfə çox olub. Təftiş nəticələrinə görə cinayət işi başlanıb.
“Qazprom-Ermənistan”ın bu bəyanata reaksiyası isə gecikməyib. Şirkət ittihamlarla razılaşmayıb və bəyan edib ki, yoxlamalar hələ başa çatmayıb. Şirkətdən o da bildirilib ki, vergi ödənişləri ilə bağlı tədqiqatlar keyfiyyətli aparılmayıb: “Bizə bununla əlaqədar orqan tərəfindən heç bir dəlil-sübut təqdim edilməyib. Bu da fikrimizcə, absurd qənaətlərə gətirib çıxarıb”.
Onu da bildirək ki, indi Rusiyanın “mavi yanacağı”nın min kubmetri Ermənistan üçün sərhəddə 150 dollaradır. Bu da indiki dövrdə çox aşağı qiymətdir.
Maraqlıdır, məlum məhkəmə çəkişməsinin fonunda, Rusiya-Ermənistan münasibətlərini nə gözləyir?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, İrəvanın məlum addımı Rusiya-Ermənistan münasibətləri üçün yaxşı perspektiv vəd etmir: “Onsuz da neçə vaxtdır Ermənistanla Rusiya arasında münasibətlər gərgin formata keçib. Çünki Paşinyan çabalayır, eyni zamanda, Qərbmeyilli addımlar atır. Qərb ölkələri ilə yaxınlaşmaq istəyir, Avropa İttifaqına böyük vədlər verir. Bütün bunlar təbii ki, Rusiyanı qıcıqlandıran amillərdir. Digər tərəfdən, Ermənistanda Rusiyapərəst bəzi siyasilərə qarşı atılan addımlar da Kremlin diqqətindən yayınmır. Faktiki olaraq Paşinyan neçə vaxtdır buna başlayıb. Bir müddət əvvəl sabiq prezident Robert Köçəryan həbs edildi və daha sonra buraxıldı. Yuri Xaçaturov ətrafında gedən prosesləri və digərlərini də göstərmək olar. Aydın məsələdir ki, Köçəryan və digərləri cinayətkardırlar. Ancaq Paşinyan onları bu səbəblərə görə sıxışdırmır. Sadəcə olaraq qisas məqsədilə bütün bunları edir. Məsələ ondadır ki, vaxtilə Köçəryan rejimi 2008-ci ilin mart hadisələrinə görə Paşinyanı həbsə atıb. Ona görə də Paşinyan qisas alır. Digər tərəfdən, parlament seçkisi ərəfəsində Paşinyan bununla özünə reytinq qazanmaq istəyir. “Qazprom”la bağlı gedən proseslər də bununla bağlıdır. Çünki o, meydanlarda söz vermişdi ki, korrupsiya ilə mübarizə aparacaq və s. O üzdən, buna parlament seçkiləri ərəfəsində start verib. Bununla həm də Qərbə özünü göstərir ki, guya nəsə edir. İstənilən halda, İrəvanın “Qazprom”la bağlı ağır korrupsiya ittihamları Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcək”.
Vidadi ORDAHALLI