“Bütün bunlar Fransanın Minsk Qrupunun həmsədr ölkəsi kimi neytrallıq imicini darmadağın edir”
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın başının dəstəsi ilə Fransaya səfər etməsi ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olan bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasına uyğun olmadığını göstərdi. Bu fakt Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılması məsələsini gündəmə gətirir. Çünki münaqişənin həlli missiyasını öz üzərinə götürən ölkələrdən biri olan Fransanın Azərbaycan torpaqlarındakı separatçıları sərhəddən buraxması və onun rəsmi şəxs kimi qəbul edilməsinə şərait yaratması beynəlxalq hüquqa ziddir.
Bununla yanaşı, Fransa şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında “qardaşlaşma” sazişləri imzalayır. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbir görülmür. 10-dan artıq Fransa şəhəri bu kimi qanunsuz və ilk növbədə Fransa qanunlarını pozan sənədə imza atıb. Parisin qərəzli və qeyri-obyektiv tərəf olduğu nəzərə alınaraq, Fransa Minsk Qrupunun həmsədrliyindən çıxarılmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. O zaman Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə öhdəlik götürmüşdü.
Bütün bu sadalananlar Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədrliyinə xitam verilməsi üçün əsas sayıla bilərmi?
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, bəli, əsas verir: “Azərbaycan münaqişə tərəfi olan ölkə kimi Fransanın vasitəçilik missiyasından imtina etmək hüququna malikdir. Necə ki, məsələn, Ermənistan Türkiyənin vasitəçilər sırasına daxil olmasına razılıq vermir. Təbii ki, Bako Saakyanın səfəri bütün beynəlxalq hüquq normalarına, Avropa Birliyinin özünün norma və prinsiplərinə hörmətsizlik olmaqla yanaşı, həm Fransa-Azərbaycan ikitərəfli münasibətlərinə, həm onun BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi statusuna, ən əsası isə, Minsk Qrupunun həmsədr ölkəsi olaraq öz üzərinə götürdüyü öhdəliklərə ziddir. Biz Bako Saakyanın səfərinin mahiyyətinə, onun orada kimlərlə görüşməsinə diqqət yetirsək görərik ki, onun səfərinin məqsədi, ehtimal ki, Ermənistandakı siyasi vəziyyət və seçkilərlə bağlıdır. Fransadakı erməni diasporu indiyədək Saakyanın qondarma rejiminə milyonlarla pul verib. Ehtimal ki, Paşinyanın hakimiyyətə gəlməsində böyük rolu olan Fransa erməni diasporu ondan "Qarabağ klanı" na yox, Paşinyana dəstək verilməsini tələb edir”.
Nəzakət Məmmədovanın sözlərinə görə, Fransa prezidenti Makronun Frankofoniya adı altında keçirilən tədbirdə Ermənistana gələrək Paşinyana dəstək verməsi oradakı erməni diasporasını da hərəkətə gətirib:”Fransa son dövrlərdə Cənubi Qafqazda nüfuz savaşında xeyli fəallaşıb. Gürcüstanda seçkilərdə də Rusiyaya bağlı İvanişvilinin partiyasının Fransa vətəndaşı olmuş Salome Zurabiaşvilinin namizədliyini dəstəkləməsi onu deməyə əsas verir ki, Fransa-Rusiya ittifaqı Cənubi Qafqazda ABŞ-a qarşı birləşib. Bu baxımdan iki Cənubi Qafqaz ölkəsi - Gürcüstan və Ermənistanda Fransa və Rusiyanın razılaşaraq hakimiyyətə öz yaxın adamlarını - Zurabişvili və Paşinyanı gətirmək istəməsi müşahidə olunur.
Biz Bako Saakyanın görüş proqramına diqqət yetirsək, onun erməni diasporu, o cümlədən Daşnaksütyun üzvləri ilə görüşdüyünü də bilirik. Daşnaksütyun isə rusiyayönümlü hakim Respublika Partiyası ilə parlamentdə ittifaqda olub. Deməli, Bako Saakyandan tələb oluna bilər ki, "Qarabağ klanı"na deyil, Paşinyana dəstək versin. Eyni zamanda, Saakyana və separatçı Qarabağ ermənilərinə bunun qarşılığında dəstəyin davam etdirilməsi vəd oluna bilər. Ermənistanın Fransaya yeni təyin olunmuş səfirinin Saakyanı müşayiət etməsi, Saakyanın Ermənistan pasportu ilə Şengen zonasına daxil olan ölkəyə səyahəti onu göstərir ki, bu səfər Ermənistan hakimiyyəti, Paşinyan tərəfindən dəstəklənir.
Saakyanın hazırkı səfərinin daha çox Ermənistandakı siyasi proseslərlə bağlı olduğunu düsünmək olar, nəinki Qarabağ məsələsi ilə bağlı. Şübhəsiz, Qarabağ məsələsi ilə bağlı geniş müzakirələr aparılmamış olmaz. Lakin hazırda həm xaricdəki erməni diasporunu, həm Ermənistandakı erməniləri düsündürən məsələ hakimiyyət məsələsidir. Qarabağ məsələsini isə onlar seçkilərdən sonra yenidən gündəmə gətirməyi düşünür, vaxt qazanmağa çalışırlar. Bütün bunlar Fransanın Minsk Qrupunun həmsədr ölkəsi kimi neytrallıq imicini darmadağın edir”.
Məhəmmədəli QƏRİBLİ