Qasım Hacıyev: “Düşünürəm ki, bu ölkə Minsk Qrupunun həmsədrlərindən biri kimi öz məsuliyyətini dərk etməli və erməni lobbisinin mövqeyini dəstəkləməməlidir”
“ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın dünyanın gözü qarşısında sərgilədiyi ermənipərəst mövqe bu ölkənin özündə də mənfi qarşılanır.
Fransa bir neçə tərəfdən Azərbaycanın maraqlarına qarşı çıxır. Gah Fransa rəsmiləri Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərlər edir, gah da qondarma rejimin “rəhbəri”, “rəsmiləri” Fransaya gedirlər. Bu hala son qoyulmalıdır ki, dünya Fransanın Dağlıq Qarabağ probleminin həllində tərəfsiz olduğuna inana bilsin. Fransa sözdə “tərəfsizəm” deyir, ancaq əməldə tərəfkeşlik sərgiləyir”.
Bunu “Bakı-Xəbər”ə Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini, senator Natali Qulenin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri”nin Fransaya qanunsuz səfərinə dair açıqlamasına münasibət bildirərkən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev deyib.
N.Qulenin “Parisin Bakıya ədalətsiz münasibəti Fransada güclü erməni lobbisinin olması ilə bağlıdır” fikrini şərh edən Q.Hacıyev hesab edir ki, Fransa hökuməti özü ermənilərin güclənməsində maraqlıdır. Erməniləri özlərinin “kiçik bacıları” adlandıran fransızların ermənipərəst mövqe sərgiləməsinin səbəblərindən biri də bununla bağlıdır. “Bu gün erməni lobbisi Amerikada, Fransa da daxil olmaqla bütün Avropa ölkələrində kifayət qədər aktiv fəaliyyət göstərir. Fransada isə onların fəaliyyəti daha güclüdür. Erməni lobbisi müxtəlif vasitələrlə Fransa rəsmilərini, senatorlarını və s. ələ alır və onların Azərbaycanın işğal altında olan torpaqlarına səfərini təşkil edir. Bu gün Fransada fəaliyyət göstərən və az qala mütəşəkkil cinayətkar dəstə funksiyasını yerinə yetirən erməni lobbisi Fransanın, rəsmi Parisin Azərbaycana ədalətsiz mövqe sərgiləməsinə çalışır və təəssüf ki, buna nail olur. Fransadakı erməni lobbisi müxtəlif yollarla bu ölkənin rəsmilərinə təsir göstərir və onlar da rəsmi Bakıya, Azərbaycana münasibətdə ədalətsiz mövqe tuturlar. Düşünürəm ki, bu ölkə Minsk Qrupunun həmsədrlərindən biri kimi öz məsuliyyətini dərk etməli və erməni lobbisinin mövqeyini dəstəkləməməlidir.
İradə SARIYEVA